BİZNES

Yeni şirkətlər yaradılıb
16 OKTYABR
144

Yeni şirkətlər yaradılıb

2018-10-16 15:29:00

1 oktyabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatların sayı 127 221 ədəd olub. Qeyd edək ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 10% və ya 11 570 ədəd azdır.

Fins.az Dövlət Statistika Komitəsinin açıqladığı hesabata istinadən xəbər verir ki, bu müəssisə və təşkilatların 10 490 ədədi dövlət mülkiyyətli, 1 706 ədədi bələdiyyə mümülkiyyətli,115 025 ədədi isə xüsusi mülkiyyətli müəssisələrdir. Ötən ilin eyni dövrü ilə müqayisədə isə dövlət müəssisələrinin sayında azalma müşahidə olunub ki, bu da 37 ədəddir. Xüsusi mülkiyyətli müəssisələr isə 1 il ərzində 11 604 ədəd artım olub.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində 9 254 yeni müəssisə və təşkilatlar yaradılıb. Yeni yaradılmış müəssisələrin 91-i dövlət, 2-si bələdiyyə, 9161-i isə xüsusi mülkiyyətli müəssisələrdir.

Sözügedən tarixə 469 müəssisə və təşkilat ləğv edilmişdir ki, onun da 60-ı dövlət, 409-u isə xüsusi mülkiyyətli müəssisələrdir.

2018-ci ilin 9 ayı üzrə göstəricilərə əsasən fəaliyyət göstərən müəssisə və təşkilatların 6,19%-i və ya 7 880-i xarici investisiyalı müəssisələrdir. Birgə müəssisələr isə 2 392 ədəd olub. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən xarici kapitallı müəssisələrin 918-i bu il yaradılmış, 52-i isə ləğv edilib. Xarici kapitallı müəssisələrin sayında isə 1 il ərzində 16,2% artım qeydə alınıb.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində ləğv edilmiş müəssisə və təşkilatların 25,2 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 13,4 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 10,2 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 7,5 faizi “Tikinti”, 6,8 faizi “Emal sənayesi” və 5,3 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Bu dövrdə yeni yaradılmış müəssisə və təşkilatların 34,3 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 25,0 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 6,7 faizi “Tikinti”, 6,4 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 5,2 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 4,6 faizi “Emal sənayesi” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində yeni yaradılmış müəssisə və təşkilatların 99,0 faizi xüsusi mülkiyyətli (o cümlədən 9,9 faizi tam xarici investisiyalı, 2,1 faizi birgə mülkiyyətli), 1,0 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258