BİZNES

Gədəbəydə istehsal edilən qızılın həcmi artıb - "Anglo-Asian Mining Plc."
16 APREL
439

Gədəbəydə istehsal edilən qızılın həcmi artıb - "Anglo-Asian Mining Plc."

2018-04-16 15:46:00

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti bu ilin yanvar-mart aylarında "Gədəbəy" yatağında istehsal etdiyi qızılın həcmini ötən ilin eyni dövrü ilə müqayisədə 26% artırıb. Fins.az xəbər verir ki, bu barədə “Report” şirkətin rüblük hesabatına istinadən xəbər verir. 

Hesabata əsasən, "Anglo-Asian Mining Plc." 2018-ci ilin I rübü ərzində 18 307 unsiya qızıl hasil edib. Bu rəqəm 2017-ci ilin I rübündə 14 577 unsiya olub. Şirkət hasilatla yanaşı satış həcmini də artırıb. Belə ki, hesabat dövründə "Anglo-Asian Mining Plc." 14 956 unsiya qızıl külçə satıb. Şirkət hər unsiyanı 1 328 ABŞ dollarından realizə edib. Bu rəqəmlər 1 il bundan əvvəl 8 283 unsiya və 1 220 dollar olub. 

Əvəzində "Anglo-Asian Mining Plc." mis istehsalını və ixracını azaldıb. Belə ki, bu ilin ilk 3 ayında şirkət 255 ton mis hasil edib. Halbuki, bu rəqəm ötən ilin eyni dövründə 606 ton olub. Bundan başqa, əgər Anglo-Asian Mining Plc." 1 il bundan əvvəl xaricə 4,2 mln. dollar dəyərində 2 230 ton mis satmışdısa, hesabat dövründə bu göstərici 1,7 mln. dollar dəyərində 608 ton mis olub. 

Şirkət gümüş istehsalını isə 39 369 unsiyadan 40 583 unsiyaya qaldırıb. 

Bundan başqa, yanvar-mart aylarında "Anglo-Asian Mining Plc." borclarını 43% azaldaraq 18,3 mln. dollardan 10,4 mln. dollara endirib. Şirkətin baş icraçı direktoru (CEO) Reza Vaziri bildirib ki, yanvar-mart aylarında hava şəraiti sərt olsa da, uğurlu dövr olub: "Mən məlumat verməyə çox şadam ki, 2018-ci ilin I rübündə borclarımız 7,9 mln. dollar azalıb. Bu rəqəm 2017-ci ilin martında 33,1 mln. dollar olub”.

Qeyd edək ki, son vaxtlar R.Vaziri şirkətdəki payını 5,4% artıraraq 42,18%-ə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256