BİZNES

Yeni ildən 9 saylı Maliyyə Hesabatlarının Beynəlxalq Standartı – “Maliyyə alətləri” tətbiq ediləcək - MƏQALƏ
01 DEKABR 2017
1221

Yeni ildən 9 saylı Maliyyə Hesabatlarının Beynəlxalq Standartı – “Maliyyə alətləri” tətbiq ediləcək - MƏQALƏ

2017-12-01 09:49:00

2014-cü ilin yayında Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (BMUSŞ) 9 saylı MHBS “Maliyyə Alətləri” standartının son versiyasını dərc etmişdir. Standart 2014-cü ildə dərc edilsə də çox mühüm təsirləri və standarta adaptasiya prosesinin kompleks olmasını nəzərə alaraq bu standartın tətbiqi 1 yanvar 2018-ci il tarixində başlayan maliyyə dövrlərinə şamil ediləcək. Bu standartın tətbiqinə başlanıldığı zaman maliyyə alətləri üzrə əvvəlki standart olan 39 saylı BMUS “Maliyyə Alətləri” standartının müddəaları ortadan qaldırılacaq. 9 saylı MHBS-in tətbiqi zamanı əsas yeniliklər iki istiqamətdə olacaq: a) Müəyyən borc alətlərinin təsnifatı və ölçülməsi zamanı yeni kateqoriya olan “Məcmu Gəlirdə Ədalətli Dəyərlə Tanınan Alətlər” və b) maliyyə alətləri üzrə itkilərin daha öncədən tanınmasını təmin edən yeni dəyərsizləşmə modeli. Bu məqalədə daha çox ikinci aspekt üzərində dayanacağıq. Maliyyə öhdəliklərinin ölçülmə və təsnifatında hər hansı əsaslı dəyişikliklər edilməyib. Yeganə dəyişiklik “Mənfəət və Zərərdə Ədalətli Dəyərlə Tanınan Öhdəliklər” olaraq tanınan öhdəliklərdə müəssisənin öz kredit risklərinin dəyişməsinin nəticəsinin əks etdirilməsidir.

Bu standartın yaranma səbəbləri kimi 2008-2012 ci illər arasında qlobal maliyyə bazarlarında baş verən böhran və bu böhranın məhz maliyyə hesabatlarında məlumatların düzgün və zamanında əks etdirilməməsi riski ilə bağlı olmasıdır. Bu çağırışlara qarşı adekvat addımlar atmaq və qlobal səviyyədə oxuyucular üçün daha düzgün məlumat təmin etmək məqsədi ilə BMUSŞ və Amerika Birləşmiş Ştatlarında yerləşən Maliyyə və Mühasibat Uçotu Standartları Şurası (MMUSŞ) birgə olaraq tədbirlər görməyə başlamışlar. Layihə böyük və məsuliyyətli olduğundan onu üç mərhələyə bölmək qərarına gəlinmişdir. Bu mərhələlər: a) Təsnifat və Ölçülmə, b) Dəyərsizləşmə və c) Hecinq Əməliyyatları olaraq bölünmüşdür. Layihənin əvvəlində həm BMUSŞ, həm də ABŞ MMUSŞ vahid prinsiplərə malik bir standart yaratmağı hədəfləsələr də nəticədə BMUSŞ-nin dəyərsizləşmə üzrə “üç mərhələli modeli” ABŞ MMUSŞ-nin isə “vahid dəyərsizləşmə modeli”ni qəbul etməsi ilə çox əhəmiyyətli fərqlər yaradan prinsiplər ortaya çıxmışdır. Bundan əlavə BMUSŞ tərəfindən yaradılan “tanınma və ölçülmə” kriteriyaları da MMUSŞ üçün məqbul olmadığından 9 saylı MHBS həm ABŞ həm də beynəlxalq səviyyədə eyni olaraq qəbul edilmiş standart sayılmır.

Əvvəldə qeyd olunduğu kimi bu standart kredit keyfiyyətində baş verən dəyişikliklər nəticəsində yaranan dəyərsizləşmənin hesablanması üçün “üç mərhələli modeli” (bu modelə həm də “ümumi model” deyirlər) qəbul edir.

Mərhələ 1-ə daxil olan maliyyə alətlərinə xarakterik olan xüsusiyyət ilkin tanınma tarixi ilə hesabat tarixi arasında bu alətlərə məxsus kredit riskində əhəmiyyətli dərəcədə artımın olmaması və ya bu alətlərin ümumiyyətlə aşağı kredit riskinə malik olmalarıdır. Belə alətlər üçün yalnız növbəti 12 ay üzrə ehtimal edilən zərərlərlə bağlı ehtiyat yaradılır və faiz gəlirləri kreditin qalıq dəyərindən dəyərsizləşmə ehtiyatları çıxılmamaqla hesablanır. 12 ay üzrə Ehtimal Olunan Kredit Zərəri (EOKZ), hesabat tarixindən sonrakı 12 ay ərzində defolt ehtimalının (DE) mövcud olması nəticəsində baş verən itkilərdir. Bu məbləğ sadəcə növbəti 12 ay ərzində qrafikə uyğun olaraq alınması tələb olunan nağd pul vəsaitləri ilə faktiki alınması proqnozlaşdırılan vəsaitlər arasındakı fərq deyil, kreditin bütün məbləği üzrə baş verə biləcək defolt ehtimalının nəticəsində yarana biləcək zərəri əks etdirir.

Mərhələ 2-yə daxil edilən maliyyə alətləri (bu alətlərin aşağı kredit riskinə malik olması halları istisna edilməklə) ilkin tanınma tarixi ilə hesabat tarixi arasında kredit risklərinin əhəmiyyətli dərəcədə artdığı, yalnız dəyərsizləşmənin baş verməsi barədə obyektiv sübutların mövcud olmadığı maliyyə alətləridir. Belə malyyə aktivləri üçün ömürlük gözlənilən kredit itkiləri üzrə dəyərsizləşmə ehtiyatları tanınır, lakin faiz hesablamaları Mərhələ 1-də olduğu kimi aparılır.

Mərhələ 3-ə daxil edilən maliyyə alətləri isə hesabat tarixinə dəyərsizləşməsi ilə bağlı konkret və obyektiv sübutların mövcud olduğu maliyyə alətləridir. Bu mərhələyə aid olan maliyyə alətləri üzrə ehtiyyatlar ömürlük gözlənilən kredit itkiləri ilə bağlı dəyərsizləşmə ehtiyatları tanınsa da, faizlər, kreditin amortizasiya edilmiş, yəni qalıq dəyərindən dəyərsizləşmə ehtiyatı çıxılmaqla qalan dəyərindən hesablanır.

İlkin tanınmadan sonra kredit keyfiyyətində baş verən dəyişikliklər

 

 

 

Mərhələ 1

Mərhələ 2

Mərhələ 3

İşlək maliyyə alətləri/kreditlər (ilkin tanınma)

Problemli maliyyə alətləri/kreditlər (ilkin tanınmadan sonra )

İşlək olmayan maliyyə alətləri/kreditlər

 

 

 

Maliyyə alətləri/Kreditlər üzrə təxmin edilən itkilərin tanınması

12 aylıq gözlənilən kredit itkiləri

Ömürlük gözlənilən kredit itkiləri

Ömürlük gözlənilən kredit itkiləri

Faiz gəlirlərinin tanınması

Tam qalıq dəyərinə effektiv faiz dərəcəsi tətbiq edilməklə hesablanır

Tam qalıq dəyərinə effektiv faiz dərəcəsi tətbiq edilməklə hesablanır

Amortizasiya olunmuş qalıq dəyərinə (yəni dəyərsizləşmə üzrə ehtiyyatlar çıxılmaqla) effektiv faiz dərəcəsi tətbiq edilməklə hesablanır

Bu mərhələlərə ayırma zamanı diqqətə almamız tələb olunan əsas məqam təsnifatı apararkən konkret maliyyə alətinin “kredit riski” amilidir. Bu həm də o deməkdir ki, eyni xarakteristikaya malik maliyyə aləti bir müəssisənin balansında Mərhələ 1-də digər müəssisənin balansında isə Mərhələ 2-də təqdim edilə bilər. Hətta kredit verdiyimiz eyni kontragentə aid kreditlərdən biri Mərhələ 1-də digəri isə Mərhələ 2-də təqdim edilə bilər. Kredit risklərini hesablayarkən müəssisə risklərin dəyərləndirilməsi zamanı daxili prosedurlara uyğun olaraq hesablanmış “defolt” anlayışından istifadə etməli və kəmiyyət göstəricilərindən başqa keyfiyyət göstəricilərinə (məsələn maliyyə şərtləri) də fikir verməlidir. Əksini sübut etmək praktik olmadığı hallarda əsasən 90 gün gecikməyə malik bir maliyyə alətinin və ya kreditin artıq defolt xarakterlərinə malik olması sayılır.

Bu yeni dəyərsizləşmə modeli aşağıda qeyd edilmiş bir sıra alətlər üçün tətbiq olunmalıdır:

  • Amortizasiya olunmuş maya dəyərində təqdim edilən borc alətlərinə qoyulan investisiyalar;

  • Məcmu Gəlirdə Ədalətli Dəyərlə Tanınan” borc alətlərinə investisiyalar;

  • Mənfəət və Zərərdə Ədalətli Dəyərlə Tanınan” bütün borc öhdəlikləri;

  • 9 saylı MHBS-in tətbiq olunduğu maliyyə zəmanətləri müqavilələri;

  • 17 saylı BMUS “Lizinqlər” və 15 saylı MHBS “Müştərilərlə müqavilələr üzrə əldə edilən gəlirlər” standartları üzrə alınacaq lizinq ödənişləri, debitor borcları və müqavilə aktivləri də bura daxildir.

Buna baxmayaraq müəyyən hallarda standartın tətbiqini asanlaşdırmaq və əsas məqsədən yayınmamaq üçün BMUSŞ modeli tətbiq edərkən bəzi alətlərə “sadələşdirilmiş yanaşmanı” digər alətlərə isə “ümumi yanaşmanı” tətbiq etməyi tələb edir. Aşağıdakı sxem hansı hallarda sadələşdirilmiş sxemin tətbiq olunmasına aydınlıq gətirir:

Göründüyü kimi model debitor borcları, müqavilə aktivləri və lizinq ödənişləri üçün müəyyən sadələşdirmələr təqdim edir. Burada əsas məqsəd belə maliyyə aktivlərinə malik olan müəssisələrdə mürəkkəb kredit riskinin idarə olunması sistemlərinin mövcud olmamasıdır. Sadələşdirmənin mahiyyəti kredit riskinin nə zaman artmasını təyin etmək və 12 aylıq kredit itkilərinin hesablanması üçün bir sıra təxminlərin edilməsinin qarşısının alınmasıdır. Lizinq ödənişi sayılmayan debitor borcları və müqavilə aktivlərində bu alətlər üzrə Ömürlük EOKZ hesablanmalı və tanınmalıdır. Mühüm maliyyə komponentlərinə malik debitor borcları, müqavilə aktivləri və lizinq ödənişləri üzrə isə müəssisə bir siyasət formalaşdırmalı və bu siyasətin nəticəsi olaraq ya sadələşdirilmiş yanaşmanı seçməli ya da ümumiləşdirilmiş yanaşmanı seçərək mütəmadi olaraq tətbiq etməlidir. Müxtəlif kateqoriyalar üzrə siyasət seçimi fərqli ola bilər. Məsələn, müəssisə bebitor borclarının uçotunu sadələşdirilmiş yanaşma üzrə lizinq ödənişlərinikini isə ümumiləşdirilmiş yanaşma üzrə apara bilər.

Ümumi dəyərsizləşmə modeli “ilkin dəyərsizləşmiş maliyyə alətlərinə” aid edilmir. “İlkin dəyərsizləşmiş maliyyə alətləri” əldə edildikləri zaman artıq əhəmiyyətli dərəcədə dəyərsizləşmiş alətlərdir. Buna misal olaraq nominal dəyərindən əhəmiyyətli dərəcədə aşağı satılan istiqrazları (“cank (zibil)” istiqrazlar) göstərmək olar. Bu alətlərin dəyərsizləşməsi tanınma zamanı tam ömürlük EOKZ üzrə tanınır. Buna baxmayaraq ilkin tanınma zamanı effektiv faiz dərəcəsini hesablayarkən ömürlük EOKZ hesablamalarda nəzərə alınır. İlkin tanınmadan sonra ömürlük EOKZ-də baş vermiş istər müsbət istərsə də mənfi fərqlər dərhal mənfəət və zərər hesablarında nəzərə alınır.

Ümumi modelə istisna olaraq, hesabat tarixində kredit riski aşağı olan maliyyə alətlərində müəssisənin rəhbərliyi dəyərsizləşmə ehtiyatını 12 aylıq EOKZ ilə hesablaya bilər və əlavə olaraq bu alətin kredit riskində əhəmiyyətli dərəcədə artımın baş verməsini dəyərləndirmək zərurəti yoxdur. Bu əməliyyat sadələşdirilməsini tətbiq etmək üçün maliyyə aləti aşağıdakı tələblərə cavab verməlidir:

  • Maliyyə aləti üzrə defolt riski aşağı həddə olmalıdır;

  • Borc alan tərəfin qısa müddət ərzində öz borc öhdəliklərini yerinə yetirmək imkanları güclü olmalıdır;

  • Borc verən, müəssisə borc alan tərəfin uzun müddət ərzində iqtisadi və işgüzar mühitdə yarana biləcək mənfi təsirlərə baxmayaraq borcu ödəmək imkanlarının mənfi istiqamətdə dəyişməyəcəyini ehtimal edir.

Burada əsas olan məqam alətin kredit riskini dəyərləndirərkən ona bağlı olan girovun diqqətə alınmamasıdır. Bu həm də o deməkdir ki, sadəcə girov təminatının yüksək olması səbəbindən maliyyə alətinin kredit riskinin aşağı olduğunu təxmin etmək olmaz. Başqa bir məqam isə maliyyə alətini müəssisənin əlində olan digər maliyyə alətlərinə nisbətən daha az kredit riskinin olmasına və ya bu alətin əməliyyat olunduğu ölkə və ya yurisdiksiyadakı digər maliyyə alətlərinə nisbətən daha az riskə malik olmasına görə onu aşağı riskli maliyyə aləti kimi təsnif etmək də yolverilməzdir. Bu praktiki istisnanın tətbiq edilməsi rəhbərliyə verilən seçimdir. Bu o deməkdir ki, rəhbərlik əgər istərsə daha çətin yolla gedib ümumi modeli aşağı kredit riskinə malik alətlərə də tətbiq edə bilər. Sadələşmənin əhatə dairəsi yüksək reytinqli maliyyə alətlərinə malik müəssisələr üçün (məsələn sığorta təşkilatları) hər hesabat tarixində əlavə yük yaradaraq maliyyə alətlərinin kredit riskində dəyişiklikləri təhlil etmək zərurəti yaratmamağa imkan verməkdir. Yüksək reytinqli dedikdə maliyyə alətlərinin Fitch, Moody’s və S&P kimi reytinq agentlikləri tərəfindən dəyərləndirməsi deyil, qlobal reytinq standartlarına uyğun olaraq “investisiya dərəcəsi” anlayışına cavab verən kriteriyalara malik maliyyə alətləri nəzərdə tutulur.

Kredit riskinin ən aşağı həddindən bir qədər yüksəlməsi o demək deyil ki, rəhbərlik dərhal həmin maliyyə aləti üzrə ömürlük EOKZ tanımalıdır. Bu zaman kredit riskindəki artımın nə dərəcədə əhəmiyyətli olmasına diqqət yetirilməlidir.

Kredit riskindəki artımın əhəmiyyətli olduğu qənaətinə gəldikdə rəhbərlik sadəcə EOKZ-dəki dəyişikliyə deyil, bu maliyyə alətinin bütün ömrü ərzindəki defoltun baş verməsi ehtimalını dəyərləndirməlidir. Rəhbərlik maliyyə aləti üzrə hesabat tarixindəki Defolt Ehtimalını (DE) bu alətin ilkin tanınması zamanı mövcud olan Defolt Ehtimalı ilə müqayisə etməlidir. Əgər rəhbərlik DE-dən istifadə etməyi planlaşdırırsa adətən növbəti 12 ay ərzindəki DE maliyyə alətinin bütün ömrü boyu olan DE ilə eynilik təşkil edir. Buna baxmayaraq istisnalar da mövcuddur. Məsələn, əsas kredit məbləğinin ödənilməsi kreditin ömürü boyu qeyri bərabər paylandığı və ödənişlərin 12 aydan sonraya təsadüf etdiyi kreditlərdə 12 aylıq DE uzunmüddətli DE ilə eyni olmur.

Yuxarıda qeyd etmişdik ki kredit riskini təxmin edərkən rəhbərlik maliyyə aləti ilə bağlı girov təminatını nəzərə almamalıdır. Buna baxmayaraq kredit üzrə bərpa edilə bilən məbləği hesablayarkən girovun reallaşdırılması hesabına yaranan nağd vəsaitlər nəzərə alınmalıdır.

12 aylıq DE-ləri təxmin edərkən maraqlı məqamlardan biri də prudensial məqsədlərlə istifadə edilən defolt ehtimallarının olduğu kimi istifadə olunmasıdır. Maliyyə alətləri üzrə defolt ehtimallarını hesablayarkən prudensial və maliyyə hesabatları perespektivindən bir çox göstərici eyni olsa da iki yanaşma arasında fundamental fərq mövcuddur. Prudensial hesablamalar zamanı DE “Bütün Tsikl Əhatəli” (TTC) yanaşma ilə hesablanırsa, 9 saylı MHBS tələblərinə görə “Müəyyən Zaman İntervalı” (PİT) yanaşması tətbiq olunur. Bu o deməkdir ki, prudensial hesablamalar iqtisadiyyatdaki artım və tənəzzülləri nəzərə almadan defolt ehtimalı hesablayır maliyyə hesabatları baxımından isə tənəzzül illərində TTC DE, PT DE-dən daha kiçik olur və artım illərində bunun əksi baş verir.

Bir məsələ də nəzərə alınmalıdır ki, bütün digər amillər dəyişməz qalsa belə maliyyə alətinin tanınması tarixində mövcud olan DE ilə hesabat tarixində mövcud olan DE eyni deyil. Çünki maliyyə alətinin ömrü qısaldıqca onun defolt ehtimalı da müəyyən statistik qayda ilə azalmış olur. Məsələn 7 illik bir istiqrazı aldığımız an onun defolt ehtimalı 5-cü ilin sonundakı defolt ehtimalından daha çoxdur, çünki bu maliyyə alətinin müddətinin bitməsinə artıq 7 il deyil 2 il qalmışdır.

Standart onu da qeyd edir ki, maliyyə alətlərinin kredit riskinin artmasını təyin edərkən rəhbərlik mövcud olan resurslardan istifadə etməli və əsaslandırılmamış əlavə xərclər çəkməməlidir. Bu zaman müəsisə bazardakı trendləri, daxili amilləri və borc alana spesifik olan məlumatları dəyərləndirməlidir.

Kredit risklərinin əhəmiyyətli dərəcədə artmasına dəlalət edən aşağıdakı amillərin təsiri təhlil edilə bilər:

  • Kredit riskləri oxşar və ya eyni olan qruplar üzrə tanınma tarixində maksimal kredit riski dərəcəsi təyin etmək və bu göstəricini hesabat tarixində olan göstərici ilə müqayisə etmək;

  • Praktik olduğu hallarda borc götürən tərəfin dəyərləndirərək maliyyə alətinə aid kredit riskinin dəyişməsini təyin etmək;

  • Maliyyə alətinin kənar reytinq şirkəti tərəfindən dəyərləndirilən faktiki və ya gözlənilən kredit reytinqində dəyişikliklərin təhlil olunması.

Adətən maliyyə alətinin kredit riskindəki artım onun dəyərsizləşməsinə dair obyektiv halların baş verməsi anından daha əvvələ təsadüf edir. Buna görə də 9 saylı MHBS tələb edir ki kredit risklərində əhəmiyyətli artımları təhlil edərkən həm tarixi məlumatlar həm də gələcəyə dair proqnozlar istifadə edilsin. Əgər digər amillərin təhlili daha informativ sayılmırsa qəbul edilmiş belə bir qayda var ki, müqavilə üzrə ödənişləri 30 gün və daha artıq gecikmiş kreditlər artıq kredit riskində əhəmiyyətli artıma dəlalət edir. İstisnalar olaraq gecikmənin borc alanın maliyyə durumundan deyil inzibati məsələlərdən qaynaqlandığı hadisələri və ya rəhbərliyin müəyyən təhlilləri nəticəsində konkret müəssisə və konkret şəraitlə bağlı kredit riskinin artışını 60 gündən çox gecikməsi olan kreditiləri qəbul etməyin daha müvafiq olması hallarını göstərmək olar.

Ümumiləşdirilmiş model həm konkret maliyyə aləti səviyyəsində həm də portfel səviyyəsində tətbiq oluna bilsə də bəzi amillərin konkret maliyyə aləti səviyyəsində təyin edilməsi mümkün deyil. Belə olan halda ömürlük EOKZ-lər portfel səviyyəsində hesablanmalı və bu portfelə aid edilməlidir. Bəzi hallarda isə rəhbərlik müəyyən növ maliyyə alətləri üzrə kredit riskinin əhəmiyyətli artımını bu alət üzrə obyektiv dəyərsizləşmə sübutlarının mövcud olması anından daha öncə təxmin etmək iqtidarında olmur. Məsələn pərakəndə istehlak kreditləri üzrə məbləğin az və kəmiyyətin çox olması səbəbindən kredit müəssisələri kredit riskini konkret kredit üzrə gecikmənin baş verdiyi anda dəyərləndirirlər. Kredit riskinin artmasının gecikmə halının baş verdiyi an təyin edilən alətlərdə fərdi dəyərləndirmə daha informativ deyil və portfel yanaşması tətbiq olunmalıdır. Bəzi hallarda isə maliyyə alətləri üzrə kredit riskində artımı fərdi olaraq təyin etmək rəhbərlikdən həddindən artıq maliyyə və vaxt resursları tələb etdiyi üçün əsassız xərclərin qarşısını almaq üçün kollektiv dəyərləndirmə daha məqsədə uyğundur. Müxtəlif malyyə alətlərinin eyni və ya bənzər kredit risklərini paylaşması kriteriyalarına aşağıdakıları aid etmək olar:

  • Eyni sənaye;

  • Borcalanın eyni coğrafi məkanda olması;

  • Eyni növ maliyyə alətləri;

  • Eyni kredit reytinqinə malik olmaq;

  • Eyni verilmə tarixi;

  • Kreditin son tarixindək qalan müddət;

  • Girov təminatının kreditin qalıq dəyərinə olan nisbəti (əgər belə nisbət kredit üzrə defolt ehtimalına təsir edirsə).

Ehtimal Olunan Kredit Zərərləri (EOKZ) = Defolt Ehtimalı x Defolt halında Maksimal Zərər

Kredit Zərəri dedikdə hər hansı bir maliyyə aləti üzrə müqavilədə nəzərdə tutulmuş nağd vəsaitlərin daxilolmasının xalis cari dəyərinin bu alətlər üzrə ehtimal etdiyimiz gələcəkdəki nəğd vəsaitlərin daxilolmasının xalis cari dəyərinə bərabər olmamasıdır.

EOKZ-u hesablayarkən rəhbərlik pulun zaman dəyərini (hesablamanın 12 aylıq və ya ömürlük EOKZ hesablaması olmasından asılı olmayaraq) mütləq nəzərə almalıdır. Rəbərlik EOKZ hesablanması zamanı maliyyə alətinin ilkin tanınması zamanı mövcud olan effektiv faiz dərəcəsindən istifadə etməlidir. Dəyişkən faizli alətlər üçün isə EOKZ cari effektiv faiz dərəcəsindən istifadə edilərək diskontlaşdırılmalıdır.

Mənfəət və Zərər hesabına Ədalətli Dəyərdə tanınan” Maliyyə Alətləri üçün EOKZ-də dövrlər arasında fərqlər mənfəət və zərər hesablarında 39 saylı BMUS da tələb olunandan daha öncə əksini tapır. Eyni yanaşma “Məcmu Gəlir Hesabına hesabına Ədalətli Dəyərdə tanınan” Maliyyə Alətləri üçün də şamil olunur.

Verilmiş kreditlərdən əlavə bu standart şərti kredit öhdəlikləri (kredit xətləri, zəmanətlər və və s.) üçün də tətbiq edilir. Başqa sözlə rəhbərlik şərti kredit öhdəlikləri üzrə növbəti 12 aylıq müddətdə və bundan sonrakı maliyyə alətinin ömrünün sonunadək olan dövrdə bu şərti kredit öhdəliklərinin kreditə çevrilmə ehtimalını hesablamalı və müvafiq EOKZ-lər üzrə ehtiyatları bu halların baş verməsi anından daha əvvəl yaratmalıdır. Maliyyə zəmanətlərində isə bu hesablamalar zəmanət üzrə öhdəlik götürülən məbləğ ilə zəmanət verilmiş müştəridən maksimal əldə edə biləcəyimiz məbləğin fərqinə, müştərimizin öhdəliklərini icra etməmə ehtimalına uğun olaraq EOKZ yaradılmalıdır.

Bəzi hallarda həm kredit xüsusiyyətlərinə həm də şərti kredit öhdəliyi xususiyyətinə malik (məsələn revolver kredit xətləri), hibrid maliyyə alətləri olur. Belə olan halda hətta müqaviləyə müvafiq olaraq dərhal müştəridən geri ödəmə tələb edə və ya kredit xəttini ləğv edə bilsək də bu bizi yaranan kredit riskinə qarşı tam qorumur. Bu zaman EOKZ müəssisənin bu kredit riskinə məruz qaldığı müddət boyu tanınmalı və rəhbərliyin önləyici tədbirlər alması hər hansı şəkildə bu kredit aktivi üzrə EOKZ yaratmağımıza əngəl olmamalıdır. Belə alətlər üzrə EOKZ-u hansı müddət boyu tanımağımıza aşağıdakı amillər təsir göstərə bilər:

  • Müəssisənin bənzər alətlər üzrə kredit riskinə məruz qaldığı müddət;

  • Bənzər maliyyə alətləri üzrə kredit riskinin artmasından sonra müvafiq defolt hadisəsinin baş verməsinədək olan müddət;

  • Maliyyə aləti üzrə kredit riskinin əhəmiyyətli dərəcədə artması halında müəssisənin rəhbərliyi tərəfindən atılması gözlənilən addımlar (məsələn, kredit xəttlərinin azaldılması və ya ləğv edilməsi).

Standartda deyilir ki, müəssisə maliyyə aləti üzrə EOKZ hesablayarkən aşağıdakı məsələləri diqqətə almalıdır:

  • Qərəzsiz və ehtimallara istinad edən və bütün müxtəlif nəticələrin yaranmasını diqqətə alan təhlilin aparılması. Bu o deməkdir ki müəssisənin rəhbərliyi ən az iki nəticəni təhlil etməlidir. Minimal olaraq bu nəticələr kredit itkisinin baş verməsi ehtimalı və belə bir itkinin baş verməməsi ehtimalıdır;

  • Pulun zaman dəyərini modelə daxil etmək;

  • Keçmiş hadisələr, cari vəziyyət, eləcə də gələcəkdəki hadisələrin proqnozu və hesabat tarixinə iqtisadi şərait ilə bağlı məntiqli və sübutlara dayanan məlumatların istifadəsi. Təbii ki, gələcəyə yönəlik proqnoz dövrü artdıqca məlumatların əldə edilməsi imkanları və onların etibarlılıq dərəcəsi azalır. Standart spesifik olaraq müddətlə bağlı tələb irəli sürməsə də daha etibarlı olan məlumatların təhlili və onların gələcək dövrlərə ekstrapolyasiyasını tövsiyə edir. İstifadəsi məqsədəuyğun olan istənilən ekstrapolyasiya üsulundan istifadəyə icazə verilir.

Kreditlərin restrukturizasiyası zamanı əgər müəssisə maliyyə aktivinin ilkin ödəniş qrafiklərinə dəyişiklik edirsə və nağd pul vəsaitlərinin müəssisəyə daxil olması müddətləri dəyişirsə bu zaman maliyyə aktivinin qalıq dəyərinə düzəliş edilməlidir. Aktivin yeni qalıq dəyəri yaranmış yeni nağd vəsaitlərin daxil olması proqnozunu aktivin ilkin tanınma zamanı hesablanan effektiv faiz dərəcəsi istifadə edilməklə diskontlaşdırılmalı və yaranmış fərq dərhal mənfəət və zərər hesablarında “restrukturizasiya nəticəsində yaranmış zərər” bəndi olaraq ayrıca qeyd edilməlidir. Restrukturizasiya olunmuş aktivlər üzrə kredit riskinin artması təhlili digər maliyyə alətlərində olduğu kimi aparılmalıdır.

EOKZ təqdimatı ilə bağlı 9 saylı MHBS tələb edir ki EOKZ maliyyə vəziyyəti hesabatında ehtiyat kimi tanınsın. Burada əsas məqam odur ki “Məcmu Gəlirdə Ədalətli Dəyərdə Tanınan” maliyyə alətləri üçün ehtiyyat məbləği maliyyə vəziyyəti hesabatında ayrıca olaraq təqdim olunmamalıdır yalnız hesabatlara qeydlərdə zərər üzrə ehtiyyatlar bölməsində məlumat təqdim edilir. Amortizasiya olunmuş maya dəyərində tanınan maliyyə alətləri üçün isə ehtiyat məbləğinin maliyyə vəziyyəti haqqında hesabatda ayrıca təqdimatı barədə xüsusi tələblər mövcud deyil.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259