BİZNES

İnsanlar XƏBƏRSİZ necə reklam daşıyıcısı olurlar? - FAKTLAR
25 OKTYABR
132

İnsanlar XƏBƏRSİZ necə reklam daşıyıcısı olurlar? - FAKTLAR

2018-10-25 13:20:00

Müasir geyimlərin üzərində müxtəlif şəkil, yazı, reklam olur. İnsan bununla özü də bilmədən hansısa şirkətin reklam və ya təbliğatının daşıyıcısına çevrilir.

Fins.az bu məsələyə ekspertlərin münasibətini təqdim edir.

Marketoloq Yusif Vəliyev fikrinə görə, Şərq ölkələrində geyim seçiminə təsir edən əsas amil status qazanmaqdır:

Marketoloq Yusif Vəliyev

Şərq insanı daha çox yüksək görünməyə çalışır, üstündə nə yazıldığını bilmədiyi geyimi geyinir. Amma Qərbdə insanlar brend anlayışını daha yaxşı qavrayır. Məsələn, Avropada ancaq müəyyən bir brenddən, müəyyən bir markadan istifadə edən, həmin brendin bütün mənalarını bilən, onun daimi müştərisi olan insanlar var. Şərq ölkələrində isə bir insanın bir ildə müxtəlif brend mal geyindiyini görə bilərik.

Geyim üzrə rəssam Mehriban Əfəndi bildirib ki, dəb bütün dünyada bir reklam növü kimi öz təsirini göstərir: “Hər insan istəyir ki, dəbdə olan və brend geyinsin. Adam var, yalnız brend geyim alır. Buna səbəb çox zaman özünü göstərmə istəyidir. Brend o demək deyil ki, bu, insana mütləq yaraşır. Bəzən geyimin üzərində gülməli yazılar olur və insan özü də bilmədən bunu geyinir. İnsan nə geyindiyini bilməlidir. Hər kəs düşünməlidir ki, geyimin ətrafa böyük təsiri var. Mən sevirəm ki, geyimimin üzərində insanların əhvalına xoş təsir edən yazılar olsun”. 

Psixoloq Şahin Əliyev hesab edir ki, insan doğulandan onun davranışı özünütəsdiqə yönəlib:

Psixoloq Şahin Əliyev

Göstərdiyimiz davranış nümunəsi alqışlanırsa, o bizim davranış formamıza keçir. İlk öncə ailədə, sonra bağça, məktəb və iş yerində biz ərafa görə öz davranışımızı sərgiləyirik. Yəni daim insanlardan təsdiq almaqla davranışı inkişaf edirik. Hazırki marketinq və iri şirkətlər insanların bu psixologiyasından istifadə edirlər. Əvvəl geyim alarkən daha çox dözümlülüyünə diqqət edilirdi, nəinki görünüşünə. İndi isə dözümlülük yox, geyimin zahiri görünüşü ön plandadır. Çünki bizim özümüzü təsdiq formamız daha çox geyimlədir. İnsanlarda təsdiq forması iki cürdür: intellektual və libidinal yolla. İntellektual yolla təsdiq odur ki, tutalım bir nəfər mütaliə və ya elmi işlə məşğuldur, həmin elmi iş bir mötəbər tədbirdə nümayiş etdirilir və orda onun adı səslənilir. Həmin şəxs öz gördüyü işlə tanınır, bu iş onun şəxsiyyətini təsdiq edir. Libidinal yolla təsdiqə dəbli geyim, markalarla təsdiq daxildir. Bütün bunlar özünütəsdiqin bir formasıdır.

©Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258