BİZNES

Yerli istehsalçılar və ixracatçılar assosiasiyaları ilə görüş keçirilib
20 AVQUST
137

Yerli istehsalçılar və ixracatçılar assosiasiyaları ilə görüş keçirilib

2018-08-20 16:07:00

İqtisadiyyat Nazirliyində təşkil olunmuş görüşdə müxtəlif sahələrdə fəaliyyət göstərən yerli istehsalçı və ixracatçılar assosiasiyalarının rəhbərləri iştirak ediblər.

Fins.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə istehsalın və ixracın dəstəklənməsi məqsədilə həyata keçirilən kompleks və ardıcıl tədbirlər, eləcə də tətbiq olunan yeni mexanizmlər barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, sahibkarlığın dəstəklənməsi, istehsal və ixrac sahəsində koordinasiyalı və sistemli tədbirlərin davam etdirilməsi üçün 2016-cı ildən etibarən yerli istehsalçıların və ixracatçıların 15 assosiasiyası yaradılıb. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə yaradılmış bu assosiasiyalar meyvə-tərəvəz, nar, fındıq, şərab, çay, bal, mebel, tikinti və s. yerli məhsulların xarici bazarlara çıxarılması və satışının təmin olunması, ixrac potensialının artırılmasında əhəmiyyətli rol oynayır.

Mütəmadi olaraq assosiasiyaların iclasları keçirilir, onlarla müvafiq sahələrin inkişafına dair müzakirələr aparılır, görüşlər təşkil olunur. Assosiasiyalar ölkəmizdə və xaricdə keçirilən bir sıra sərgilərdə də iştirak edirlər. Rüfət Məmmədov qeyd edib ki, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların müvafiq assosiasiyalarda birləşməsinə dəstək davam etdiriləcək.

Görüşdə assosiasiyaların gələcək fəaliyyətinə, strateji inkişaf planlarına, Azərbaycan İxracatçılar Klubu çərçivəsində assosiasiyalar arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə assosiasiya nümayəndələri qeyri-neft sektorunun inkişafına dəstək mexanizmlərinin və “Made in Azərbaycan” brendinin təşviqi tədbirlərinin sahibkarlara böyük stimul yaratdığını vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249