BİZNES

Nağdsız ödənişlərdə 3 yeni layihəyə başlanacaq
07 İYUN
667

Nağdsız ödənişlərdə 3 yeni layihəyə başlanacaq

2018-06-07 12:17:00

Məlumdur ki, pul hesablaşmalarının, dövlət qurumlarına məcburi ödənişlərin nağd qaydada aparılması şəffaflığın təmin edilməsində, korrupsiya hüquqpozmalarına qarşı səmərəli mübarizənin aparılmasında maneələr törədir, qeyri-leqal gəlirlərin gizlədilməsinə, vergidən yayınmalara şərait yaradır. Respublikamızda nağd hesablaşmaların məhdudlaşdırılması və alğı-satqı əməliyyatlarının əsasən nağdsız ödəmələr vasitəsilə aparılması sisteminə keçilməsi istiqamətində işlər uzun müddətdir həyata keçirilir. Dövlət başçısının sərəncamı ilə 2004-cü ilin dekabrında «Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı»nın təsdiq edilməsi nağdsız hesablaşmaların tətbiqi prosesini gücləndirib. Lakin yerli və beynəlxalq monitorinqlərin nəticələri göstərir ki, ötən dövr ərzində nağdsız cəmiyyətin formalaşdırılması istiqamətində əldə olunan nəticələr yetərli deyil. Dövlət başçısı bu problemin mövcudluğunu dəfələrlə qabardıb və Nazirlər Kabinetinin hesabat yığıncaqlarında dövlət qurumlarının qarşısına konkret vəzifələr qoyub: Sitat (Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası): «Baxmayaraq ki, mən bu məsələ barədə dəfələrlə fikirlərimi, iradlarımı bildirmişəm və müəyyən işlər görülübdür, ancaq hələ ki, lazımi səviyyədə deyildir. Azərbaycanda nağdsız ödəmələr çox aşağı səviyyədədir. Bu, böyük problemdir. Bu, bir tərəfdən bu sistemdə şəffaflığın tam təmin edilməsi üçün bizə imkan vermir, eyni zamanda, xoşagəlməz halların mövcudluğunu da şərtləndirir... Hesab edirəm ki, biz bu il və bundan sonrakı illərdə də bu sahəyə çox ciddi fikir verməliyik. Burada, necə deyərlər, heç bir yeni üsul icad etməməliyik, inkişaf etmiş ölkələrin təcrübələrinə baxmaq kifayətdir».

Nağdsız hesablaşmaların genişləndirilməsi prosesi son 2 ildə xüsusilə intensiv xarakter daşıyıb. 2017-ci ildən «Nağdsız hesablaşmalar haqqında» Qanuna edilmiş dəyişikliklər nəticəsində irəliləyişlər olsa da, bu, daha çox dövlət rüsumları və ödəmələr sistemini əhatə edib, lakin nağdsız hesablaşmaların kütləvi xarakter daşıdığı bir çox sahələrdə əhəmiyyətli dəyişikliyə nail olunmayıb.

Bununla belə, nağdsız ödəmələrin genişləndirilməsini hədəfə alan layihələrin icrası davam edir. 2018-ci ildə 3 yeni layihənin başlanması nəzərdə tutulur. Bunlar «Nağdsız Azərbaycan», «3D bank sektorunda blokçeyn texnologiyalarına keçid» və «Ani ödənişlər» proqramlarıdır. Nağdsız ödəmələrin genişləndirilməsini hədəfləyən hər üç layihənin icrasında Mərkəzi Bank (MB) bir sıra qurumlarla, xüsusilə də Vergilər Nazirliyi ilə fəal əməkdaşlıq aparır. MB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib ki, hökumət nağdsız hesablaşmalara keçid üzrə yeni proqramı reallaşdırmağı nəzərdə tutur. Bu məqsədlə qlobal müstəvidə sürətlə inkişaf edən texnoloji proseslər izlənir, maliyyə-bank sektorunun daha da müasirləşməsi istiqamətində imkanlar diqqətdə saxlanır və yaxından araşdırılır: «Ortamüddətli dövrdə üç aparıcı layihənin fəlsəfəsi məhz bu texnologiyalara əsaslanıb. İlk layihə «Nağdsız Azərbaycan» layihəsidir. Bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasını və innovativ ödəniş sisteminin tətbiqini özündə əks etdirən layihənin icrası beynəlxalq qurumların iştirakı ilə hazırlanıb. Proqram Prezident Administrasiyasında müzakirə edilir və yaxın vaxtlarda təsdiqlənməsi gözlənilir».

A.Quliyev qeyd edib ki, nağdsız ödənişlərin stimullaşdırılmasını nəzərdə tutan ikinci layihə rəqəmsal identifikasiya sisteminin blokçeyn platformasında yaradılması ilə bağlıdır. Hazırda qalib şirkətin müəyyənləşdirilməsi üçün tender prosesləri gedir. Azərbaycanın bank sektorunda müştəri məmnunluğunun artırılması məqsədi daşıyan layihə ilkin məhsul kimi, ilin sonunadək bank ictimaiyyətinə təqdim ediləcək. Üçüncü layihə isə rəqəmsallaşmanı genişləndirmək üçün ani ödəniş sisteminin yaradılmasıdır. Bu sistemin tətbiqi ilə bütün iqtisadi sistemlər arasında beş-on saniyə ərzində ödənişlərin tamamlanması təmin olunacaq».

Mütəxəssislər hesab edirlər ki, iqtisadiyyatın yüksək səviyyədə nağdlaşması bir sıra neqativ nəticələr doğurur: makroiqtisadi idarəetmə çətinləşir, iqtisadiyyat investisiya resurslarından məhrum olur, maliyyə-vergi intizamı pozulur, şəffaflıq aşağı düşür, dövlət büdcəsinə vergi-gömrük gəlirləri və bank sisteminin resurs bazası azalır, faiz dərəcələri yüksəlir, pul çapı ilə bağlı əlavə xərclər meydana çıxır və s. Bu baxımdan, maliyyə bazarının inkişafı, iqtisadiyyata investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, vahid elektron ödəniş məkanının formalaşdırılması və ölkədə nağd pul dövriyyəsinin məhdudlaşdırılması ilə əlaqədar müasir elektron ödəniş xidmətlərinin təkmilləşdirilməsi, nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı tədbirlərin davamlı olaraq həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsi, korporativ sektorda şəffaflığın artırılması, o cümlədən vergidən yayınma hallarının aradan qaldırılmasına xidmət edir.

«Nağdsız Azərbaycan»ın eks­pertləri hesab edirlər ki, ölkədə nağdsız ödəmələrin inkişafı üçün böyük potensial olsa da, hazırda nağd ödənişlərin payı 90 faizdən çoxdur. Bunun əsas səbəbləri uçotdan yayınan (qeyri-rəsmi və ya «kölgə») iqtisadiyyatın, qeyri-formal məşğulluğun, qeyri-mütəşəkkil və pərakəndə ticarətin miqyasının yüksək olması, maliyyə savadlılığının aşağı səviyyəsi, infrastruktur və texniki amillər (ödəniş sistemlərinin çeşidinin az, xidmət tariflərinin isə yüksək olması, POS-terminallarla bağlı əməliyyat xərclərinin çoxluğu, regionlarda rabitə infrastrukturunun zəifliyi), qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olması (bank olmayan ödəniş xidməti provayderlərinin fəaliyyətinin tənzimlənməməsi, elektron pulun normativ hüquqi bazasının olmaması, kart sahiblərinin  hüquqlarının yetərincə müdafiə edilməməsi) və s. kimi amillərlə bağlıdır.

Mütəxəssislərin fikrincə, nağd ödənişlərin dominant olduğu əsas sahələr aşağıdakılardır:

  •         İctimai iaşə və turizm obyektləri - 600-dən çox şadlıq evi, 19 minə yaxın restoran-kafe, 580 hotel, yüzlərlə yanacaqdoldurma məntəqəsi, avtoservis, idman-sağlamlıq mərkəzləri, gözəllik salonları və bir sıra digər xidmət sektorları.
  •         Ticarət obyektləri - bazarlar, ticarət mərkəzləri, iri super-hipermarketlər, məişət texnikaları, ev əşyaları, cehizlik mallar, mebel salonları, brend butiklər, topdan və pərakəndə satış mərkəzləri.
  •         Elm-təhsil və səhiyyə müəssisələri - bağçalar, məktəbəqədər hazırlıq, xarici dil və ümumi hazırlıq kursları, repetitorluq, xəstəxanalar, klinikalar, apteklər.
  •         İctimai nəqliyyat - «Bakı kart»ın işləmədiyi 2400 sərnişin avtobusu, 20-yə yaxın özəl taksi xidməti, dəmir yolu.
  •         Torpaq və daşınmaz əmlak bazarı, icarəsi və kirayəsi.
  •         Fiziki şəxslərin «çelnok» ticarəti - əsasən idxal əməliyyatları.
  •         Avtomobil bazarı - avtomobil idxalı, avtosalonlar, avtobazarlar.
  •         Qeyri-leqal əməkhaqqı, muzdla işləyən yerli və əcnəbi işçilərə ödənilən əməkhaqqı.
  •         Mərc oyunları, şou-biznes, əyləncə sektoru.
  •         Valyutadəyişmə məntəqələri və s.

Sadalanan bu uzun siyahıdan göründüyü kimi, ölkə iqtisadiyyatının böyük bir sahəsində əsasən nağd ödənişlər həyata keçirilir. Minlərlə hüquqi və fiziki şəxsin uçotdan yayındırdığı pul vəsaitlərinin, ödənişlərin nağdsızlaşdırılması və leqallaşması nəticəsində maliyyə-vergi mühasibatlıq sənədlərində şəffaflıq yaranar və dövlət büdcəsinə vergi daxilolmaları xeyli artar.

Nağdsız ödənişlərin cəmiyyətdə geniş yayılmasının vacib olduğunu bu gün hər kəs etiraf edir. Bəs bu sahədə hansı həllivacib problemlər mövcuddur? Burada kompleks yanaşma məqsədəuyğundur. İlk növbədə, infrastruktur imkanları genişləndirilməli, iqtisadi stimullaşdırma və maarifləndirmə tədbirləri həyata keçirilməli, lazım gələrsə, inzibati tədbirlər, cərimələr artırılmalıdır.

Dünya Bankının sifarişi ilə Azərbaycanda aparılmış sorğu əhalinin maliyyə savadlılığı səviyyəsinin aşağı olduğunu göstərir. Araşdırmalara görə, ölkə vətəndaşlarının böyük əksəriyyəti nağdsız ödənişlər barədə məlumatsızdır və bu xidmətlərdən, demək olar ki, istifadə etmir:

· adi riyazi maliyyə savadını qiymətləndirmək üçün verilən suallara respondentlərin yalnız 55%-i düzgün, 25%-i yanlış cavab verib, 20%-i isə təxmini rəqəm belə deyə bilməyiblər;

· rəyi soruşulanların 95%-dən çoxu elə bilir ki, kartdan istifadənin məqsədi yalnız bankomat və ya POS-terminaldan nağd pulun çıxarılmasından ibarətdir;

· vətəndaşların 55%-dən çoxu ayda cəmi bir-iki dəfə POS-terminal və ya internet vasitəsilə alış-veriş edir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, nağdsız hesablaşmaların həcminin artırılması, POS-terminallardan istifadə səviyyəsinin yüksəldilməsi üçün həm təşviqedici, həm də stimullaşdırıcı tədbirlər həyata keçirilməli, xüsusən də POS-terminaldan imtina olunmasına görə qanunvericilikdə müəyyən tələblər qoyulmalıdır: «Vergi Məcəlləsində POS-terminalların quraşdırılmamasına görə hansısa bir cərimə və ya cəza nəzərdə tutulmayıb. Bu bir reallıqdır ki, sahibkarların nağd pula daha çox üstünlük verməsi vergidən yayınmaq məqsədi güdür. POS-terminallar isə nəticə etibarilə sahibkarların fəaliyyətinin şəffaflaşmasına və onların vergiyə cəlb edilməsinə zəmin yaradır».

Azərbaycanda nağdsız ödənişlərin genişlənməsinin qarşısını alan səbəblərdən biri də xidmət tariflərinin yüksək olmasıdır. Nağdsız ödəniş əməliyyatı aparılan zaman sahibkarlar obyekti POS-terminallarla təmin edən banka 0,5-1% aralığında xidmət haqqı ödəməli olurlar. Belə olan halda, heç bir sahibkar maraqlı olmayacaq ki, nağdsız şəkildə satış həyata keçirsin. Bunun qarşısını almaq üçün müəyyən güzəştlər tətbiq edilməlidir ki, nağd dövriyyə ilə müqayisədə nağdsız ödənişin qəbul edilməsi sahibkar üçün maraqlı olsun.

Digər məsələ isə konvertasiya haqlarının artırılması ilə bağlıdır. Nağdsız ödənişləri stimullaşdırmaq üçün ölkədə prosessinq şirkətləri arasında tarif vahid olmalıdır. Bu ona gətirib çıxarmalıdır ki, bir prosessinq şirkətinə daxil olan bankın kredit, yaxud debit (maaş, yaxud pensiya kartı) ilə başqa prosessinq şirkətinə daxil olan bankın bankomatından, yaxud POS-terminalından əməliyyat aparanda əlavə xərc çıxılmasın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256