BİZNES

Azərbaycanın 4 aylıq pərakəndə ticarət dövriyyəsinin həcmi məlum olub
11 MAY
274

Azərbaycanın 4 aylıq pərakəndə ticarət dövriyyəsinin həcmi məlum olub

2018-05-11 15:18:00

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5% üstələyərək 10,9 mlrd. manat olub. Fins.az xəbər verir ki, bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb. 

Ticarət dövriyyəsinin 5,5 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-aprel aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9% və 3,1% üstələyib.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsullarının, 5%-i içkilər və tütün məmulatlarının, 17,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,8%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18 %-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının 13,5%-i ticarət müəssisələri, 52,4%-i fərdi sahibkarlar tərəfindən, 34,1%-i isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 21%, fərdi sahibkarlar üzrə 0,3% artıb, bazar və yarmarkalarda isə 0,2% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 278 manat və yaxud 2017-ci ilin yanvar-aprel aylarının göstəricisindən nominal ifadədə 14,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 139,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259