BİZNES

Azərbaycan-Qazaxıstan arasında yeni LAYİHƏLƏR
08 OKTYABR
247

Azərbaycan-Qazaxıstan arasında yeni LAYİHƏLƏR

2018-10-08 17:50:00

Azərbaycan və Qazaxıstanı ortaq tarixi köklər və ortaq mədəniyyətlə bərabər, mehriban qonşuluq münasibətlərini daha da inkişaf etdirmək səyləri birləşdirir, qarşılıqlı ticari-iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır, ölkələr arasında birgə layihələr müvəffəqiyyətlə həyata keçirilir.

Ölkələrimiz arasında münasibətlər hər zaman strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyıb.

Bakının yaxınlığında Beynəlxalq Dəniz Ticarəti Limanının yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, həmçinin Aktau limanının yenidən qurulması və yeni Kurik limanının açılması ölkələrimiz arasında əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verir. Belə ki, cari ilin birinci yarısında Azərbaycanla Qazaxıstan arasında əmtəə dövriyyəsi 116,5 milyon dollar təşkil edib. Bu, keçənilki göstəricidən 42 milyon dollar çoxdur.

Qazaxıstanda həyata keçirilən dəmiryolu layihələri və limanların genişləndirilməsi istiqamətində görülən işlər nəqliyyat sahəsində əlaqələrin güclənməsinə təkan verməklə, hər iki ölkənin beynəlxalq nəqliyyat dəhlizi kimi əhəmiyyətini artıracaq.

Ölkələrimiz TRASEKA layihəsi çərçivəsində və Böyük İpək Yolunun bərpası layihələrində yaxından əməkdaşlıq edir. Hər iki ölkənin İpək Yolu üzərində yerləşməsi nəqliyyat sahəsində əməkdaşlıq imkanlarının zamanla genişlənməsi, ticari-iqtisadi əlaqələrin möhkəmlənməsi deməkdir.

Qazaxıstan Azərbaycan üzərindən keçən Şərq-Qərb nəqliyyat dəhlizinə böyük əhəmiyyət verir, bu marşrutun inkişafı üçün Qazaxıstanda bir sıra layihələr həyata keçirilir. 2020-ci ildə Şərq-Qərb istiqaməti üzrə daşınmaların 5 dəfə artacağı nəzərdə tutulur.

Eləcə də bax:Bu biznesmen niyə həbs olunmadı?

Xüsusən enerji sahəsində qarşılıqlı fayda əsasında sıx əməkdaşlıq iki ölkənin inkişafına, xalqlarımızın rifahının yüksəlişinə xidmət edir.

Ölkələrimiz beynəlxalq qurumlarda da səmərəli əməkdaşlıq edir, ortaq mövqedən çıxış edir. Bu gün Qazaxıstan və Azərbaycan digər türkdilli dövlətlərlə birgə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında da mükəmməl platforma qurub. Qanunverici orqanlarımız da bu platformanın parlament assambleyasında səmərəli əməkdaşlıq edir. Bu platforma bütün dünyaya türk dünyasının birliyini və əzəmətini nümayiş etdirir.

Ötən il Qazaxıstan Prezidenti Nursulstan Nazabayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi isə ölkələrimizin və xalqlarımızın qardaşlığına yazılan növbəti əlamətdar hadisə kimi tarixə düşdü.

Ölkələrimiz nəqliyyat, enerji layihələri, iqtisadi inkişafla bağlı digər layihələr vasitəsilə regional əməkdaşlığı möhkəmlətmək üçün çox iş görür şirkətlərimiz arasında qarşılıqlı investisiyalar qoyulur. Azərbaycanlı sərmayədarlar Qazaxıstan bazarına maraq göstərir və bu ölkənin iqtisadiyyatına fəal sərmayə yatırırlar. Qazaxıstan azərbaycanlı investorlar üçün əlverişli bazardır. Coğrafi yaxınlıq, gündəlik bərə əlaqəsi, Qazaxıstan istiqamətində aqroreyslər, həm yükdaşımaları üçün, həm də turist və biznesmenlərin səfərləri üçün yaxşı logistika yaradır. Hazırda Qazaxıstanda Azərbaycan kapitalının iştirakı ilə fəaliyyət göstərən 700-dən çox şirkət qeydə alınıb.

Aktau dəniz limanı xüsusi iqtisadi zonasında Azərbaycan investisiyası ilə inşa edilən “Aktau istehsal və Loqistika Mərkəzi” ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin artmasında əhəmiyyətli rol oynayır.

Bu gün iki ölkə Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib və regionda vacib tranzit ölkələr rolunu oynayır. Bu ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı ölkənin dövlət başçılarının iştirakı ilə keçirilən V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Azərbaycan və Qazaxıstanın iqtisadi gücünü artıracaq.

Qarşılıqlı münasibətlərin müasir vəziyyətini və perspektivlərini qiymətləndirərək inamla demək olar ki, dövlətlərimiz arasında əlaqələr daha da genişlənəcək və möhkəmlənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256