BİZNES

Xarici ticarət dövriyyəsi 4,4 mlrd. dollar olub
13 APREL
438

Xarici ticarət dövriyyəsi 4,4 mlrd. dollar olub

2018-04-13 14:39:00

2018-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 140 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 86 ölkəyə məhsul ixrac olunub, 131 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən  verilən xəbərə görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 4439,0 mln. dollar, o cümlədən ixracın dəyəri 2987,5 mln. dollar, idxalın dəyəri 1451,5 mln. dollar təşkil edib, nəticədə 1536,0 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-fevral  ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 31,3 faiz, real ifadədə isə 5,8 faiz, o cümlədən ixrac 5,5 faiz, idxal 6,6 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 26,5 faizini İtaliyaya, 10,3 faizini İsrailə, 8,4 faizini Almaniyaya, 6,2 faizini Kanadaya, 6,1 faizini İndoneziyaya, 5,7 faizini Çexiyaya, 4,2 faizini Türkiyəyə, hər biri 3,8 faiz olmaqla  Rusiya və Avstriyaya, 3,5 faizini Yunanıstana, 3,4 faizini Hindistana, 3,2 faizini ABŞ-a, 2,6 faizini Gürcüstana, 2,3 faizini Ukraynaya, qalan 10,0 faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,8 faizi Rusiya, 13,5 faizi Türkiyə, 9,5 faizi Çin, 8,8 faizi Almaniya, 5,5 faizi ABŞ, 4,9 faizi Belarus, 3,8 faizi Ukrayna, hər biri 3,0 faiz olmaqla Çexiya və İtaliya, 2,7 faizi İran, 2,2 faizi Qazaxıstan, 26,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2018-ci ilin yanvar-fevral aylarında 241,7 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar-fevral aylarına nisbətən faktiki qiymətlərlə 37,3 faiz, real ifadədə isə 35,8 faiz çoxdur.

2018-ci ilin yanvar-fevral aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 70,2 faiz, təzə tərəvəz – 14,2 faiz,  tütün – 25,1 faiz, şəkər – 2,4 faiz,  meyvə və tərəvəz şirələri – 23,5 faiz, çay – 6,6 faiz, meyvə və tərəvəz konservləri – 10,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 95,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,1 faiz, kartof – 8,9 dəfə, polietilen – 15,4 faiz, qara metallardan borular – 1,8 faiz,  pambıq ipliyi – 36,2 faiz  artmış, bitki yağları ixracı isə 41,4 faiz, emal olunmamış alüminium – 23,5 faiz, pambıq lifi – 39,1 faiz, bentonit gili – 22,4 faiz, qara metallardan yarımfabrikatlar – 65,8 faiz azalıb.

2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə  2018-ci ilin yanvar-fevral aylarında buğda idxalı 70,9 faiz, bitki yağları – 48,9 faiz, təzə meyvə – 54,5 faiz, çay – 39,6 faiz, mal əti – 31,4 faiz, quş əti və onun əlavə məhsulları – 50,0 faiz, qara metallardan borular – 2,2 dəfə,  minik avtomobilləri – 2,2 dəfə, mineral gübrələr – 75,3 faiz, qara metallardan çubuqlar – 85,5 faiz, mebel – 24,8 faiz, rezin şinlər – 21,4 faiz, hesablama maşınları, blok və qurğuları – 58,8 faiz,  polietilen – 82,4 faiz, qara metallardan künclüklər ­– 10,8 faiz, paltaryuyan maşınlar – 61,0 faiz, yük avtomobilləri – 30,9 faiz, məişət kondisionerləri – 32,6 faiz  sement və sement klinkerləri – 3,0 dəfə, məişət soyuducuları – 3,2 dəfə, avtobuslar – 2,2 dəfə artmış, kərə yağı, digər süd yağları və pastalar üzrə idxal isə 29,2 faiz, xam şəkər və şəkər – 70,5 faiz, kartof – 18,8 faiz, təzə tərəvəz – 54,3 faiz, polad prokatı – 4,6 faiz, siqaret – 20,9 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259