BİZNES

Satıcının sizinlə rəftarı mövcud qanunvericiliklə tənzimlənir
28 MART
183

Satıcının sizinlə rəftarı mövcud qanunvericiliklə tənzimlənir

2018-03-28 16:34:00

İstehlakçı-şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Deməli bizim hər birimiz mütəmadi olaraq istehlakçı rolunda çıxış edirik. Təbii ki, istehlakçıların tələbatının ödənilməsi səviyyəsi və istehlak olunan malların keyfiyyəti zaman və məkan baxımından fərqli ola bilər və hazırda bütün dövlətlərdə bu kimi problemlər mövcuddur. Ona görə də, sivil ölkələrdə dövlət istehlakçıların hüquqları maksimum dərəcədə etibarlı şəkildə qorumağa çalışır. Azərbaycan da son illər bu sahədə öncül ölkələr sırasına qoşulmaq istiqamətində iri addımlarla irəliləməkdədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən Fins.az-a verilən məlumata görə, qanunvericilikdə Azərbaycan Respublikası ərazisində istehlakçılara geniş hüquqlar verilmişdir. Bunların sırasında malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi, istehlak edilən malların lazımi keyfiyyətdə olması, onların təhlükəsizliyi,  miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək kimi hüquqlar yer alır. Həmçinin, istehlakçılar qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsi, ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə,  öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək haqlarına malikdirlər. Ancaq təssüflər olsun ki, istehlakçıların böyük bir hissəsinin qeyd olunan hüquqları barədə kifayət qədər məlumatlı olmaması onların pozulmasına imkan yaradır.

Məhz bu səbəbdən son illər dövlət səviyyəsində istehlakçı hüquqlarının qorunmasına xüsusi diqqət göstərilir və dövlət başçısı tərəfindən əlaqədar qurumlar qarşısında istehlakçıların hüquqlarının etibarlı müdafiəsi, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunması ilə bağlı çox mühüm vəzifələr qoyulmuşdur.

Mallarda istehlakçı tələbinə və zövqünə uyğun keyfiyyətin formalaşdırılması vacib məsələlərdən biridir. İstehlakçı tərəfindən alınmış malların istifadəsi onun həyatına, sağlamlığına, əmlakına və ətraf-mühitin təhlükəsizliyinə dair qəbul olunmuş normativ sənədlərə   uyğun olmalıdır. Əgər hər hansı bir məhsulun istifadəsi üçün xüsusi qaydalara əməl olunması zəruridirsə, belə halda istifadə qaydaları  müəyyənləşdirilməli və satıcı da bunları alıcının nəzərinə çatdırmalı, yaxud müəyyən edilmiş vaxtdan   artıq istifadə edilməsi təhlükəli ola bilən mallar üçün isə istifadə (xidmət) müddəti müəyyən edilməli və malın təlimatlarında göstərilməlidir. Təhlükəsizlik tələbinin müəyyən edildiyi mallar məcburi sertifikatlaşmadan keçməlidir. İstifadə müddəti göstərilməyən və ya ötmüş, müvafiq sertifikatı olmayan malların satışı və istifadəsi qadağandır.

Ticarət obyekti müştəriyə onu maraqlandıran malın qiyməti, istehsal tarixi, saxlanma müddəti, çəkisi, istehlak xüsusiyyəti, maldan istifadə üsulları və qaydaları, onların müddətləri, saxlanma şərtləri və təhlükəsiz istifadə edilməsi haqqında dürüst məlumatlar verməlidir.

Eyni zamanda istehlakçı olaraq hər kəs malın yarlığında və ya müşayiətedici sənədlərində göstərilmiş məlumatları diqqətlə oxumalıdır. Nəzərə alın ki, tez xarab olan və insanların sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə təhlükə kəsb edən ərzaq məhsullarının, dərmanların, ətriyyat-kosmetika vasitələrinin, kimya məhsullarının və başqa malların üzərində (qablarında) və ya onlara əlavə edilən müvafiq sənədlərdə yararlılıq müddəti göstərilir. Bilin ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 584-ci maddəsinə əsasən yararlılıq müddəti əşyanın təyinatı üzrə istifadəyə yararlığına hədd qoyan müddətdir. Satıcı yararlılıq müddəti müəyyənləşdirilmiş əşyanı alıcıya elə hesabla verməlidir ki, yararlıq müddəti bitənədək əşyadan təyinatı üzrə istifadə edə bilsin.

İstehsalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə müqavilə əsasında malın (görülən işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində, belə müddətin olmadığı halda isə 10 il müddətində təyinatı üzrə istifadə edilməsinə təminat verməlidir.

Nəzərə alın ki, almaq istədiyiniz malın keyfiyyətindən tutmuş, göstərilmiş xidmətin səviyyəsi, satıcının sizinlə rəftarı və s. kimi məsələlər mövcud qanunvericiliklə tənzimlənir. Bu baxımdan hər kəsin öz hüquqlarını bilməsi və onları tələb etməsi faktiki olaraq istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunması üçün zəruridir. Qeyd olunan bu kimi digər məsələlərlə bağlı hər hansı problemlə qarşılaşdıqda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edin.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279