BİZNES

Borca görə silinməsi nəzərdə tutulan vəsait sahibkarın öz hesabında saxlanılacaq
19 DEKABR 2018
114

Borca görə silinməsi nəzərdə tutulan vəsait sahibkarın öz hesabında saxlanılacaq

2018-12-19 14:06:00

Fins.az-ın "Vergilər" qəzetinə istinadən verdiyi məlumta görə, borca görə silinməsi nəzərdə tutulan vəsait yekun qərar çıxarılanadək depozit şəklində sahibkarın öz hesabında saxlanılacaq. Azərbaycanda həyata keçirilən islahatların prioritetləri arasında sahibkarlığın inkişafının dəstəklənməsi və vergi sistemində apelyasiya institutunun səmərəliliyinin artırılması xüsusi yer tutur. Bu məqsədlərə nail olmağın üsul və vasitələrindən biri də vergi ödəyicisinin bank hesabından hər hansı borca görə vəsaitin silinməsinə verilmiş sərəncamın icrası qaydalarının təkmilləşdirilməsidir. Vergi sistemində aparılan islahatlar çərçivəsində bu istiqamətdə də müvafiq addımlar atılır. Vergi Məcəlləsinin 65-ci maddəsinə edilən dəyişikliyə əsasən, vergi ödəyicisinin bank hesabından hər hansı borca görə vəsaitin silinməsinə verilmiş sərəncamın icrası ödəyicinin müvafiq icra hakimiyyəti orqanına, yəni Vergilər Nazirliyinə 30 təqvim günü müddətində inzibati qaydada şikayət verdiyi halda dayandırılır.

Əvvəllər Vergi Məcəlləsinə və vergi borclarının alınmasına dair qaydalara əsasən, vergi ödəyicisi bildirişi aldıqdan 30 təqvim günü ərzində məhkəməyə müraciət etdiyi halda, onun bank hesabındakı vəsaitlərinə qoyulmuş sərəncamın icrası dayandırılırdı. İndiki halda isə vergi ödəyicisi Vergilər Nazirliyinə inzibati qaydada şikayət verdiyi halda da sərəncamın icrası dayandırılacaq və bu şikayət üzrə qəbul edilmiş qərara uyğun olaraq müraciət təmin ediləcək. Bunun nəticəsində vergi ödəyicisinin məhkəməyə müraciət etməsinə lüzum qalmır, onun inzibati qaydada şikayəti bank hesabından pul vəsaitinin silinməməsi üçün yetərli olur.

Dəyişikliyin məqsədi sahibkarların hüquqlarının genişləndirilməsi, vergi qərarlarının inzibati qaydada mübahisələndirilməsi zamanı sahibkarın pul vəsaitlərinin toxunulmazlığının təmin edilməsi, apelyasiya institutunun səmərəliliyinin artırılmasıdır. Bu dəyişiklik nəticəsində vergi ödəyicisi əlavə hüquq əldə etmiş olur. Dəyişiklik bütün vergi ödəyicilərinə ünvanlanıb. Dəyişiklik müddət məhdudiyyəti nəzərdə tutmadığından, təsirləri uzunmüddətli qiymətləndirilə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257