BİZNES

Neft Emalı Zavodunun təmirə dayandığı müddətdə idxal etdiyi Aİ-92 benzininin miqdarı açıqlanıb
20 NOYABR
193

Neft Emalı Zavodunun təmirə dayandığı müddətdə idxal etdiyi Aİ-92 benzininin miqdarı açıqlanıb

2018-11-20 13:52:00

Fins.az-ın məlumatına görə  Azərbaycan Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Azərbaycan Dövlət Neft Şirkətinin  Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu planlaşdırılmış illik təmirə dayandığı müddət ərzində 70 min ton Aİ-92 markalı benzin idxal etdiyini bildirib. SOCAR rəsmisi qeyd edib ki, bu həcmin 40 min tonu Rusiyadan idxal edilib: “30 min ton Aİ-92 markalı benzin isə Avropadan Kulevi terminalı vasitəsilə ölkəyə gətirilib”. İ.Əhmədov bildirib ki, zavodda artıq planlaşdırılmış təmir işləri yekunlaşıb və bütün qurğular işə salınıb. O, zavodun modernizasiya və yenidənqurma layihəsindən də danışaraq qeyd edib ki, artıq yaxın zamanlarda yeni Bitum Qurğusu  istifadəyə veriləcək: “Artıq bu qurğunun da açılışına hazırlıq işləri görülür”. Qeyd edək ki, bu ilin oktyabrın əvvəlində Heydər Əliyev adına Neft Emalı Zavodu planlaşdırılmış illik təmirə dayandırılmışdı. Prosedurlara uyğun olaraq ildə bir dəfə bütün neft emalı zavodlarında sazlama işləri aparılır. Həmçinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda da hər il qrafik üzrə bu sazlama işləri həyata keçirilib.Bildirək ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya və yenidənqurma layihəsinə 2015-ci ildən başlanılıb.

NEZ-də yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulub:

I mərhələ üzrə 2018-ci ilin sentyabr ayında yeni bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi;

II mərhələdə 2020-ci ilin sonunadək “Euro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası;

Son mərhələdə isə 2021-ci ildə “Euro-5” keyfiyyət standartına cavab verən Ai-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və yenidən qurulması işlərinin aparılması.Aparılacaq işlər nəticəsində istehsal olunan benzin və dizel yanacağının keyfiyyət göstəriciləri “Euro-5” standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda Ai-92/95/98 benzin markalarının istehsalı təmin ediləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256