BİZNES

"Padvalda" biznes - Pul qazanmaq şansı
03 MAY
424

"Padvalda" biznes - Pul qazanmaq şansı

2018-05-03 11:22:00
İndi yaşadığım binanın zirzəmisi uzun müddətdir ki, boşdur. Düşünürdüm ki, bu yarıqaranlıq zirzəmidə nə iş görmək olar? Bir verilişdə görmüşdüm Türkiyədə bir qadın evinin zirzəmisində göbələk yetişdirib əməlli başlı biznes qurmuşdu. Biraz araşdırmışdım o zaman, bu cür zirzəmidə biznes ilə məşğul olan çox imiş. 

Dünya əhalisi artdıqca kənd təsərrüfatı məhsullarına tələb artır. Bu məhsulu yetişdirmək üçün geniş ərazi, daşınma, saxlama kimi problemlər labüddür. Bax elə bu problemləri həll etmək üçün lazımsız zirzəmilərdə və ya tikililərdə şaquli ferma qurmaq gözəl biznes ideya ola bilər.

Zirzəmidə fermanın üstünlükləri nələrdir?

Ətraf mühitin təsirləri minimumdur. Tempratur, külək, şaxta, yağış və sair kimi risklərdən uzaqsınız. Şəhər yerində çox ucuz qiymətə zirzəmi və lazımsız tikili tapmaq mümkündür. Yeraltı ferma yer çatışmazlığı probleminin həlli üçün gözəl alternativdir. Şəhər yerində bu cür fermaların qurulması, tərəvəzlərin daşınma problemi üçün də gözəl həlldir. Bu həm ətraf mühit təmizliyi, həm daşınma xərclərindən azad olmaq, həm də təzə tərəvəz və göyərti deməkdir.

Londonun tərəvəz zirzəmiləri

Bir neçə il öncə londonlu biznesmenlər “Growing Underground” adlı startup layihəsi hazırlamışdılar. Onlar İkinci dünya müharibəsindən qalmış bomba sığınacağını göyərti yetişdirmək üçün istifadə etmək qərarına gəlirlər. Bu gün “Growing Underground” şəhərdə restoran və sendviç-barlara 20-dən yuxarı tərəvəz növü çatdırırlar. Fermada gündə 60 kq məhsul istehsal olunur. Startup yerli icra orqanları tərəfindən də dəstəklənir. Londonun keçmiş meri düşünür ki, bu cür layihələr şəhəri dünyanın ən innovativ mərkəzlərindən birinə çevirəcək. 
Yeraltı fermanın bütün parametrləri-tempratur, nəm, işıqlandırma sensorlarla nəzarətdə saxlanılır və informasiya Kembric universitetinin mühəndis bölməsinə ötürülür. Orda isə bu informasiya bitkilərin böyümə dinamikası ilə birlikdə təhlil edilir və əkinin yetişdirilməsi üçün ən optimal rejim təyin edilir.

Artıq alimlər keşnişin böyümə dövrünü 21 gündən 14 günə azalda biliblər. Testlər göstərir ki, kök və turp da eyni üsulla yetişdirilə bilər.
Londonluların biznes ideyasına bənzər bir layihə də isveçli fermerlər tərəfindən hündürmərtəbəli binanın zirzəmisində həyata keçirilmişdir. “Plantagon” adlı layihə əvvəllər yerli qəzetlərdən birinin arxivi olmuş zirzəmidə müxtəlif bostan məhsulları yetişdirməkdən ibarətdir. Amma burda maraqlı bir nüans var: fermerlər zirzəminin icarəsini binanı qış vaxtı istiliklə təmin edərək ödəyir. İsveç kimi soyuq yer üçün əlbətdə bu sərfəli təklifdir. Zirzəmidəki lampalar qızır və bu istilik bitkilərə zərər verməmək üçün ordan çıxarılmalıdır. Bax, bu istilik elə binanın isitmə sisteminə ötürülür.  Burda əkilən məhsulun üçdə birini elə binadakı restoranlar alır. Şirkət qarşıdakı 3 ildə daha 10 bina altı zirzəmi biznesi qurmağı planlayır.
Bu cür layihələrin bir üstünlüyü də şəhər yerində insaları təzə və təbii məhsullarla təmin edə bilməsidir.
Problemlər
Əsas problemlərdən biri budur ki, zirzəmiyə gün işığı düşmədiyi üçün fermanı Led lampalarla qızdırmaq lazımdır. Bu isə yüksək elektrik xərci deməkdir. Düzdür, son vaxtlar sırf bu məqsəd üçün Valoya, Philips kimi şirkətlər tərəfindən xüsusi led lampalar istehsal edilir. Bu lampalar qızır və yanğın təhlükəsi yaranır. Qapalı zirzəmidə yüksək nəm daim nəzarətdə saxlanmalıdır.
Zirzəmidə biznes ideya Yaponiyada da rəvacdadır. Məsələn, Tokyo Metro öz anbarlarında hidroponika sistemləri quraşdırıb. Bu biznesin Azərbaycan üçün fərqli nüanslarını nəzərə almaq vacibdir. Məsələn, bizdə elektrik enerjisi ucuzdur, amma tərəvəz və göyərti də Avropa və Yaponiyadakı kimi baha deyil. Həm də bizim mətbəximiz Avropa mətbəxinə çox da meydan vermədiyi üçün, bu cür hidroponik sistemlərdə əkilməsi sərfəli olan bəzi tərəvəzlərin satışı da asan olmayacaq. Yenə də işə tələb olunan başlanğıc xərclərin çox olmaması, işə nəzarətin asanlığı zirzəmidə biznes ilə məşğul olmaq üçün stimul verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259