BİZNES

İtaliya Azərbaycan iqtisadiyyatına yarım milyon dollardan çox investisiya yatırıb
20 İYUL
128

İtaliya Azərbaycan iqtisadiyyatına yarım milyon dollardan çox investisiya yatırıb

2018-07-20 09:19:00

İtaliya tərəfindən Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırılıb, Azərbaycan isə İtaliyaya 135 milyon dollar investisiya qoyub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi ilə görüşündə deyib.

Görüşdə Şahin Mustafayev Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və iqtisadi əməkdaşlığımızın uğurla davam etdiyini diqqətə çatdırıb, əlaqələrin inkişafında qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini vurğulayıb. İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən Azərbaycan-İtaliya biznes forumunda dövlət başçılarının iştirakı ikitərəfli əlaqələrə verilən böyük önəmin göstəricisidir.

Azərbaycanın iqtisadiyyat naziri diqqətə çatdırıb ki, iqtisadiyyatın bir sıra sahələrində əlaqələrimiz uğurla inkişaf edir. Sumqayıt Kimya Sənaye Parkının ərazisində İtaliyanın "Maire Tecnimont" şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan "SOCAR Polymer" layihəsi üzrə inşa edilən polipropilen zavodu Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının bariz nümunəsidir.

İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğunu vurğulayan Şahin Mustafayev qeyd edib ki, İtaliya tərəfindən Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırılıb, Azərbaycan isə İtaliyaya 135 milyon dollar investisiya qoyub.

Nazir Şahin Mustafayev iki ölkə arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu diqqətə çatdırıb, enerji, kənd təsərrüfatı, sənaye, ticarət, investisiya, nəqliyyat, ekologiya və s. sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanları qeyd edib. Azərbaycan bu potensialın reallaşdırılması və ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Ölkəmizdə fəaliyyət göstərən bir sıra müəssisələrdə İtaliya texnologiyalarından istifadə olunur. Bununla belə, kənd təsərrüfatı və sənaye sahələrində istifadə üçün İtaliyadan müasir avadanlıqlar idxal edilə bilər.

İqtisadiyyat naziri İtaliya şirkətlərini Azərbaycanda həyata keçirilən investisiya layihələrində, sənaye parklarında və məhəllələrində, aqroparklarda, logistik mərkəzlərin yaradılmasında birgə iştiraka dəvət edib. Azərbaycanın geniş nəqliyyat infrastrukturu və tranzit potensialı barədə məlumat verən Şahin Mustafayev vurğulayıb ki, İtaliya şirkətləri Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlana, eləcə də Ələtdə yaradılacaq Xüsusi İqtisadi Zonada fəaliyyət göstərə bilərlər.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi Azərbaycanın İtaliya üçün mühüm əhəmiyyət kəsb edən ölkə olduğunu diqqətə çatdırıb. Mikele Ceraçi ölkələrimizin iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlığını qeyd edib və bu əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.

Görüşdə müzakirələr aparılıb, iqtisadiyyatın konkret sahələri üzrə əməkdaşlığın inkişafı istiqamətində təkliflərin hazırlanması barədə razılığa gəlinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251