BİZNES

Sahibkarlar Almaniyaya niyə gedəcək?
14 YANVAR
160

Sahibkarlar Almaniyaya niyə gedəcək?

2019-01-14 13:24:00

Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2019-cu ildə də sahibkar və menecerlər Almaniyada təcrübə keçəcəklər. Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumata görə, proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyanın tədris mərkəzlərində ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr qururlar. Almaniya-Azərbaycan birgə Proqramına əsasən, 16 sahibkar və menecerdən ibarət ilk qrup 25 mart – 19 aprel 2019-cu il tarixlərində Almaniyanın Hamburq şəhərində yerləşən “Beynəlxalq Akademiya” Tədris Mərkəzində təlim və istehsal müəssisələrində təcrübə keçəcək. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində qrup üzvlərinin səfərə hazırlığı, onların məlumatlandırılması məqsədilə görüş keçirilib. Tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Nadir Adilov və qurumun digər əməkdaşları sahibkarların nəzəri biliklərinin artırılması, müasir idarəetmə təcrübəsinə yiyələnməsi, peşə-hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib, sahibkar və menecerlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə indiyə qədər 379 sahibkar və menecer sözügedən proqram çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264