BİZNES

Azərbaycanda ideyanın oğurlanmasına görə cərimə varmı?
03 MAY
247

Azərbaycanda ideyanın oğurlanmasına görə cərimə varmı?

2018-05-03 10:07:00

“Sənin verdiyin ideya adamlara pul qazandırsa və ya imiclərinə müsbət təsir etsə belə, reaksiya əşşi, ideyadır də, mən də eləyərəm onu olur. Günlərlə oxuduğun, araşdırdığın, öyrəndiyin mövzuya sloqan təklifi verirsən – Bir cümlədir də, nədir ki? Mən də deyərəm onu” reaksiyası verirlər. Fins.az Facemark.az-a istinadən xəbər verir ki, bu barədə marketoloq Mehriban Həsənova“Marketinq Azərbaycan qrupunda yazıb.

Mehriban Həsənova bildirib ki, biz yazılan hər sözə, hər cümləyə, mətnə vaxtımızı, ağlımızı, illərdir əziyyətlə yığdığımız biliyimizi, yaradıcılığımızı sərf edirik. Bir az da olsa əməyə hörmət edək: “Kiməsə 2 və ya 3 konsept, hərəsinə də bir və ya iki hazır kontent təklifi edib, qiymətini yazırsan və əlavə olaraq 5-6 tövsiyəni də pulsuz verirsən, hədiyyə kimi.

Düşünürsən ki, bu ideyanı alan adama jest olsun. Bir müddətdən sonra görürsən ki, təklifi hansısa bir səbəbdən almayan müştəri (bahadır, bəyənməyib və s.) həmin pulsuz tövsiyələrin hamısını həyata keçirib.

Nə yazırsan, nə deyirsən, oğurlayırlar. Adam danışmağa, fikirləri ilə bölüşməyə qorxur. Elementar bir şey - sosial şəbəkələrdə o qədər olur ki: status yazırsan, öz adlarından paylaşırlar. Deyəndə də deyir: “statusdu daa, nə olsun ki?”.

Marketoloqu narahat edən məsələ qrupda aktiv müzakirə olunub. M.Həsənovun yazdığı postun altına bir çox şirkət rəhbərləri təkliflərini verib, hətta bəziləri deyib ki, məsələdən çıxış yolu ideyanın sığortalanmasıdır. Azərbaycanda ideyanın sığortalanıb sığortalanması da mövzularımızdan biri olacaq. İndi isə məsələnin qanunvericilik tərəfini aydınlaşdıraq.

İdeyanın oğurlanmasına görə, Azərbaycan qununvericiliyi nə deyir?Facemark.az bu məsələni vəkil Allahverən Oruclu ilə araşdırıb.

- İdeyanın plagiat olunmasına görə, qanunvericilikdə hansı cərimlər var?

İlk növbədə ideyanın əqli fəaliyyətin nəticəsi kimi əqli mülkiyyət hüququnun obyektlərinin hər hansı növünə (əsər, əmtəə nişanı, ixtira, faydalı model, sənaye nümunəsi, nou-hau və s.) aid edilib edilmədiyini müəyyən etmək lazımdır. Əgər söhbət ideyalara müəlliflik hüququndan gedirsə, o zaman müəlliflik hüququnun şamil edildiyi obyektlərə diqqət yetirmək lazımdır.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 5-ci maddəsinə əsasən, müəlliflik hüququ yaradıcılıq fəaliyyətinin nəticəsi olan, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Habelə, həmin maddəyə əsasən, müəlliflik hüququnun şamil edildiyi əsərlər yazılı (əlyazması, makina yazısı, not yazısı və s.); şifahi (kütləvi çıxış, kütləvi ifa və s.); səs, yaxud videoyazılma; təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, və s.) və digər obyektiv formalarda mövcud ola bilər.

Həmin maddədə, eyni zamanda qeyd edilir ki, müəlliflik hüququ ilə qorunma öz-özlüyündə ideyalara, proseslərə, işləmə metodlarına və ya riyazi konsepsiyalara deyil, ifadə formasına şamil edilir. Beləliklə, qanunvericilikdən belə nəticə hasil olur ki, ideyalar bir əsər kimi hər hansı formada ifadə edilməyibsə, özü-özlüyündə qorunmur və bu halda onun plagiatdan müdafiəsi mümkün görünmür.

Digər halda, əgər ideya əsər kimi və ya digər formada yuxarıda qeyd edilən hər hansı formada ifadə edilibsə, o zaman, müəlliflik hüququnun pozulmasına görə vurulan zərərin məbləğindən asılı olaraq həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində cərimələr və digər cəzalar nəzərdə tutulmuşdur. Eyni zamanda, mülki mühakimə icraatı qaydasında pozuntunun dayandırılmasını və kompensasiyanı tələb etmək olar.

- Bir adın, ideyanın müəllif hüquqlarını almaq üçün qanunvericilik çərçivəsində nə tələb olunur?

Əgər söhbət addan (sözdən) gedirsə, burada biz müəlliflik hüququ obyektindən yox, adla (sözlə) ifadə edilmiş əmtəə nişanından danışa bilərik.

Yəni, hər hansı fərqli adı (sözü) fikirləşib onunla fəaliyyət göstərmək (əmtəə satmaq, xidmət göstərmək) istəyirsinizsə, həmin adı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanuna müvafiq olaraq əmtəə nişanı kimi qeydiyyata aldırıb ona şəhadətnamə almaq lazımdır ki, həmin ad (söz) mühafizə edilsin.

Qeydiyyat prosedurları, mərhələləri, müddətlər, əmtəə nişanına tələblər, qeyd edilən qanunda ətraflı izah edilmişdir.

- Marketoloqların ideyaları müzakirə ərəfəsində müştərilər tərəfindən icazəsiz istifadə olunduqda qarşı tərəf bu məsələni necə həll edə bilər?

Bu sahədə də müəyyən boşluqlar var və dəqiqləşdimək lazımdır ki, söhbət hansı növ məlumatlardan gedir. Əgər söhbət birinci sualda qeyd etdiyimiz ideyalardan gedirsə, onun əvvəlcədən hər hansı obyektiv formada ifadə edilməsi tələb olunur. Və ya müzakirələrdə hansısa ixtira, faydalı model və sənaye nümunəsinə aid məlumatlardan gedirsə, burada artıq “Patent haqqında” Qanunun müddəalarına baxmalıyıq. Həmin qanuna əsasən ixtira, faydalı model və sənaye nümunələrinə hüquqlar qeydiyyata alınmalı və patentlə təsdiq edilməlidir ki, dövlət tərəfindən qorunsun. Bu sahədə də qeydiyyat prosedurları, mərhələləri, müddətlər, ixtiraya, faydalı modelə və sənaye nümunəsinə tələblər, qeyd edilən qanunda ətraflı izah edilmişdir.

Bəzi hallarda şəxslər öz nou-haularını (əqli fəaliyyətin nəticəsi olan məlumatları) və digər məlumatlarını ictimailəşdirmirlər, onlara patent almırlar, onları kommersiya sirri kimi qoruyurlar. Bu halda “Kommersiya sirri haqqında” Qanunun müddəaları əsas götürülməlidir. Həmin qanuna əsasən, “nou-hau” sahibinin hüquqları “nou-hau”nun yaranması və barəsində mühafizə tədbirləri görülməsi faktı ilə meydana çıxır. “Nou-hau”ya mülkiyyət hüquqlarının verilməsi müəyyən rəsmiləşdirilməni (qeydiyyatdan keçmə, şəhadətnamə alma və s.) tələb etmir.

“Nou-hau” sahibi mülki-hüquq müqavilələrində məxfilik haqqında şərtləri daxil etməklə, yaxud ayrıca müqavilələrlə kommersiya sirri rejimini və onun pozulması (yayılması və s.) halında qarşı tərəfə (kommersiya sirrini əldə edən konfidentə) məsuliyyət növlərini müəyyən edə bilər, pozuntu baş verdikdə isə konfidentin məsuliyyətə cəlb edilməsini, o cümlədən, kompensasiyanı həmin müqaviləyə və qanunvericilik müvafiq normalarına əsasən tələb edə bilər.

Beləliklə, marketoloqlar və ya digər şəxslər əqli fəaliyyətlərinin nəticəsi olan əqli mülkiyyət obyektlərini növlərinə uyğun olaraq obyektiv formaya salmaqla, tələb edildiyi halda, qeydiyyata aldırmaqla və ya nou-haular olduqda müvafiq məxfilik müqavilələri bağlamaqla müdafiə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259