BİZNES

Sahibkarlıqla məşğul olanların diqqətinə!
09 OKTYABR
1529

Sahibkarlıqla məşğul olanların diqqətinə!

2018-10-09 11:35:00

Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında sahibkarların hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərilməsinə dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Fins.az xəbər verir ki, mərasimdə çıxış edən Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iki qurum arasında imzalanan memorandumun əhəmiyyətinə toxunaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan siyasi, iqtisadi və institusional islahatların maliyyə intizamının gücləndirilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsində dövlət orqanları və digər qurumlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

K.Əliyev hazırkı sənədin imzalanmasının istər tərəflər arasında sahibkarlığın inkişafına əngəl törədə biləcək korrupsiya hüquqpozmalarının aşkar edilməsi və araşdırılması, istərsə də başqa əməkdaşlıq istiqamətləri kontekstindən əvəzsiz rola malik olduğunu bildirib, yeni sazişin cəmiyyətin və dövlətin maraqlarına xidmət edəcəyindən əminliyini ifadə edib.

Çıxışında sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin daha da gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 8 iyul 2018-ci il tarixli iclası zamanı verdiyi göstəriş və tapşırıqları xatırladan K.Əliyev, bu mühüm sahədə tərəflərin qanunla müəyyən edilmiş tələblər səviyyəsində qurulacaq birgə fəaliyyətinin dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasına ciddi töhfə verəcəyini vurğulayıb.

Eləcə də bax: Borjomi kimə satılır?

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək, ölkədə kiçik və orta biznesin inkişafını stimullaşdıran tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması və dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması kimi mühüm komponentləri əhatə edən əlverişli hüquqi zəmin və sağlam iqtisadi mühit yaradılmasının sevindirici hal olduğunu qeyd edib.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən mütərəqqi sosial-iqtisadi və hüquqi islahatlar çərçivəsində rəhbəri olduğu qurum qarşısında olduqca mühüm vəzifələr qoyulduğunu bəyan edən O.Məmmədov agentlik tərəfindən ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, onlara müvafiq xidmətlərin göstərilməsi, habelə dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsinin və tənzimlənməsinin həyata keçirilməsi zamanı qarşıya çıxa biləcək hər növ qanun pozuntularının qarşısının alınması yönündə Baş İdarə, eləcə də digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın bu sahənin inkişafına xidmət edəcəyini vurğulamış, birgə fəaliyyət yönümlü əlaqələrin daha da genişləndirilməsi üçün bütün səylərin səfərbər ediləcəyini bildirib.

Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259