BİZNES

İNFORMASİYA İNQİLABININ ATASI : GOOGLE – MARKA HEKAYƏSİ
21 AVQUST
217

İNFORMASİYA İNQİLABININ ATASI : GOOGLE – MARKA HEKAYƏSİ

2018-08-21 11:35:00

Google ilə tanış olmadan öncə bizə lazım olan məlumatları haradan əldə edirdik? Bu sualın cavabı bizi ensiklopediyalara, lüğətlərə və s. apara bilər, lakin müasir tələbləri ödəyən və istədiyimiz zaman bizim üçün əlçatan olan böyük bir şəbəkə qədər heç nə bizi informasiya bolluğuna çatdıra bilməz.

Bu gün bu mövzuda inqilab yaratmış və vərdişləri kökündən dəyişən bir marka hekayəsi ilə tanış olacayıq – Google! Bu məqalədə bütün detalları ilə birlikdə möhtəşəm bir markanın hekayəsi yer alır.

 

Google necə quruldu?

1995-ci ildə Larry Page və Sergey Brin ( daha sonra onlara “ Google Guys “ deyə müraciət edilirdi) Stanford Universitetinin yataqxanasında 5 il sonra gündə 100 milyon internet axtarışı ilə məşğul olacaq bir sistem qurmaq üçün işə başladılar. Hal-hazırda milyonlarla insanın yaşam tərzinə təsir edən şirkətlərin qaraj və yaxud yataqxana otağı kimi kiçik məkanlarda işə başlaması təsadüf ola bilərmi bilmirik, lakin bu təsadüf Google şirkətini günümüzdə 1 milyard istifadəçi ilə maraqlanan bir markaya çevirdi.  4 Sentyabr 1998-ci ildə rəsmi olaraq Google şirkətinin əsası qoyuldu. Lakin insanlar bu tarixi gördükdən sonra belə bir sual ilə qarşılaşırlar: Bəs niyə Google hər il öz il dönümünü 27 Sentyabr tarixində qeyd edir? Şirkət qurulduqdan bir neçə il sonra 27 Sentyabr 2005-ci ildə Google axtarış sistemi rekord indeksə çatmışdır. Bu göstəricidən sonra şirkət bunu bir dönüş nöqtəsi olaraq qəbul etmiş və hər il şirkətin yaranma il dönümünü bu tarixdə qeyd etməyə başlamışdır. Hər il 27 Sentyabr özünə məxsus Doodle hazırlayan Google bu şəkildə il dönümünü istifadəçilərinə xatırladır.

Google işə sadə bir axtarış motoru olaraq başladı, lakin günümüzdə Android, Picassa, Google Applications, Youtube, Google Auction kimi ağıllı telefonlarda  var olan tətbiqetmələri də özünə daxil edərək internet güc sisteminə çevrildi. Sadəcə 10 il müddətində Silikon Vadisinin ən böyük iştirakçısına çevrildi. 1990-cı illərin sonunda Altavista kimi axtarış motorlarını aradan qaldırdı. 2 ağıllı ortaq tərəfindən qurulub tanınmış bir marka halına gələndə isə bacarıqlı və təşəbbüskar ruhlu insanlardan ibarət olan komandasını qurmağa başladı. Texniki olaraq baxıldığında bacarıqlı və savadlı kompüter mühəndisləri ilə iş görüşmələri təşkil etsələr də, özləri ilə eyni təşəbbüskar ruhuna sahib olmayan insanları heç vaxt işə götürməzdilər. Hal-hazırda bütün dünyada təxminən 20.000 işçiyə sahibdirlər.

 

“ Google “ Sözünün Mənası Nədir?

“ Googol “ riyaziyyatdakı böyük rəqəmlərdən biridir. Məşhur riyaziyyatçılar 1 rəqəminə 100 sıfır əlavə edərək əldə edilən ədədə Googol adını veriblər. 2 ortaq isə bu sözün tələffüzünü daha da qısaldaraq Google sözünə çeviriblər. Eyni zamanda Google eynilə bu ədəd kimi iri bir şirkətdir.

 

Google Fəlsəfəsi Nədir?

Google öz qarşısına bu vəzifəni qoymuşdur: “ Dünyadakı informasiyaları qaydaya salaraq onları universal şəkildə asan əlda edilən və faydalı vəziyyətə gətirmək “. Bu prossesin 300 il çəkəcəyini düşünürdülər, lakin 5 ildən çox çəkmədi. İşə web sayt olaraq başladılar, amma hədəf daha yüksəklərdə idi. Google öz qurucuları üçün sözün əsl mənasında bir rabitə metodu və düşüncə sistemi idi. Başlanğıcda məqsəd; Google hər şeyi bilən bir axtarış motoruna çevrilməli idi və insanların axtardığı, maraqlandığı hər bir məlumatı onları qane edəcək bir şəkildə özündə əks etdirməli və insanlara təqdim etməli idi. Sonra isə bunu bir sistemə çevirmək qarşıda dayanan məsələlərdən biri idi.

Google əslində istifadəçilərinin axtarış məqsədinin nə olduğuna dair böyük verilənlər bazasına sahib olduğu üçün bir növ bizim ağlımızı oxuyur. Yəni bizim axtarışa verdiklərimiz əslində bizi maraqlandıran beynimizdəki suallardır və bu da beynimizə bir cihaz yerləşdirməyə bərabərdir. Şirkət bu psixologiya ilə informasiya istifadəsinin həyatımızı daha yaxşı, daha asan bir vəziyyətə gətirəcəyinə və verdiyimiz qərarların daha təsirli bir hal alacağı inamını daşıyır. Məsələn, qrip ilə əlaqədar olan axtarışlara baxılaraq ən çox nələr haqqında, hansı tezlikdə axtarış aparıldığı informasiyaları ilə bu xəstəliklərin qarşısını ala biləcək bir üsul yaradıla bilər.

 

Google Sloqanı

                                              Don’t Be Evil

Tərcüməsi: ” Pislik etmə “

Bu sloqan işçilərin və şirkətin baxış tərzinə təsir edəcək vəziyyətdə olsa və müştərilərə yaxşı niyyətlə yaxınlaşaraq qərarlar alsa belə, dünyadakı milyonlarla informasiyanı süzgəcdən keçirən və çox sayda şirkətlər ilə əməkdaşlıq edib paylaşım içərisində olan Google, fikrimizcə, o qədər də  xoşniyyətli deyil.

Hər dəfə yeni məhsul istehsal etməyə başlayanda dövlət və yaxud bir şirkət axtarış əmrini verdikdə bunun “ pislik etmə “ sloqanına uyğun olub-olmadığını düşünürdülər:

  • Bu olduqca pis bir fikirdir?
  • İnsanları xoşbəxt edəcəkmi?
  • Yoxsa faydasından çox zərər mi nümayiş etdirəcək?

Google şirkətinin istifadə və tətbiq etdiyi bu sloqanı günümüzdəki bir çox firmalar və şirkətlər də tətbiq etsə idilər, dünya olduğundan qat-qat yaxşı bir məkan olardı. Amma təbii ki, Google kimi dünya miqysında bütün dövlətlərin və şirkətlərin gözünün üstündə olduğu bir şirkətin bunu tətbiq etdiyi isə müzakirə məsələsidir. Lakin yadda saxlamaq lazımdır ki, Google mühəndisi tərəfindən yaradılan bu sloqan rəsmi deyil.

 

 

Google Şirkətinin Marka / Marketinq Strategiyası

Google ümumi məqsədlərdən başqa çox da strategiya tətbiq etmir. Məqsədi dünyadakı bütün informasiyaları bir araya gətirib qaydaya salaraq faydalı hala gətirməkdir – İnformasiya ilə dünyanı idarə etmək…

İş dünyasına web sayt olaraq atıldı və bir axtarış motoru olaraq başlanğıcda heç bir reklam almadı. Digər axtarış motorları kimi insanların diqqətini dağıdan afişaları yox idi. 2 ortaq ilk başlarda bu şəkildə reklam almamağa diqqət yetirirdilər. Yüzlərlə istifadəçiyə və informasiyalara çata bildikləri halda pul qazana bilmirdilər və bir plan da qurmamışdılar. Əgər insanları narahat edən reklamlar əvəzinə yazı məzmunlu reklamlar göstərsələr, onda həm pul qazana bilərdilər, həm də insanlara narahatlıq vermədən onlara gözəl bir təcrübə yaşada bilərdilər. İstifadəçiyə yanaşma tərzi və təcrübənin önəmli bir faktor olduğunu başa düşən Google öz fərqliliyini ortaya qoymuşdu. Və 2000-ci il Oktyabr ayında Google onlayn reklam strategiyasından istifadə edərək axtardığımız zaman qarşımıza çıxan mətn reklamları ilə bir başlanğıc etmiş oldu.

Gmail məhsulu çıxarılmadan öncə bunun bir dəlilik olduğu düşünülürdü. Ən böyük etiraz elektron poçt üzərindən pulun qazanıla bilməyəcəyi idi. Məsələn, velosiped ilə əlaqədar bir poçt aldıqdan sonra velosiped ilə əlaqədar reklamlar görəcəkdiniz. Bəzi insanlar bunun qorxunc bir fikir olduğunu düşünürdülər. 1 Aprel günü Gmail istifadəyə verildi.  Hədəf reklamları ilə artıq Google bir pul maşınına çevrilmişdi.

Google sadəcə bir axtarış motoru olaraq qalmadı, öz tətbiqetmələrini istifadəyə verdi və digər şitkətlər ilə əməkdaşlığa başladı. Youtube kimi tətbiqetmələri də öz tərkibinə qataraq həmişə gündəmdə qalmağı və texnologiya fenomeni olmağı bacardı. ( 2006-cı il 9 oktyabr YouTube 1.65 milyard dollar qarşılığında Google tərəfindən satın alınmışdır ).

Hər bir dəyişikliyə uyğunlaşmağı bacardığını göstərən nümunələrdən birinə baxsaq, Apple şirkətininin qurulmasından sonra kompüter dövrü ilə stolüstü kompüterlər artıq gündəmdə idi. Daha sonra önəmini itirdi. Google isə buna uyğun strategiyalar tətbiq etməyə başladı. Donanmasının maddi dəyərini aşağı saldı və bir sistem inşa etdi. Və bunun sayəsində uğur qazanmağa başladı.

Google özündə 4GB informasiyanı toplamışdı. Yaddaş artarkən qiymətin düşməsindən qaynaqlanaraq Google bulud hesablama adlı bir metoda əl atdı. Bu elə bizim bildiyimiz bulud sistemidir. ( Google Cloud Platform ) Günümüzdəki problem hər bir məlumatımızın kompüterdə olmasıdır. Əgər cihaz xarab olsa hər şeyimizi bir anda itirə bilərik. Bulud sistemində belə bir risk yoxdur. Hər ehtiyacınız olanda istifadə edə bilərsiniz və siz harda olsanız o da orada olacaqdır. Bulud sistemi hər şeyin rəqəmsallaşdırılması və müstəqil olması mənasını verirdi.

Bulud sisteminin avantajları ilə yanaşı bir sıra güzəştləri də var idi. Məhkəmə sorğuları zamanı bu datalar həyati önəm daşıyırdı və bulud hesablaması bu datalardan müstəqil və asan istifadə etmə şəraitini hökümət işçiləri üçün  yaradırdı. Yadınıza gəlirsə yazının əvvəlində Google şirkətinin istəsə də çox xoşniyyətli qala bilməyəcəyini demişdik.

 

 

Challange : Çində ofis açmaq

2009-cu ildə Çində internet istifadəçilərinin sayı ABŞ-ın ümumi əhali sayını geridə qoymuşdu. İnkişaf edən bir bazara sahib olmalarına rəğmən Çinin senzuralı bir höküməti var idi.

Google Çində ofis açmağı düşünürdü, lakin bunun üçün bəzi axtarış nəticələrini blok etməli idi. Güvənlik divarını kimlərin aşa biləcəyinə Çin höküməti qərar verirdi. Nəhayət ki, Çində ofis açıldı. Məqsəd Google Mountain Viewkimi bir ofis yaratamaq idi. Amma Amerika və Çin mədəniyyətinin fərqliliyi səbəbindən bu mümkün olmadı.

Çinin təzyiq doğuran qayda-qanunları

Çin edilən axtarışlar zamanı Tibetin Azadlığı, Tiananmen Meydanı Protestantları kimi mövzuların nəticələrinin Çindən kənar ölkələrə yayılmasını istəmirdi və bu mövzuda qadağalar qoyurdu. 2010-cu ilin Yanvar ayında  Google bu informasiyalara icazə verilmədiyi təqdirdə Çin ofisinin istifadəsinin dayanacağını dedilər.

2018-ci ilə gəlsək Google və Çin mübarizəsi çox da dəyişilməyib. 2010-cu ildə Çin bazarından çəkilən Google indilərdə Pekinin qadağalarını qəbul edərsə geri dönə biləcəyi və Baidu adlanan Çin brauzerinə rəqib olacağı kimi söhbətlər yayılmışdır.

 

Google və Rəqəmsal İstifadə

Google məhsullarına baxsaq hər sektorda əli olduğunu və rəqəmsallaşmanın dünyadakı zəmini olduğunu deyə bilərik.

Onlarsız bir həyat düşünə bilmədiyimiz başda Google Search, Google Chrome, Google Maps, Google Translator, Blogger, Android, Gmail, Google Doc, Google AdSense, Youtube olmaqla həm müstəqil istifadəçilər, həm də biznesləri hədəf alan rəqəmsal vasitələri ilə hər zaman gündəmdə qalan özünü inkişaf etdirən bir marka və həyatımızın bir parçası olmuşdur. Əvvəllər sadəcə oflayn reklam ( tv, qəzet və s. ) edə bilən bizneslərin artıq ölçüləbilən, analiz edilə bilən və daha çox insana çata bildikləri onlayn reklamlar hazırlaya bilməsi Google inqilabı ilə baş vermişdir ( GoogleAdwords, GoogleAdsense ).

Google mobil və videonun vacib və maraq yaradan bir sahə olduğu bir vaxtda Youtube kimi saytın vacibliyini dərk etmiş və öz tərkibinə qataraq rəqəmsaldakı nüfuzunu və datasını artırmışdır.

Rəqəmsal vasitələri ilə 100-dən çox tətbiqetməyə sahib olan Google, eyni zamanda sosial media vasitələrindən biri olan Google Plusa sahibdir.

 

Google Hansı Nüansları İlə Fərqlilik Yaradır?

  • İki ortaq Larry və Sergeyin milyarder olmaları sadəcə 6 ilə başa gəldi və şirkətləri çox qısa müddətdə dünyanın ən böyük axtarış sisteminə çevrildi.
  • İşçilərinə pulsuz masaj xidməti, pulsuz yeməklər, paltar yuma xidməti, səyyar bərbər xidmətləri verir.
  • Ən bacarıqlı və ağıllı insanları işə götürürlər, 10-15 müsahibədən keçirirlər. İnsana sözün əsl mənasında dəyər verirlər.
  • Universitetdən yeni məzun olmuş insanlara ortaq məhsul müdürü ünvanı ilə müxtəlif məsuliyyətlər verilir və gələcəyin məhsul müdürünü Google mədəniyyəti ilə yetişdirirlər.
  • İşçilərinə qarşı proyektdəki detallarda çox açıqdırlar. Sistemə baxılan zaman proyekt ilə əlaqədar bütün detallar işçilər tərəfindən görünür. Beləliklə bütün işçilər şirkət nə yerdədir, nələr edilir, hansı əməliyyatlar aparılır və s. xəbərdar ola bilirlər. Lakin kənardan gələ biləcək təzyiqlər üçün hər zaman həssas və tədbirli bir vəziyyətdə.
  • Ofisin hər tərəfində bəyaz lövhə var və bunun yaradıcılıq baxımından çox vacib olduğu düşünülür. Lakin bu informasiyalar heç vaxt kənara sızdırılmır.
  • Heç bir kağızdan istifadə edilmir. Bütün əməliyyatlar elektron şəkildə hazırlanaraq insanlara ötürülür.
  • İclaslar sadəcə 10 dəqiqədən ibarət olur. Əlinə qələm alan şəxs insanları vacib detallardan xəbərdar edir və digərinə ötürür.
  • Həftəlik gəzintili iclaslara da yer ayrılır. Hərəkət edərək açıq havada etdikləri iclaslarda sosiallaşmağı öyrənirlər.
  • 20% qaydası. Şikrət işçiləri vaxtlarının 20%-ni özlərinə maraqlı və vaxt ayırmaq istədikləri bir mövzuya ayırırlar və bu müddət ərzində işləmirlər.
  • Həmişə texnologiyanı və yenilikləri izləyir. İnkişafa meyilli olan insanları öz təməlində saxlayır.

Nəticə etibarı ilə,

Google ildə 1 milyondan çox iş müraciəti qəbul edir. İnsanlar Google şərtlərində işləmək üçün can atırlar. Google texnoloji olaraq məşhur mədəniyyətin bir parçası halına gəlmiş vəziyyətdədir və hal-hazırda dünyanın ən böyük axtarış sistemidir. Həmçinin 20 il bundan öncə yaradılan şirkət 20 ildə inanılmaz bir müvəffəqiyyət sərgiləyərək günümüzdə hərkəs tərəfindən tanınan, istifadə edilən ən böyük, ən dəyərli və ən prestijli şirkətə çevrilmişdir.

 

Google deyiləndə ağıla gələn: Axtardığını çox tez tapmaq, güvən və əməkdaşlıq

Aynur Əlizadə

marketinghub.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249