BİZNES

Azərbaycan biznesinin inkişafına dəstək üçün yeni əməkdaşlıq başlayır
20 DEKABR 2018
197

Azərbaycan biznesinin inkişafına dəstək üçün yeni əməkdaşlıq başlayır

2018-12-20 13:41:00

Bu gün BP Azərbaycanda əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları adından yerli bizneslərin inkişafına dəstək verilməsi istiqamətində əməkdaşlıq imkanlarını birgə araşdırmaq üçün Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə anlaşma memorandumu imzalayıb. Fins.az xəbər verir ki, anlaşma memorandumu çərçivəsində bu iki tərəf birlikdə yerli biznesin inkişafına dəstək olmaq məqsədilə potensial əməkdaşlıq istiqamətlərini və sahələrini qiymətləndirmək üzərində işləyəcək.

İmzalama mərasimində "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, BP tərəfdaşları ilə birlikdə on ildən artıqdır ki, yerli biznesin inkişafına yönəlmiş təşəbbüslərə dəstək verir. "Bu, bizim Azərbaycandakı sosial sərmayə strategiyamızda prioritet sahədir və bundan sonra da prioritet qalmağa davam edəcək".

Vitse-prezident xatırladıb ki, “BP-Azerbaijan” və tərəfdaşları yerli sahibkarlığın inkişafına dəstək olmaq üçün 2007-ci ildən etibarən iri sosial sərmayə proqramı həyata keçirir, “Sahibkarlığın İnkişafı Proqramı” adlanan bu təşəbbüs milyonlarla dollar dəyəri olan layihədir. Onun sözlərinə görə, bu günədək tərəfdaşlarla birgə bu proqram vasitəsilə təxminən 2 min kiçik və orta bizneslərin inkişafına dəstək verməklə 6,5 mln. dollar məbləğində investisiya qoyulub. “Bunlar arasında 2007-2017-ci illər ərzində 218 yerli şirkət bütün proqramı tamamlayıb”.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, kiçik və orta sahibkarlıq sektorunun inkişafını təşviq etmək və ona dəstək olmaq məqsədilə yerli və xarici özəl şirkətlərlə əməkdaşlıq KOBİA üçün prioritet sahələrdən biridir. “KOBİA biznes sektorunda fəaliyyət göstərən şirkətlər üçün biznes mühitinin yaxşılaşdırılmasına dair öhdəlik götürüb. Biz inanırıq ki, bu sektorun inkişafı Azərbaycan iqtisadiyyatına töhfə verəcək.Bu gün imzalanan memorandumun Azərbaycanda kiçik və orta biznes sektorunun inkişafı üzrə platformanı gücləndirəcəyinə əminik”.

Qeyd edək ki, 2017-ci ilin sonunadək BP “Sahibkarlığın İnkişafı Proqramı”nda iştirak edən şirkətlərlə ümumi dəyəri 538 mln. dollar olan müqavilələr imzalayıb. Bu il 24 yerli şirkət BP və tərəfdaşlarının maliyyələşdirdiyi proqram çərçivəsindəki təlimləri başa vuracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266