BİZNES

Bu zavodun özəlləşdirilməsi üçün 50-dən çox şirkətə müraciət olunub
08 FEVRAL
118

Bu zavodun özəlləşdirilməsi üçün 50-dən çox şirkətə müraciət olunub

2018-02-08 11:04:00

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 270 mln. tondan artıq dəmir filizi ehtiyatlarına malik “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmləri investisiya müsabiqəsinə çıxarılıb. Fins.az APA-ya istinadən xəbər verir ki, müsabiqənin dövlətin strateji maraqlarına uyğun və daha səmərəli keçirilməsi məqsədi ilə KPMG şirkəti açıq tender əsasında məsləhətçi qismində cəlb edilib. Özəlləşən səhm zərfinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi aparılıb, gələcək iqtisadi faydaların əldə edilməsi ilə müəyyən edilən investisiya dəyəri çıxarılıb. Mövcud qanunvericiliyə uyğun olaraq təşkilatlararası müsabiqə komissiyası yaradılıb. Müsabiqə komissiyasına daxil olan İqtisadiyyat, Maliyyə, Ədliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmlak Məsələləri Dövlət Komitəsi, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən məsləhətçi şirkətin tövsiyələri nəzərə alınıb.

Bundan başqa, müəssisənin özəlləşdirilməsi prosesinə strateji investorların cəlb olunması məqsədi ilə polad istehsalı üzrə ixtisaslaşan 50-dən artıq xarici şirkətə ünvanlı dəvət məktubları göndərilib.

Müəssisənin özəlləşdirilməsinə yerli şirkətlərlə yanaşı, ABŞ, Avropa, BƏƏ, Hindistandan olan potensial investorlar və konsorsiumlar maraq göstərir. Həmin şirkətlərdən bəziləri ilə memorandumlar imzalanıb. Hazırda müəssisənin özəlləşdirilməsi istiqamətində həmin investorlar tərəfindən təhlillər davam etdirilir.

Müsabiqə şərtlərinə əsasən müəssisəni özəlləşdirən investor dövlət büdcəsinə 100 mln. manatdan az olmayaraq ödəniş etməlidir. Həmçinin xammaldan hazır məhsuladək istehsal klasterinin qurulması məqsədi ilə  5 il ərzində yeni zavodların tikintisinə 600 mln. dollardan az olmayaraq investisiya yatırmalıdır. Bundan başqa, 1000 nəfərdən az olmayaraq yeni iş yeri təsis etməli, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarına olan borcları ödəməlidir.

Müsabiqə üzrə ərizə və təkliflərin qəbulu müddəti 31 may cari il tarixinə qədər müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301