BİZNES

Kimlər hansı vergiləri ödəməkdən azaddır?
23 APREL
2191

Kimlər hansı vergiləri ödəməkdən azaddır?

2018-04-23 10:58:00

Hər bir sahibkarın bilmək istədiyi məsələlərdən biri də hansı halların vergidən azad olması barədədir. Bu yazıda sırf bu kimi sualların birdəfəlik cavablandırılması üçün qanunvericilikdə göstərilmiş əsas hissələrə diqqət yetirmişik. Fins.az Moneta.az-a istinadən məlumatı təqdim edir. 

Məlum olduğu kimi vergilərlə bağlı yaranan başlıca münasibətləri tənzimləyən Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən hər bir vergi növü üzrə müəyyən azadolmalar mövcuddur.

Onu da xatırladaq ki, Məcəllədən başqa digər qanunvericilik aktlarının heç birində vergi azadolmaları və güzəştləri barədə qeyd edilə bilməyəcəyindən vergi növləri üzrə bəzi azadolmaları diqqətinizə çatdırırıq.

1) Gəlir vergisindən azaddır:

– bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər

– sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəliri

– yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri. Beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, şəhər və rayon yarışlarında və müsabiqələrində isə – 200 manatadək

– 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri

– Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

2) Mənfəət vergisindən azaddır:

– qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr

– körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə

– Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlillərdən və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır

–  kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri – 2014-cü il yanvarın 1-dən 5 il müddətinə

3) Əlavə Dəyər Vergisindən azaddır:

– kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla)

–  dəfn və qəbiristanlığın mərasim xidmətləri;

– kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr – 2014-cü il yanvarın 1-dən 5 il müddətinə

– Ödənişli təhsil xidmətlərinin göstərilməsi (digər fəaliyyətləri ilə bağlı xidmətlərin göstərilməsi istisna olmaqla)

– buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı – 2017-ci il yanvarın 1-dən 3 il müddətinə

– toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı

– quş ətinin satışı – 2017-ci il yanvarın 1-dən 3 il müddətinə

4) Aksizdən azaddır:

– fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkoqollu içkinin, 600 ədəd siqaretin, 20 qram  qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının idxalı

– Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq

5) Əmlak vergisindən azaddır:

– Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar

–  mexaniki nəqliyyat vasitələrinin,  təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin dəyəri

– Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 5 il müddətinə

– Müəssisələrin balansında olan, sərnişin və yük daşımalarında istifadə edilən su nəqliyyatı vasitələrinə görə ödənilməli olan əmlak vergisinin məbləği 25 faiz azaldılır

6) Torpaq vergisindən azaddır:

– yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları

–  istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları

7) Sadələşdirilmiş vergidən azaddır:

– Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 2014-cü il yanvarın 1-dən 5 il müddətinə

– Körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277