BİZNES

Vüsal Qasımlı: "İslahatlar "Doing Business"də Azərbaycanın mövqelərini gücləndirəcək"
03 MAY
200

Vüsal Qasımlı: "İslahatlar "Doing Business"də Azərbaycanın mövqelərini gücləndirəcək"

2018-05-03 13:18:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda Amerika Ticarət Palatasının (Amcham) işgüzar naharında “Doing Business” hesabatı ilə bağlı aparılan islahatlara həsr olunmuş xüsusi nəşri təqdim edib. Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dərin və sistemli iqtisadi islahatlar bu ilin ilk rübündə nəticələrini bir daha göstərib: "ÜDM 2,3 faiz, qeyri-neft ÜDM-i 2,9 faiz, qeyri-neft ixracı 35 faiz və strateji valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları artıb, həmçinin tədiyyə balansı, icmal büdcənin balansı, manatın sabitliyi və təkrəqəmli inflyasiya sahəsində uğurlar əldə olunub. İslahatlar nəticəsində təmin edilən davamlı və balanslı iqtisadi inkişaf siyasi müstəqillik, dövlət quruculuğu, ordunun qüdrəti, sosial rifah, ictimai-siyasi sabitlik, habelə ölkəmizin beynəlxalq və regional layihələrdə iştirakı üçün maddi əsasdır. Xalqın yüksək etimadını yenidən qazanmış Prezident İlham Əliyev andiçmə mərasimində çıxışında bildirib ki, iqtisadi islahatlar dərinləşəcək. Biznes mühitinin yaxşılaşdırılması, instututsional və struktur islahatlar, dövlətin iqtisadiyyata dəstəyi istiqamətində işlər sistemli şəkildə davam etdirilir".

V.Qasımlı qeyd edib ki, xüsusilə, son bir ildə Doing Business-in 10 indikatoru üzrə sıçrayışa bərabər islahatlar aparılıb: "Hazırda biznesə başlama üçün işçilərin qeydiyyatı da daxil olmaqla cəmi iki prosedur və iki gün tələb olunur. Tikinti icazələri sahəsində Bakı Şəhər İcra Hakimiyyətində “Bir pəncərə”nin fəaliyyəti, onlayn müraciətin tətbiqi və ASAN Kommunalın texniki şərtləri təqdim etməsi nəticəsində prosedurların sayı 21-dən 9-a qədər endirilib. Elektrikə çıxış üçün prosedurlar son bir ildə 7-dən 2-yə, günlərin sayı isə 69-dan 20-yə qədər endirilib, elektron xəritə, vahid tarif və onlayn müraciət imkanı yaradılıb. Əmlakın qeydiyyatı prosesi sürətləndirilib və cəmi 1 prosedur qalıb. Çünki, notariuslar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə inteqrasiya olunub. Özəl kredit bürosunun və daşınar əmlakın reyestrinin fəaliyyətə başlaması, həmçinin kreditlərə dövlət zəmanətinin verilməsi maliyyəyə çıxış imkanlarını genişləndirir".

V.Qasımlı əlavə edib ki, kiçik investorların hüquqlarının müdafiəsinin gücləndirilməsi üçün “Mülki Məcəllə”yə, “Müəssisələrin bağlanması” indikatoru üzrə isə “Müflisləşmə və iflas haqqında” qanuna edilən dəyişikliklər önəmli "Doing Business" islahatlarıdır. Onun sözlərinə görə, son bir ildə vergilərin ödənilməsi sahəsində irəliləyişlər olub: "ƏDV-nin geri qaytarılması müddəti 45 gündən 20 günə endirilib, kameral yoxlamalar üçün 30 gün vaxt verilir. Gömrükdə yaşıl dəhliz və dünyada ilk dəfə olaraq Azərbaycanda online vahid ixrac ərizəsinin tətbiqi mühüm “Doing Business” islahatlarıdır. Elektron məhkəmə sahəsində aparılan islahatlar (elektron ödəniş, elektron protokol, elekton əmr icraatı, elektron kabinet və s.) "Doing Business"də “Müqavilələrin icrası” indikatoru üzrə Azərbaycanın mövqelərini gücləndirəcək".

Mərkəz rəhbəri vurğulayıb ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Doing Business” islahatlarını ehtiva edən xüsusi nəşri Azərbaycan, ingilis və rus dillərində hazırlayaraq paylayıb: "Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar post-neft dövründə iqtisadiyyatın strukturunun optimallaşdırılması və dünya əmək bölgüsündə layiqli yer tutmağımız üçün vacibdir. İqtisadi islahatların ana xəttini təşkil edən strateji yol xəritələri uğurla icra edilir.”

Tədbirdə 200 nəfərə qədər "AmCham" üzvü, diplomatik korpusun nümayəndələri və xarici qonaqlar iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254