BİZNES

Şahmar Mövsümov SFBF-nin İdarə Heyətinə üzv seçilib
20 SENTYABR
362

Şahmar Mövsümov SFBF-nin İdarə Heyətinə üzv seçilib

2018-09-20 15:17:00

2018-ci il sentyabr ayının 18-21-də Mərakeşdə Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) onuncu illik yığıncağı keçirilir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti yığıncaqda iştirak edir. Mərakeşin “Ithmar Capital” Strateji İnvestisiya Fondunun ev sahibliyi ilə keçirilən yığıncağa SFBF-nin 31 üzvünün maliyyə və inkişaf institutlarını təmsil edən 70-dən çox nümayəndəsi qatılıb.

Yığıncaq çərçivəsində SFBF-nin İdarə Heyətinin yeni tərkibinə seçkilər keçirilib və Şahmar Mövsümov İdarə Heyətinə üzv seçilib. İdarə Heyətinin digər üzvlərinə Abu-Dabi İnvestisiya Fondunun Strategiya və planlaşdırma departamentinin icraçı direktoru Məcid Alromaiti (sədr), Alyaska Daimi Fondunun rəhbəri Angela Rodel (sədr müavini), Çin İnvestisiya Korporasiyasının prezidenti Tu Quanqşao, Sinqapurun Dövlət İnvestisiya Korporasiyasının Baş direktoru Deanna Onq daxildir.

Yığıncaq zamanı keçirilən səsvermə nəticəsində SFBF-nin 2020-ci ildə on ikinci illikyığıncağının ARDNF-nin təşkilatçılığı ilə Bakıda keçirilməsi qərara alındı.

“Dəyişən dünyada idarəçilik, investisiya və innovasiya” mövzusunda keçirilən yığıncaqda uzunmüddətli və dayanıqlı investisiya, dünyada maliyyə sabitliyi, qloballaşma dövrünün çətinlikləri və innovativ texnologiyaya investisiya yatırımı kimi mövzular müzakirə edilib, panel sessiyalar təşkil olunub.

Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmışdır və ilk rəsmi yığıncağını 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirmişdir. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255