BİZNES

Bu maraqlıdır – NİKE
31 DEKABR 2017
1227

Bu maraqlıdır – NİKE

2017-12-31 15:00:00

Nike” şirkətinin tarixi Fil Naytın (Phil Knight) adı ilə bağlıdır. O, Orenqon Universitetinin komandasında orta dərəcəli qaçış üzrə idmançı olmasına baxmayaraq, illər keçdikdən sonra 3,8 milyard dollar sərvəti olan ən varlı amerikalılar sırasında 6-cı yeri tutmuşdur.

1964-cu ildə o öz məşqçisi Bill Bauerman (Bill Bowerman) ilə birlikdə şirkət təsis edir.

Həmin vaxtlar, Amerika istehsalı olan idman ayaqqabılarının qiyməti 5 dollar olmasına baxmayaraq, keyfiyyəti heç də yaxşı deyildi. Bir çox idmançılar idman meydançalarından ayaqları qanlı qayıdırdılar. Keyfiyyətli mal isə Almaniya istehsalı hesab olunurdu, bu isə olduqca baha idi.

Nayt-Bauermanın nəzəriyyəsi sadə idi: Məşhur qərbi alman ayaqqabılarına nəzərən daha yüksək keyfiyyətli ayaqqabı Amerikada da proyektləşdirilə bilər, Asiyada istehsal olunub və yenidən Amerikada satıla bilər. 60-cı illərdə Stenfordda MBA üzrə iqtisadi təhsil alan zaman o, Frank Şellenberqerin (Frank Shallenberger) sinifində təhsil alırdı. Seminarların birində növbəti tapşırıq – Marketinq planı əsasında özəl şirkət biznesinin inkişaf strategiyasının qurulması olmuşdu. “Nike əfsanəsi“sinə görə, şirkətin konsepsiyası məhz həmin marketinq üzrə seminarda Naytın ağlına gəlmişdir.

1963-cü ildə Fil Nayt Yaponiyaya gedir. Onitsuka fabrikası ilə yüksək keyfiyyətli yapon idman ayaqqabılarının Amerikada satışına dair müqavilə bağlanır. Amerikaya qayıtdıqdan sonra 26 yaşlı gənc qaçış meydançalarının girişində öz yük maşınından yapon idman ayaqqabılarını satmağa başlayır. Onların proyekti “Blue Ribbon Sports” “Nike” firmasının ilkin forması ) adlanırdı.

1964-cü ildə Nayt səkkiz min dollar dəyərində ayaqqabı satır və yeni dövriyyə başlayır. Bouerman və Nayt Cef Consonu (Jeff Johnson) satış üzrə menecer vəzifəsinə qəbul edirlər.

1965-ci ildə Bauerman və Nayt yunan qələbə ilahəsi olan “Niki”nin şərəfinə şirkətin adını dəyişirlər. Deyilənlərə görə, şirkətin yeni – “NİKE” adını Cef Conson yuxuda “qanadlı qələbə ilahəsi Niki”ni gördükdən sonra təklif edib.

1971-ci ildə Portland Universitetinin Dizayn şöbəsinin tələbəsi Karolin Devidson 35 dollara heç kimə tanınmayan şirkət üçün loqotip hazırladı. 22 il sonra – 1983-cü ildə Fil Nayt Karolini restorana dəvət edərək ona üzərində vaxtilə özünün hazırladığı loqotip olan brilliant qaşlı qızıl üzük və əlavə olaraq içində şirkətin səhmlərinin bir hissəsi olan sənəd hədiyyə etdi. Bugün hamının tanıdığı loqo ilahənin qanadını simvolizə edir. Qaçış növlərinin və fitnesin dəbə düşməsi 70-ci illərin əvvəlində biznesin sürətli inkişafına təkan verdi.

1975-ci ildə Bill Bauermanın ağlına yeni bir ideya gəldi, hansı ki, “Nike” tarixində dönüş oldu. Səhər yeməyi ərəfəsində həyat yoldaşının vafli bişirən qabına baxan zaman Bill düşündü ki, əgər krasovkanın alt hissəsi “vafliyəbənzər” olsa, bu bir tərəfdən yerdən itələmə hərəkətinə kömək edər, digər tərəfdən isə ayaqqabının çəkisini azaltmış olar. Tezliklə onu reallaşdıraraq yüngül atletikaçılara sınaqdan keçirməyi təklif etdi. Bu dahiyanə kəşf dərhal “Nike” mallarının bazardakı payını 50%-ə (1979-cu il) qaldırdı. 1980-cı ildə Adidas firmasını geridə qoyduqdan sonra, onların yalnız bir rəqibi qalırdı – Reebok. Bu da Maykl Cordanın (Michael Jordan) ortaya çıxmasına qədər davam etdi.

1984-cü ildə “Nike” şirkəti Amerika Milli Basketbol Assosiasiyasının (NBA) 21 yaşlı ulduzu Maykl Cordan ilə basketbol ayaqqabılarının reklamına dair müqavilə bağladı. İndiki zamanda məşhur idmançıların reklama çəkilməsi praktik hala çevrilib, lakin 80-cı illərin ortalarında “Nike” şirkətinin strategiyasının bənzəri yox idi. Maykl Cordanın iştirakı ilə reklam kompaniyalarına milyonlarla dollar vəsait yatıranda, “Nike” şirkəti özü də fərqinə varmadan idmançını öz mədəni həyatının bir hissəsinə çevirmişdi. Xüsusi olaraq Maykl Cordan üçün hazırlanmış ağırlığadavamlı ayaqqabılar onun ayağını zərbələrdən qoruyurdu. Maykl Cordanın hər dəfə oyuna çıxanda geyindiyi bu möcüzə ayaqqabıların rəngi NBA-da qadağa olunan qara-qırmızı rəngdə idi. Bu səbəbdən assosiasiya Cordanın bu ayaqqabıları geyindiyinə görə hər oyununa 1000 dollar cərimə hesablayırdı, lakin Cordan yenədə onları geyinirdi. Bu skandal yaradan hal əlbəttə ki,“Nike” şirkətinin xeyrinə idi və daha çox basketbol həvəskarlarının diqqətini cəlb edirdi. Nəticədə, şirkətin satışları illik 840 milyon dollardan 4 milyard dollara qədər yüksəldi.

Bu andan etibarən “Nike”-da struktur dəyişikliyi getdi. “Nike” şirkətinin marketinq araşdırmaları bölmələrinin büdcəsi artırılır, lakin “Nike” bununla kifayətlənmirdi. Belə qərara gəlinir ki, yalnız ayaqqabı satışı ilə kifayətlənmək olmaz. Tezliklə küçələrdə “Nike” geyim, saat, idman baş örtükləri və digər idman aksesuarları istehsal edən dünyamiqyaslı idman korporasiyası kimi reklam olunmağa başlayır.

1988-ci ildə beysbol ulduzu Bo Ceksonun (Bo Jackson) iştirakı ilə reklam kampaniyaları başlandı. Üç reklam çarxında Cekson qaçış və basketbol oyunlarında göstərilir. Reklam çarxlarının sonunda “Bo bilir...” sözləri qeyd olunurdu. Növbəti reklam çarxları isə Bo Cekson ilə məşhur musiqiçi Bo Didlinin (Bo Diddley) adlarının oxşar olması səbəbiylə “Bo Didlini tanımır” sözləri ilə məşhurlaşır.

1988-ci ildə “Nike” məşhurluğunu itirməyə başlayır, belə ki, ətrafdakı minlərlə insanların da istifadə etdiyi geyimi geyinmək maraqsız olmağa başlayır. Bu hal isə “Nike” üçün gözlənilən olur. 1998-ci ildə “Nike” yeni məhsul xəttini – ACG – “bütün fəsillər üçün aksesuarlar”ı təqdim edir. Bundan başqa, “Nike” öz biznesinin bir hissəsini müxtəlif ayrı qruplara bölərək struktur dəyişikliyi edir: “Nike” Golf, Cordan Brand, “Nike” Hockey, “Nike” ACG və s.

1998-ci ildəki qiymətlərin qəfil düşüşü, birja indekslərinin kəskin düşməsi və Asiyadakı iqtisadi vəziyyət şirkətin gəlirlərinin aşağı düşməsinə səbəb olur. Şirkət 1998-ci ildə 13 il ərzində ilk dəfə olaraq 67,7 milyon dollar məbləğində itkiyə məruz qalır.

1999-cu ildə “Nike” maddi sıxıntıları aradan qaldırmağa başlayır. İnternetin inkişafı ilə “Nike” internet səhifə adresləri ilə yenidən məşhurlaşmağa başlayır. “Nike” şirkətinin reklamı – hər zaman bir çağırışdır. 2000-ci ilin fevralında internetdə “Nike”-ın yeni proyekti – “Alfa” tədim olundu. Məhsulun yeni xətti internet mağazalarda geniş satışa çıxarıldı. “Nike” şirkətinin “adamı” – Maykl Cordanın böyük idmandan uzaqlaşması vəziyyəti bir qədər çətinləşdirdi. Buna baxayaraq, şirkət rəhbərliyi onun əvəzinə yeni sima – məşhur qolf ustası – Tayqer Vudsla (Tiger Woods) idman tarixində ən möhtəşəm beş illik müqavilə imzaladı. Tezliklə yeni müqavilə öz bəhrəsini verir. Vuds ABŞ çempionatını “Nike”-ın firma məhsulu olan qolf topu ilə oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273