BİZNES

“Müflisləşmə və iflas haqqında” qanun dəyişdirilir
23 APREL
252

“Müflisləşmə və iflas haqqında” qanun dəyişdirilir

2018-04-23 17:11:00

“Müflisləşmə və iflas haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi aprelin 23-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. Fins.az  Oxu.Az-a istinadən məlumat verir ki, layihə borclunun ləğv edilməsinə maksimum yol verməmək üçün sağlamlaşdırma tədbirlərinin tətbiqinə imkanlar və mexanizmlər yaratmaq məqsədilə hazırlanıb.

Dəyişikliklərdən biri borclunun aktivlərinin satılması ilə bağlıdır. Belə ki, dəyişikliyə əsasən, dəyəri borclunun aktivlərinin 5% və daha çox hissəsini təşkil edən aktivlərin satılması əmlak inzibatçısı tərəfindən hazırlanan və bu qanunun 48-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmiş qaydada kreditorların yığıncağında təsdiq edilən satış planına uyğun olaraq açıq hərrac yolu ilə və bu qanunun 26-cı maddəsində müəyyən edilmiş hallar olduqda digər üsullarla həyata keçirilir.

Dəyəri borclunun aktivlərinin 5%-dən az hissəsini təşkil edən aktivlərinin satılması əmlak inzibatçısı tərəfindən bu qanunun tələbləri nəzərə alınmaqla, kreditorlar yığıncağının razılığı olmadan həyata keçirilə və ya satış planına daxil edilməsi təklif edilə bilər.

Qeyd edək ki, hazırda mövcud olan qanunvericilikdə faiz qeyd olunmayıb. Ümumilikdə borclunun əsas vəsaitlərinin satılması kimi qeyd olunub.

Borclunun öz əmlak hüquqlarının verilməsinin məhdudlaşdırılması maddəsində dəyişiklik edilib. Dəyişikliyə əsasən, borclunun iflas prosesinə başlanması məqamından əvvəlki altı ay ərzində bir kreditoru digər kreditorlara münasibətdə ödənişlərin növbəliliyində üstün vəziyyətə gətirəcək əqdlər bağlandıqda, əmlak inzibatçısı borclunun bağladığı əqdlərin mübahisələndirilməsi üçün məhkəməyə müraciət edə biləcək.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, hüquqların verilməsi və ya girov hüququnun yaradılması bu qanunun 2-ci maddəsində göstərilmiş iflas prosesinə başlanılması məqamından əvvəlki 90 gün ərzində həyata keçirildikdə borclu məhkəməyə müraciət edə bilir.

Qanun layihəsi sağlamlaşdırma haqqında məhkəməyə verilən ərizənin məzmununa dair tələbləri və ərizəyə əlavə olunan sənədlərin dairəsini müəyyən edir, o cümlədən borclunun sağlamlaşdırılmasının sağlamlaşdırma planı əsasında həyata keçirilməsini və bu planın tərtibi, hazırlanması, təsdiqi və sağlamlaşdırma prosesinə başlanılmasının yaratdığı hüquqi nəticələri təsbit edir.

Layihədə qeyd olunur ki, sağlamlaşdırma borclunun ödəmə qabiliyyətinin bərpası üsuludur. 

Sağlamlaşdırma planı borclunun ödəniş qabiliyyətinin bərpası və iş yerlərinin saxlanılması məqsədilə, həyata keçirilmə vaxtı, o cümlədən kreditorun tələblərinin ödənilməsi cədvəli, həmçinin əldə olunan nəticələr, istifadə olunan resurslar və mümkün risklər göstərilməklə sağlamlaşdırma prosesinin tətbiqi zamanı borclunun sağlamlaşdırılmasına yönələn və borclu ilə kreditor arasında qarşılıqlı razılıq əsasında həyata keçirilən tədbirlər kompleksidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277