BİZNES

Azərbaycanda vergi xəbərçiləri olacaqmı? – ARAŞDIRMA
22 OKTYABR
193

Azərbaycanda vergi xəbərçiləri olacaqmı? – ARAŞDIRMA

2018-10-22 13:45:00
Son vaxtlar Azərbaycanda vergi nəzarətinin güclənməsi biznes strukturların vergidən yayınmasını çətinləşdirib. Eyni zamanda şirkətlər arasında rəqabətin artmasına səbəb olub. Fins.az xəbər verir ki, artıq biznes qurumları və iş adamları istənilən məsələdə rəqibdən geri qalmamağa, daha yaxşı şərtlərlə işləməyə çalışarlar.

Bəzi ekspertlər hesab edir  ki, şirkətlər arasında rəqabətin yeni sahəsi vergi ödənişləri və vergidən yayınmanın çətinləşməsi ilə bağlı olacaq. Söhbət nədən gedir?
 
Rəqibiniz vergidən yayınıb qabağa düşürsə…
 
Hesab edin ki, sahibkarın özü və ya sahib olduğu şirkət bütün qanuni öhdəliklərini, o cümlədən vergi ödənişlərini qanuni surətdə tam şəkildə yerinə yetirir. Ona rəqib şirkət isə müxtəlif üsullarla vergidən yayınır və bunnula da ən azı göstərilən xidmətin maya dəyərində üstünlük əldə edir. Belə vəziyyətdə rəqabəti qorumaq üçün nə etməlidir? Hələlk Azərbaycanda bunun resepti tapılmasa da, dünyanın inkişaf etmiş ölkələrində geniş yayılmış üsullardan biri olan «Whistleblow» - vergi məlumatdandırmasından istifadə edilir.

Eləcə də bax:Azərbaycandan külli miqdarda dollar çıxarmaq istədilər
 
«Whistleblow» mexanizmi nədir?
 
«Whistleblow» - hansısa şirkətin və ya sahibkarrın vergi-maliyyə pozuntuları barədə dövlət qurumlarına məlumat verilməsidir. Bu üsul dünyada vergidən yayınmaların qarşısının alınması üçün ən effektiv mexanizmlərdən biri sayılır. Burada məlumatı verən tərəf həm fərdi şəxslər, həm də şirkətlər ola bilər. ABŞ, Almaniya və digər Avropa dövlətlərinə ən geniş tətbiq olunan bu üsul zamanı məlumatı verən şəxsə pul mükafatı verilir. Məsələn ABŞ-da vergidən yayınma barədə məlumat verən şəxsə, aşkar edilən verginin 15-30 faizi həddində mükafat verilir.
Bəs Azərbaycanda «Whistleblow» mexanizminin tətbiqi mümkündürmü? Ölkə əhalisi və biznes təşkilatları buna nə dərəcədə hazırdır? 
 
«Məmurların şirkətlər haqqında da məlumat verəcəklərmi?»
 
İqtisadçı-ekspert Fəxri Ağayev FED.az-a bildirdi ki, «Whistleblow” mexanizmi, xüsusilə biznes üçün çox vacib bir məsələdir: “Verginin ödənilməməsi cinayətdir. Amma bu gün Azərbaycanda bunu tətbiq etmək çox tezdir».
Ekspert bildirir ki, belə sistemin tətbiqi vergi sahəsindəki problemlərin həlli üçün sonuncu mərhələdir. Buna qədər isə ölkənin biznes sektorunda eko-sistem dəyişməli və hər şey şəffaflaşmalıdır: «Yəni kompleks yanaşma olmalı, ümumi sistem şəffaflaşmalı və bu məsələ də sistemin vacib hissəsinə aid edilməlidir. Sahibkarların və biznesin dövlət qurumları ilə əlaqələri rəsmi şəffaf olmalıdır ki, ondan sonra sözügedən sistem tətbiq edilsin».
Ekspert əlavə edir ki, sözügedən sistemin tətbiqi zamanı ayrı-seçkilik olmamalı və hər kəsə bərabər yanaşma şamil edilməlir: «Məsələn, bu gün hər hansı yüksək çinli məmura bağlı olan şirkətə həmin mexanizm tətbiq ediləcəkmi? Onun rəqiblərinin hamısı avtomatik olaraq cəzaya cəlb ediləcək və rəqabət gücünü itirəcəklər».

Eləcə də bax: Azərbaycanda vergi ödəyicilərinin sayı açıqlanıb

 
«Onsuz da işdən çıxarılanlar şirkətin paxırlarını açırlar»
 
Digər iqtisadçı-ekspert Xəyal Məmmədxanlı isə məsələyə daha nikbin yanaşır. Onun fikrincə,  «Whistleblow” mexanizmini Azərbaycanda tətbiq etmək mümkündür: “Doğrudur, bu gün Azərbaycanda buna bənzər bir praktika var. Tutaq ki, işəgötürən şirkət öz işçisinin hüquqlarını pozanda, həmin işçi həm Vergilər Nazirliyinə, həm də Dövlət Sosial Müdafiə Fonduna müəyyən informasiyalar ötürür. Amma “Whistleblow” mexanizmi ondan ibarətdir ki, vergi intizamına ictimai nəzarət olsun. Yəni vətəndaş, təkcə işdən azad ediləndə, qisas oalmaq üçün deyil, bütün hallarda hansısa vergidən yayınma halları haqqında məlumat alanda o barədə müvafiq orqanlara xəbər versin».
 
Yol polisinə xəbər verirlər, bəs vergiyə necə, deyəcəklərmi?
 
Bununla yanaşı, X.Məmmədxanlı bildirir ki, adıçəkilən mexanizminin Azərbaycanda tətbiqindən öncə vergi sistemində ciddi islahatlar aparılmalıdır: «Əvvəlcə bütün vergi sistemi tam şəffaflaşmalıdır və bu, dövlət səviyyəsində baş verməlidir. Ondan sonra ictimai məlumatlandırma mexanizminə keçid ola bilər». 

Ekspert deyir ki, vətəndaşlar pozuntular haqqında dövlət qurumlarına indi də məlumalar verirlər, bu daha çox yol hərəkəti qaydaları ilə bağlıdır: «Dövlət Yol Polisi orqanlarına vətəndaşlar gördükləri yol-nəqliyyat pozuntuları barədə kifayət qədər məlumatlar verirlər və belə ictimai məlumatlandırma son illər öz müsbət nəticələrini verməyə başlayıbr.  Həm sürücülər, həm vətəndaşlar dərk edir ki, qaydaları pozarlarsa barələrində müvafiq orqanlara şikayət oluna bilər».
 
Bu sistem olsa, hamı bir-birini şantaj edəcək
 
Vergi pozuntularına gəlincə isə, X.Məmmədxanlının fikrincə, Azərbaycanda bu gün nə əhali, nə də şirkət və sahibkarlar vergi xəbərçiliyi mexanizminə hazır deyil: «Çünki vergi sisteminin özü tam təkmilləşməyib. Onlar o zaman hazır ola bilərlər ki, Azərbaycanda bütün vergi ödəyiciləri üçün ideal şərait yaradılsın, fəaliyyətləri leqallaşdırılsın, vergiləri vaxtında ödəsinlər, bir sözlə, neqativ hallar minimuma ensin. Ondan sonra adıçəkilən sistemə keçid etmək olar. İndi ictimai məlumatlandırma sisteminə keçilsə, vergi şikayətlərinin çoxluğundan vergi işçiləri 1 dəqiqə vaxt tapa bilməzlər».
 
Ekspert  ”Whistleblow” sisteminin gətirəcəyi mənfi halları da xatırladır. Onun sözlərinə görə,  belə sistemin  tətbiqi şantaj, pul qarşılığında müəyyən sövdələşmələr, böhtan xarakterli məlumatların verilməsi, şirkətlər arasında rəqabətliliyin azalması və sair məsələlərə səbəb ola bilər: «Amma sadalanan risklər cinayət tərkibli məsələlərdir və bunun  qarşısına almaq üçün Azərbaycanda qanun mövcuddur. Əgər belə hallar aşkar olunarsa, cinayət məsuliyyətinə cəlb edilə bilərlər».
 
Ekspert bildirir ki, Almaniya, İsveçrə, ABŞ və sair dövlətlərdə bu sistem çox aktiv işləyir və vətəndaşlar tərəfindən ciddi ictimai nəzarət var: «Çünki bu ölkələrdə insanlar düşünür ki, yayınan vergi onun özünün və övladının sosial müdafiəsinə, təhsilinə, tibbi xidmətinə ciddi təsir göstərəcək. Anlayırlar ki, yığılan vergi vətəndaşa qayıdır.  Amma Azərbaycanda  insanların böyük qismi verginin onlara qayıdacağına inanmır». 
 
«Şəxsən mən xəbər vermərəm, hətta rəqibim vergidən yayınsa da…»
 
Azərbaycanda maliyyə və vergi pozuntuları barədə xəbər verənə pul mükfatının verilməsini Məmmədxanlı, hələ ki, məqbul hesab etmir: «Çünki cəmiyyətdə pul ilə  mükafatlandırma birmənalı qarşılanmayacaq. Amma sistem oturuşandan, islahatlar aparılandan, vergi intizami 95-98 faizə yaxınlaşandan sonra mükafat məsələsinə qayıtmaq olar. İndidənsə, bunun hansı həddə ola biləcəyini demək tezdir. Bu məsələ vergi orqani üçün üstünlük yarada bilər, amma həmin şəxsin özü sonardan təqib və qınaqlara məruz qala bilər. Ona görə də ilk öncə məlumatları verən şəxsin təhlükəsizliyinin qorunması, prosesdən kənarda tutulması və ya araşdırmalar zaman şahid qismində iştirak etməsi məsələləri  aydınlaşmalıdır».
«Kiminsə vergidən yayındığını görsəniz bu bəradə məlumat verərsinizmi?» sualına X.Məmmədxanlı belə cavab verdi: «Bu gün xəbər vermərəm. Çünki mən bilirəm ki, bu gün sahibkarların vergidən yayınmasına əsaslı səbəbləri var, hətta bəzi hallarda məcbur edirlər. Amma ideal vergi sistemi, ideal qanunvericilik, ideal ictimai nəzarət sistemi olarsa, belə pozuntular haqqında məlumat verərəm. İndi isə hətta mənimlə rəqib şirkət olsa belə yenə də onun vergidən yayınması barədə şikayət etmərəm, özünə xəbərdaqlıq edərəm». 
 
«Heç kim bu yolla pul qazanmaq istəməz, amma xəbər verənlər var»
 
Azərbaycanda «Whistleblow» mexanizmi tətbiq edilsə də, milli mentalitet bu sistemin işləməsinə imkan verməyəcək. Bu barədə FED.az-a vergi eksperti Vəli Əliyev bildirib. Onun sözlərinə görə, hətta mükafatlandırma sistem idə insanları başqalarının mənfi əməlləri barədə məlumat verməyə həvəsləndirməyəcək: «Baxın, indi kredit götürüb, onu qaytara bilməyənlərin əmlakı əlindən alınanda və hərraca çıxcarılanda onu heç kim almır ki, «bu yaxşı deyil». Ona görə də kiminsə pul mükafatına görə, başqasının vergidən yayınması haqqında məlumatı dövlətə verəcəyini inandırıcı saymıram. Heç kim bu yolla pul qazanmaq istəməz».
Hərçənd V.Əliyev bildirir ki, bəzi rəqib şirkətlərin qarşı tərəfin vergidən yayındığını hiss etdikdə, rəqabətdə uduzmamaq üçün vergi və digər orqanlara xəbər  verdiyi hallar var: «Bunlar adətən marketlər, kiçik və orta xidmət müəssisələri olur, amma bu hal kütləvi deyil».
 
Azərbaycanda vergi xəbərçiliyi tətbiq edilə bilər
 
Qeyd edək ki, «Whistleblow» mexanizminin tətbiqi 2 il əvvəl Azərbaycanda da müzakirə edilib. 2016-ci ildə Azərbaycan prezidentinin vergi sahəsində islahatların aparılması ilə bağlı imzaladığı  sərəncamda dünyada da geniş yayılan ictimai məlumatlandırma («Whistleblow») mexanizminin hazırlanması nəzərdə tutulurdu.  Bu məsələ həmin sərəncamın icrası ilə bağlı Vergilər Nazirliyinin Tədbirlər Planına da daxil edilmişdi.
Qeyd edək ki, sözügedən sistemin tətbiqi ilə əlaqədar ilk öncə qanun layihəsi hazırlanmalıdır. Belə bir layihə üzərində işin gedib-getmədiyinə gəlincə, Vergilər Nazirliyindən FED.az-a bildirdilər ki, hələlik bu məsələ açıq qalıb.
Nazirliyin mətbuat xidmətini rəhbəri Şahin Məmmədov qeyd edir ki, iqtisadi islahaların istiqamətləri ilə bağlı prezident sərəncamında belə bir mexanizmin yaradılması nəzərdə tutulub, amma mexanizmin nə zaman hazır olacağı ilə bağlı müddət göstərilməyib: “Ona görə dəqiq bir söz deyə biımərəm”.
 
«Başqalarının vergilən yayınması haqqında məlumat verirlər»
 
Amma hətta «Whistleblow» sistemindəki kimi mükafatlandırma olmasa da, hazırda hansısa şirkətin və ya sahibkarın vergidən yayınması ilə bağlı Vergilər Nazirliyinə məlumatar daxil olur. Belə şikayətlər adətən 195 çağrı mərkəzinə gəlir: «Məsələn, mənzilərin, obyektlərin kirayəsi və icarəsi ilə bağlı şikayətlər çox olur ki, burada vergidən yayınma halları var. Bizim tərəfdən araşdırma aparılır. Amma belə müraciətlər daha çox fərdlər tərəfindən olur, xüsusu bir kampaniyalar tərəfindən deyil. Çünki 195 Çağrı mərkəzi anonim adları deyil, konkret ad və soyad üzrə müraciətləri qəbul edir. Amma kimlərsə vergi yayınmaları ilə bağlı məlumat vermək istəyirsə, bunun üçün  qanunvericiliklə heç bir məhdudiyyət yoxdur».

FED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250