BİZNES

Azərbaycan Çində 110 ölkədən biri oldu
17 SENTYABR
221

Azərbaycan Çində 110 ölkədən biri oldu

2018-09-17 17:25:00

Çin Milli İnkişaf və İslahatlar Komissiyasının və Çin Xarici İnkişaf Assosiasiyasının (CODA) təşkilatçılığı ilə Pekində Çin Xarici İnvestisiyalar Sərgisi keçirilib.

Fins.az xəbər verir ki, Çinin “açıq qapılar” siyasətinin 40 illiyinə və “Bir kəmər, bir yol” təşəbbüsünün 5 illiyinə həsr olunan sərgidə 110-a yaxın ölkənin dövlət və özəl qurumların, ictimai təşkilatların nümayəndələri iştirak edib.

Çin investisiyalarını cəlb etmək istəyən ölkələr üçün önəmli platformaya çevrilən və bu il 10-cu dəfə keçirilən sərgidə Azərbaycan da təmsil olunub. Ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı konfransın açılış mərasimində iştirak edib. Diplomat sərgi çərçivəsində Çinin rəsmi “Renmin Ribao” və nüfuzlu “Global Times” nəşrlərinin müxbirlərinə müsahibəsində Azərbaycanın iqtisadi inkişafından, müxtəlif sahələrdə qazanılan uğurlardan, iki ölkə arasında münasibətlərin hazırki vəziyyətindən və inkişaf perspektivlərindən, Azərbaycanın “Bir kəmər, bir yol” strategiyası üçün əhəmiyyəti və bu çərçivədə Çin ilə yeni əməkdaşlıq istiqamətlərindən, habelə ölkəmizin sərmayə mühitindən, tranzit imkanlarından və turizm potensialından danışıb.

Azərbaycanın Çindəki səfirliyinin ticarət nümayəndəliyinin hazırladığı milli stendimizdə ölkəmizin biznes və investisiya mühitinə, tranzit-logistika potensialına, o cümlədən Asiya ilə Avropa arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasına, sənaye parklarına dair əyani vəsaitlər, çap materialları nümayiş olunub. Bundan başqa, stendimizdə “Made in Azerbaijan” brendi ilə istehsal olunan ixracyönümlü məhsullar təqdim olunub.

Ticarət nümayəndəliyinin baş məsləhətçisi Natiq Xəlilov sərginin “Asiya–Avropa logistika və beynəlxalq əməkdaşlıq forum”unda çıxış edərək, ölkəmizin nəqliyyat-tranzit imkanları barədə təqdimat edib.

Prezident İlham Əliyevin Azərbaycan istehsalı olan yüksək keyfiyyətli məhsulların xaricdə tanıdılması və təbliği ilə bağlı tapşırıqlarının icrasına uyğun olaraq, sərginin rəsmi ziyafətində əsas sponsorlardan biri kimi “Qəbələ” şərabları təklif olunub. Ziyafət zamanı Çin və xaricdən olan yüksək vəzifəli dövlət nümayəndələri Azərbaycan şərablarının keyfiyyətini yüksək qiymətləndirib. Qurumun rəsmi nəşrlərində, internet və “Wechat” sosial şəbəkəsindəki səhifəsində Azərbaycan şərabları haqqında məlumatlar yerləşdirilib. Həmçinin rəsmi ziyafət zamanı Azərbaycanın Çindəki səfirliyinin ticarət nümayəndəliyi CODA tərəfindən “Ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb.

 Mənbə:Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259