BİZNES

Restoran biznesinin ayrı-seçkilik metodu
08 OKTYABR
287

Restoran biznesinin ayrı-seçkilik metodu

2018-10-08 16:08:00

Son zaman Bakının bəzi iaşə obyektlərində vətəndaşa qarşı gender ayrı-seçkiliyi halları müşahidə edilir.

Bakıda bəzi restoran və kafeyə daxil olan qadın və ya kişinin seçim hüququ məhdudlaşdırılır, zallar cinsə uyğun olaraq fərqləndirilir. Kişilər adətən ümumi zalda yerləşdirilir, xanımlar və ailəli kontingent isə xüsusi məkana dəvət alır. Yanında xanım olmayan kişilərin bu yerə daxil olması qadağan edilir. Bəs, insanları seçim qarşısında qoymaq nə dərəcədə düzgündür?

Fins.az xəbər verir ki, "Finans.az" mövzu ilə bağlı ekspertlərə müraciət edib.

Paytaxt restoranlarında gender ayrı-seçkiliyi ilə qarşılaşan politoloq Fərhad Mehdiyev belə halların dözülməz olduğunu bildirib:

Eləcə də bax:İsveçrə Azərbaycana dəstək verəcək

“Istehlakçı hüquqlarının qorunması haqqında qanunvericiliyə görə, hər bir restoran müştərisi, eyni zamanda istehlakçıdır, yəni cinsi ayrı-seçkilik yolverilməzdir. Bəzi restoranlarda qadınla kişi daxil olarkən içəri buraxılır, kişi tək olduğu halda buraxılmır və yaxud kişilər buraxılır, qadınlar yox. Hər bir iaşə mərkəzinin daxili davranış qaydaları var, onu pozan şəxslər haqqında müəyyən tədbir görülməlidir, ümumi olaraq hər kəsə tətbiq etmək xoşagələn hal deyil. Iaşə müəssisələrinə həmçinin dini ədavəti qızışdıracaq formada bir ayrı-seçkilik yolverilməzdir. Məsələn, restoranda asılan “Yalnız müsəlmanlar üçün xidmət göstərilir” tipli yazı dini ayrı-seçkiliyi yayan bir təbliğatdır. Amma “Biz öz müəssisəmizdə yalnız halal qida veririk” elanı müsəlman və qeyri-müsəlmanın da bu xidmətdən yararlana biləcəyinə yol verir”.

İnkişafa Doğru Qadın Təşəbbüsü İctimai Birliyinin sədri Ziba Nəbiyeva hesab edir ki, istehlakçı təklif etməli, seçim isə şəxsin istəyinə buraxılmalıdır: “Qadın və kişinin bərabər hüquqa malik olduğu cəmiyyətdə yaşayırıq, əlbəttə hər bir kəsin istirahət etmək hüququ var. Bu hüquqa əsasən, fərdlər ictimai iaşə sahələrinə gedərək istirahət növünü seçə bilərlər. İaşə sahibləri isə xidmət növündən asılı olaraq müxtəlif təkliflər edirlər. Yəni, cinsindən asılı olmayaraq hər bir fərdə kafenin, restoranın, ümumi zalı və yaxud digər zal və otaqları sadəcə təklif edilə bilər, seçim isə həmin şəxsdə olmalıdır. Daxil olduğumuz hər-hansı kafedə bizi çərçivəyə salırlarsa, bu, qəbuledilməzdir”.

Ziba Nəbiyevanın sözlərinə görə, ictimai iaşə sahibləri qanuna riayət etməli, insanlara bərabər yanaşmalı və istirahət şəraitini təmin etməlidirlər: “Cəmiyyətimizdə kifayət qədər siqaret çəkən, eyni zamanda onun tüstüsündən narahat olan, sağlamlığını düşünən insan var. Bu halda obyekt sahibləri vətəndaşlar üçün fərqli yerlər müəyyənləşdirir. Lakin ictimai ərazilərdə siqaret çəkilməsini qadağan edən qanun qüvvəyə minib, vətəndaş da bu qanuna riayət etməlidir. Düşünürəm, ölkənin istənilən kafe, restoranında qanuna əməl edilməli, hər kəsə bərabər yanaşılmalı, təklif olunmuş xidmət vətəndaşın öz seçiminə buraxılmalıdır”.

Hüquqşunas Ələsgər Məmmədlinin sözlərinə görə, istənilən iaşə və digər xidmət obyektləri hər-hansı bir formada diskriminativ xidmət göstərə bilməz: “Ümumiyyətlə, xidmət universaldır və hər kəsə eyni xidmət təqdim olunur. Söhbət eyni məkanın paylaşımından gedirsə, burada da insanları cinsinə görə fərqləndirmək olmaz. Əgər vətəndaşı istədiyi yeri təklif etmək əvəzinə əlavə məkana göndərirlərsə, bu şəxsin iradəsinin ziddinədirsə, əlbəttə bu hüquq pozuntusudur. Amma keyfiyyəti yüksəltmək üçün ayrı məkanlar təklif edilə bilər. Özünü daha rahat hiss etmək istəyən xanıma sırf qadınlar olan yerdə oturmaq istədiyi zaman obyekt işçiləri münasib yer təklif edə bilərlər. Məsələn, bir kafeyə gedirsiniz, ümumi ortamda səs sizi narahat edir və bu zaman başqa bir kabinetə yönləndirmələrini istəyirsiniz. Bu, müştərinin istəyi ilə baş verir və qarşı tərəf də xidmət təklif edir. Əks halda şəxsə seçim məhdudiyyəti qoyulursa, bu, artıq qanun pozuntusudur və yolverilməzdir. Konstitusiyanın 25-ci maddəsi hər kəsin qanun qarşısında bərabərliyini və eyni zamanda ayrı-seçkiliyə məruz qalmamağı tənzimləyir. Söhbət istehlakçılarla bağlı xidmətdən gedirsə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi istehlak bazarın nəzarət şöbəsi fəaliyyət göstərir. Sözügedən iaşə obyektləri istər lisenziya, istərsə də qeyri-lisenziya fəaliyyətinə təftiş eləmək və buna görə ayrı-seçkilik varsa, müvafiq ölçü götürmək mümkündür”.

Sosial mediada belə hallara yol verdiyi iddia edilən “İnnab”, “Zambaq” kafeləri obyekt yiyəsinin şəhərdə olmadığını əsas gətirib Finans.az-ın sorğusuna cavab verməkdən boyun qaçırıblar, “Padişah” restoranında isə belə iddianı əsassız adlandırıblar.

“Padişah” restoranının Facebook səhifəsində obyektdə baş verənləri ifadə edən müştəri narazılığı da az deyil. Gülər Həsənova adlı müştəri rastlaşdığı problemi belə ifadə edir: “3 yaşlı uşağımla kafedə oturmalı oldum. Bizi oradan sadəcə olaraq uzaqlaşdırdılar. Masada kağız, qələm vardı deyə. Biz bir qədər yazmağa qərar vermişdik. “Bizdə yazı yazmaq, özünlə dəftərxana ləvazimatı gətirmək olmaz” qaydası nə dərəcədə doğrudur? Mən axı, müştəriyəm, sifariş də etmişəm”.

Qeyd edək ki, Azərbaycan Konstitusiyanın 25-ci maddəsinin 3-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256