BİZNES

Aprelin 25-i "Sahibkarlar Günü"dür
25 APREL
294

Aprelin 25-i "Sahibkarlar Günü"dür

2018-04-25 15:52:00

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Sahibkarlar Günü"nün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda "Sahibkarlar Günü" kimi qeyd edilir.

"Sahibkarlar Günü"nün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına Prezident tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Azərbaycanda sahibkarlığın inkişafı dövlət siyasətidir, ölkədə sahibkarların uğurlu fəaliyyəti üçün dövlət tərəfindən davamlı olaraq mühüm tədbirlər həyata keçirilir. Qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialının artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Prezident İlham Əliyevin qəbul etdiyi çox ciddi qərarlar, imzaladığı Sərəncam və Qanunlar bu istiqamətdə mühüm rol oynayır.

Dövlət başçısının sahibkarlığın inkişafına dövlət dəstəyinin davam etdirilməsi, iş adamlarına güzəştli kreditlərin verilməsi, lisenziyaların ləğvi, yoxlamaların dayandırılması ilə bağlı son tapşırıqları isə, təkcə sahibkarlara yox, ölkəmizdə istehsal sahələrinin genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına, qeyri-neft sektorunun inkişafına, ixrac qabiliyyətli məhsulların istehsalının artırılmasına göstərilən diqqət və qayğıdır.

Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası idarə heyətinin sədri, "Bakı Tekstil Fabriki"nin direktoru Səkinə Babayeva AZƏRTAC-a deyib ki, bu gün ölkə iqtisadiyyatında sahibkarların rolunun artırılmasına xüsusi diqqət yetirilir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası ölkəmizin davamlı inkişafına, xüsusilə də sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə əlverişli şərait yaradıb. Aprelin 25-nin Azərbaycanda "Sahibkarlar Günü" kimi qeyd edilməsi bu sahəyə göstərilən dövlət qayğısının daha bir ifadəsidir.

"Hazırda rəhbəri olduğum “Bakı Tekstil Fabriki”ndə yüksək kеyfiyyətə və təhlükəsizlik göstəricilərinə mаlik хüsusi təyinаtlı gеyimlərlə (unifоrmаlаrlа) yаnаşı, dünyа və Avrоpа stаndаrtlаrınа cavab verən 500-dən çох çеşiddə müхtəlif trikоtаj məhsullаr istеhsаl оlunur, еyni zаmаndа, müхtəlif təyinаtlı dövlət və şirkət sifаrişləri həyаtа kеçirilir. Müəssisənin təmsilçiləri trikоtаj istеhsаlı üzrə bir çох qаbаqcıl ölkələrdə təşkil оlunаn trеninqlərdə və kvаlifikаsiyа mərkəzlərində iştirаk еdir, yеni təkliflər və rеаl prаktikа bаzаsı yаrаdır. Çalışırıq ki, istehsal etdiyimiz məhsullarda daha çox Azərbaycanla bağlı milli atributlar çoxluq təşkil etsin. Bu gün biz xammalı Özbəkistandan gətiririk. Məhsullarımız ən yüksək texnoloji yeniliklərlə hazırlanır və artıq Rusiyaya da ixrac olunur. Minskdəki “Azərbaycan Ticarət Evində” məhsullarımızın stendləri qurulub. Çalışırıq ki, qarşıdakı illərdə xammal ehtiyatımızı xaricdən deyil, daxili bazardan alaq", - deyə S.Babayeva diqqətə çatdırıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə ümumi dəyəri 4,7 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 34963 sahibkara 2,1 milyard manatdan artıq güzəştli kredit verilib, bu kreditlər hesabına 160 minədək yeni iş yeri yaradılıb. Güzəştli kreditlərin 71 faizi aqrar sektorun, 29 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 75 faizi ölkə regionlarının, 25 faizi isə Bakı qəsəbələrinin payına düşür. Maliyyələşdirilmiş layihələrin 93 faizini kiçik və ortahəcmli kreditlər təşkil edir.

İndiyədək verilmiş 2,1 milyard manat güzəştli kreditin 1 milyard manatı büdcə (47 faiz), 1,1 milyard manatı isə geri qaytarılan vəsaitlərin (53 faiz) payına düşür. Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu 2017-ci ildən etibarən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsini indiyədək verilmiş kreditlər üzrə geri qaytarılan vəsaitlər hesabına həyata keçirir.

İxracı təşviq etmək məqsədilə xarici ölkələrə bir neçə ixrac missiyası təşkil olunub, "Azexport" portalı yaradılıb, Belarusda ticarət evi yaradılıb, bir sıra digər ölkələrdə də ticarət evlərinin yaradılması işlərinə başlanılıb. Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirliklərində və Polşada (Mərkəzi Avropa ölkələri üzrə) ticarət nümayəndələri təyin edilib. "Made in Azerbaijan" brendi artıq dünyada özünü göstərir və dövlət xətti ilə bu brendin təbliği istiqamətində iş aparılır. İndiyədək 10, o cümlədən 1-ci rübdə 4 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak olunub (Rusiyada Prodexpo 2018 beynəlxalq ərzaq sərgisi, Almaniyada Fruit logistica 2018 beynəlxalq meyvə-tərəvəz sərgisi, BƏƏ-də Gulfood 2018 beynəlxalq ərzaq sərgisi, Almaniyada “Yaşıl həftə” beynəlxalq kənd təsərrüfatı sərgisi).

Birləşmiş Ərəb Əmirlikləri, Çin, Almaniya, Qətər, Əfqanıstan, Pakistan, Rusiya, Macarıstan, Səudiyyə Ərəbistanına 13 ixrac missiyası təşkil olunub. Bütün bu tədbirlərdə Azərbaycan sahibkarları iştirak edib.

Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə Azərbaycanda və xaricdə 2017-ci ildə 251 tədbir və ikitərəfli görüş təşkil olunub, indiyədək 14 sahəvi assosiasiya yaradılıb.

Bu ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 241,7 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-fevral ayında qeyri-neft sektoru üzrə ixrac 37,4 faiz artıb. Bu müddətdə ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib. 2017-ci ilin yanvar ayından 2018-ci il fevralın 28-dək "Azexport.az" portalına dünyanın 81 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 594,1 milyon ABŞ dolları təşkil edib.

Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar və nüfuzlu xarici ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. "Dünya Bank"ı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatında Azərbaycan 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlib.

Azərbaycanda Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması da dövlətimizin başçısının bu sahəyə nə qədər diqqət göstərdiyini bir daha təsdiqləyir. Agentlik kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyəcək, dövlət orqanlarının bu sahədə xidmətlərini əlaqələndirəcək və tənzimlənməni həyata keçirəcək.

 

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253