BİZNES

İnvestisiya Fəaliyyəti haqqında yeni qanun layihəsi
15 OKTYABR
191

İnvestisiya Fəaliyyəti haqqında yeni qanun layihəsi

2018-10-15 15:10:00

Dövlətimizin başçısının rəhbərliyi ilə "Doing Business" islahatlarının Azərbaycanda yeni istiqamətləri müəyyənləşəcək.

Fins.az xəbər verir ki, bu barədə  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

İcraçı direktoru dövlətimizin başçısının tapşırığı ilə Rəqabət Məcəlləsinin hazırlandığını deyib. Bildirib ki, yaxın vaxtlarda layihəyə baxılaraq müvafiq şəkildə məruzə ediləcək. Eyni zamanda, İnvestisiya Fəaliyyəti haqqında yeni qanun layihəsi işlənilir. Rəqabət Məcəlləsi və İnvestisiya Fəaliyyəti haqqında yeni qanun layihəsi, bütövlükdə islahatların növbəti istiqaməti üçün çox mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq vergi islahatlarının dərinləşdirilməsi istiqamətində işlər aparılır, Vergi Məcəlləsinə müvafiq dəyişikliklər hazırlanır. Burada əsas məqsəd bir tərəfdən vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, digər tərəfdən isə vergi yükünün optimallaşdırılması ilə bağlıdır. Eyni zamanda, gömrük islahatlarının davam etdirilməsi, şəffaflığın, hesabatlılığın, yaxşı idarəetmənin, açıq hökumət prinsiplərinin tətbiqi nəzərdə tutulur.

“Bütövlükdə, qeyd etmək istəyirəm ki, dövlətimizin başçısının rəhbərliyi ilə "Doing Business" islahatlarının Azərbaycanda yeni istiqamətləri müəyyənləşəcək. Oktyabrın sonunda "Doing Business"in açıqlamasından sonra biz 10 indikator üzrə hansı istiqamətlərdə nə işlər görməyimizi müəyənləşdirəcəyik və bu istiqamətdə də islahatlar aparılacaq,” – deyə icraçı direktor bildirib.

Vüsal Qasımlı diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı İlham Əliyev iqtisadiyyatın rəqabətliliyinin artırılmasını xüsusilə qeyd edib. Prezident deyib: "İqtisadiyyatın rəqabətliliyinin artırılması üçün biz bundan sonra da fəal işləyəcəyik. Bildiyiniz kimi, Azərbaycanın bu sahədəki reytinqləri ən yüksək səviyyədədir. Mən bunu dəfələrlə demişəm və bir daha qürur hissi ilə deyə bilərəm ki, Davos Forumunun hesablamalarına əsasən biz iqtisadi rəqabətliliyə görə dünyada 35-ci yerdəyik. Ancaq onu da bilməliyik ki, biz daha da qabağa getməliyik. Ona görə Davos Forumunun hesabatı tam təhlil edilməlidir və təhlil edilir. Bəzi müddəalar var ki, biz orada geridə qalmışıq. Biz onlara mütləq baxmalıyıq və iqtisadiyyatın rəqabətliliyini daha da artırmalıyıq".

İslahatların bütün istiqamətlərinin dövlətimizin başçısınınm tapşırıqları əsasında çərçivə olaraq müəyyənləşdirildiyini vurğulayan Vüsal Qasımlı deyib ki, Rəqabət Məcəlləsi, İnvestisiya Fəaliyyəti haqqında yeni qanunun qəbulu, vergi islahatları, gömrük islahatları, "Doing Business" islahatları Azərbaycanda həyata keçiriləcək növbəti islahatların əsas istiqamətləri olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258