BİZNES

İstehlakçı hüquqları ən çox mobil telefon satışında pozulur
26 DEKABR 2017
138

İstehlakçı hüquqları ən çox mobil telefon satışında pozulur

2017-12-26 16:46:00

İnsan haqları istiqamətində vacib məqamlardan biri istehlakçıların hüquqlarıdır. İstehlakçıların hüquqlarının qorunması dünyada ən aktual məsələlərdən biri hesab edilir. Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir. Məhsulların istehsalı və satışı, xidmətlərin göstərilməsi sahələrində keyfiyyətlə bağlı problemlər hər bir ölkəni narahat edir. Azərbaycanda da mütəmadi olaraq müəyyən sahələrdə problemlərlə qarşılaşan  istehlakçılar var.

Maraqlıdır, 2017-ci ildə istehlakçılar daha çox hansı sahədən narazı qalıblar?

Bu barədə Azad İstehlakçılar Birliyinin sədri  Eyyub Hüseynov danışıb

“Bu il daxil olan şikayətlər daha çox mobil telefonların keyfiyyətsizliyi ilə bağlı olub.  Burada ən çox istehlakçı hüququnu pozan qurum “Kontakt  Home” ticarət şəbəkəsidir. Bahalı qiymətə telefonlar satılır, tez zamanda sıradan çıxır. 
Həmçinin, vətəndaş telefonu  qaytarıb dəyişdirmək istəyəndə əhəmiyyət verilmir. Əksər hallarda satıcı, yaxud servis telefonun üstünə cızıq salır və müştərini telefonu yararsız hala saldığı üçün ittiham edir. Birinci yerdə bu məsələlər dayanıb.

İkinci yerdə, əlbəttə, kommunal xidmətlər-işıq, su, qaz məsələlərində istehlakçı hüquqlarının pozulmasıdır. 
Daha sonra yeyinti məhsulları, ərzaq malları gəlir. Bu sahədə istehlakçı hüquqlarının pozulması, düzgün markalamamaq, yararlılıq müddəti keçməmiş malın xarab olması, onu qaytarmaq istədikdə istehlakçının istəyinə  əhəmiyyət verilməməsidir. 2017-ci il ərzində daxil olan şikayətlər sırasında dərman  preparatları ilə bağlı narazılıqlar da var”.

Müsahibimiz qeyd edib ki, ötən illə müqayisədə daxil olan şikayətlərdə artım müşahidə edilir:

“Lakin bu da təsadüfi deyil.  Bazar iqtisadiyyatı inkişaf etdikcə, istehlakçıların bilikləri artdıqca, şikayətlər də çoxalır. Bu, təbii haldır. Həmçinin bilirsiniz, qida məsələlərinin həlli üçün ölkə prezidenti əhəmiyyətli bir addım atdı. Bu ilin fevral ayında Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə fərman imzaladı. Artıq agentliyin rəisi də təyin olunub. Bu gün Azad İstehlakçılar Birliyi Qoşqar Təhməzova təkliflərlə bağlı məktub hazırlayıb göndərəcək. İctimai təşkilat olaraq biz onlara hansı təkliflər veririk, hansı məsələlərin həll olunmasında köməklik göstərə bilərik, məktibda qeyd edəcəyik”.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301