BİZNES

Uldis Auqulis: Ölkələrimiz arasında ikitərəfli münasibətlər bundan sonra da uğurla inkişaf edəcək
23 NOYABR
137

Uldis Auqulis: Ölkələrimiz arasında ikitərəfli münasibətlər bundan sonra da uğurla inkişaf edəcək

2017-11-23 19:31:00

Latviyanın yollar naziri, Latviya və Azərbaycan respublikaları arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Uldis Auqulis  müsahibəsində ölkəılərimizin əməkdaşlığının strateji xarakteri və perspektiv istiqamətləri barədə danışıb. Fins.az AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. 

-Cənab nazir, Siz Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətləri necə qiymətləndirirsiniz?

-Latviya ilə Azərbaycan arasında prezidentlər, parlamentarilər, hökumətlər və sahibkarlar səviyyəsində müntəzəm, açıq və konstruktiv ikitərəfli dialoq yaranıb.

Bu il bir sıra mühüm tədbirlər keçirilib: martın ortalarında Latviya Prezidenti Raymonds Veyonis Bakıya, iyulun ortalarında Azərbaycan Prezidenti İlham Əliyev Riqaya səfər edib. Səfər çərçivəsində Latviya-Azərbaycan biznes-forumu keçirilib. İki ölkənin prezidentləri – R.Veyonisin və İ.Əliyevin iştirak etdikləri bu tədbirdə biznes-danışıqlar aparılıb, bir sıra mühüm razılaşmalar əldə edilib, o cümlədən əməkdaşlıq haqqında sazişlər imzalanıb. Bu il iyun ayında Bakıda Latviya-Azərbaycan Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib.

Ölkələrimiz arasında iqtisadi münasibətlərə gəldikdə isə qeyd etmək lazımdır ki, qarşılıqlı ticarətin mövcud həcmi real imkanlara uyğun deyil. Ölkələrimiz qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün, xüsusən iqtisadiyyat və ticarət sahəsində böyük potensiala malikdir. Hesab edirik ki, əczaçılıq, yeyinti sənayesi, metal emalı, yaşıl texnologiyalar, kənd təsərrüfatı, tikinti, turizm, nəqliyyat və tranzit sahələri daha perspektivli sahələrdir.

Latviya ilə Azərbaycan arasında məsafənin böyük olmasına baxmayaraq, bizim nəqliyyat kompleksləri arasında ümumi cəhətlər çoxdur, buna görə də Azərbaycan Cənubi Qafqazda tranzit və logistika sektorunda Latviya üçün mühüm tərəfdaşdır.

Həm avtomobil nəqliyyatı ilə, həm də dəmir yol vasitəsi ilə müntəzəm yükdaşımalar həyata keçirilir. Düzdür, 2015-ci ilin göstəriciləri ilə müqayisədə 2016-cı ildə dəmir yolu ilə yükdaşımalarının həcmi 50,2 faiz azalıb, lakin 2017-ci ilin on ayı ərzində daşınmış yüklərin həcmi 2016-cı ilin ilk on ayının göstəriciləri ilə müqayisədə 47,1 faiz artıb.

Hesab edirik ki, Avrasiya tranzit daşımalarının inkişafı əməkdaşlığımız üçün mühüm potensiala malikdir. Avrasiya dəmir yollarının inkişafı qitəədki bütün ölkələrin mühüm prioritetlərindən birinə çevrilib və ölkələrimizin coğrafi mövqeyi yük axınlarının təmin edilməsində mühüm rol oynamağımıza imkan verir.

Son illərdə Latviya Avrasiya daşımaları sahəsində əməkdaşlığın inkişafına kömək məqsədi ilə beynəlxalq səviyyədə fəal iş aparıb. 2016-cı ilin noyabr ayında Çindən Latviyaya İvu–Riqa test qatarı yola salınıb. 2017-ci ilin mayında Qazaxıstan ərazisindən keçməklə, Riqadan Çinin şərq hissəsindəki Kaşqara qədər ilk iki konteyner qatarı yola düşüb. Almaniyanın Dusburq şəhərindən göndərilən yük Riqaya çatdırılıb. Sentyabrın axırlarında Urumçidən (Çin) Qazaxıstan dəmir yolu tərəfindən tərtib olunmuş ilk konteyner qatarı Urumçi-Dostık-Riqa-Rotterdam marşrutu ilə yola salınıb. Oktyabrın 16-da həmin qatar Riqaya çatıb, daha sonra onun yükü dəniz yolu ilə Rotterdama göndərilib.

-Bu yaxınlarda MDB və Baltik ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası keçirilib. Dəmir yolu sahəsində Azərbaycanla hansı müştərək layihələrin reallaşdırılması nəzərdə tutulub?

-Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası oktyabrın 19-20-də Riqada keçirilib. Həmin iclasda 18 ölkənin, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, İran və digər dövlətlərin dəmir yolu müəssisələrinin rəhbərləri iştirak edib. Şuranın işi çərçivəsində Azərbaycanla qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi, sərnişin və yük daşınması zamanı dəmir yolu administrasiyalarının iqtisadi məsuliyyətinin artırılması, dövlətlərarası əlaqələrdə dəmir yolu şəbəkəsinin işinin səmərəliliyi məsələləri müzakirə edilib.

Şurada vurğulanıb ki, dəmir yolu sahəsi yükdaşımaların artırılmasında əməkdaşlıq üçün hər cür imkana malikdir. Dəmir yolu daşımaları işin sürətinə və səmərəsinə görə aviasiya nəqliyyatı ilə uğurlu rəqabət apara bilər.

-Sizin fikrinizcə, “Şimal-Cənub” Nəqliyyat Şəbəkəsi meqalayihəsi çərçivəsində əməkdaşlığın perspektivləri necədir?

-Hesab edirəm ki, Latviya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin mühüm istiqamətlərindən biri də son dövrün ən aktual layihəsi olan “Şimal-Cənub” nəqliyyat dəhlizidir. Bu layihə İran, Hindistan, Azərbaycan, Rusiya və Baltikyanı ölkələr arasında dəmir yolu əlaqələrinin inkişafını nəzərdə tutur. Hesab edirəm ki, bu kontekstdə biz Azərbaycanla dəmir yolu əlaqələrini inkişaf etdirməklə, bu ölkə ilə əlaqələrimizi əhəmiyyətli dərəcədə möhkəmləndirə bilərik, çünki Azərbaycan həm “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin, həm də Yeni İpək Yolu layihəsinin tərkib hissəsi olan TRACECA (Avropa-Qafqaz-Asiya) dəhlizinin qovuşduğu ərazidir.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Yaxın Şərq və Cənubi Asiya ölkələrindən (Hindistan, Pakistan) Avropaya gediş-gəlişi intensivləşdirməyə imkan verir. Bu dəhlizə qoşulmaq və onun vasitəsilə daşımalarda iştirak etmək “Latviyas dzelztselş” (Latviya Dəmir Yolu) Dövlət Səhmdar Cəmiyyətinin (DSC) logistika sahəsində prioritetləri siyahısındadır.

Baltik və Skandinaviya ölkələrinə yükləri çatdırmaq imkanı yaratmaq üçün biz həmin dəhlizi Baltik dənizinə qədər uzatmağı təklif edirik. Hazırda “Latviyas dzelztselş” Hindistandan Avropaya, o cümlədən Baltik və Skandinaviya ölkələrinə yük axınının səmərəli, etibarlı və sürətli olmasını təmin etmək üçün logistika qərarlar hazırlayıb.

-Cənab nazir, siz Azərbaycan və Latviya respublikaları arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrisiniz. Hazırda hansı müştərək layihələr üzərində iş aparılır?

-Ölkələrimizin tranzit potensialının artırılması əməkdaşlıq sahəsində mühüm layihədir. Biz Azərbaycanı “ZUBR” konteyner qatarı ilə daşımalara qoşulmağa dəvət etmişik. Biz Azərbaycanla və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulmuş digər ölkələrlə birlikdə həmin dəhlizlə daşımaların inkişafında iştirak edirik.

Tələbələrin təhsili sahəsində ölkələrimiz arasında yaxşı əməkdaşlıq yaranıb. Latviya ali məktəblərində hər il orta hesabla 149 azərbaycanlı tələbə təhsil alır.

Yeyinti sənayesində qarşılıqlı əlaqələrimiz də uğurla inkişaf edir və istər məhsul ixracı, istərsə də təcrübə mübadiləsi sahəsində bu əlaqələri inkişaf etdirmək üçün potensial imkanlar var. Məsələn, Azərbaycan nümayəndələri süd emalı və süd məhsullarının istehsalı texnologiyaları məsələləri üzrə Latviya ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Latviyanın əczaçılıq müəssisələri Azərbaycanda fəaliyyəti genişləndirmək imkanlarını da qiymətləndirirlər.

Turizm sahəsində, o cümlədən Yurmala, Latviyanın sağlamlaşdırıcı turizm klasteri və Latviyanın Kurort Şəhərləri Assosiasiyası tərəfindən inkişaf etdirilən sağlamlaşdırıcı və ekoloji turizm sahəsində fəal əməkdaşlıq edirik.

Əminəm ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər bundan sonra da konstruktiv, səmərəli və dostluq şəraitində inkişaf edəcək, çünki ölkələrimizin hökumətləri bu qarşılıqlı fəaliyyətə kömək etməyə hazırdırlar və bir sıra müəssisələr qarşılıqlı əməkdaşlıqda maraqlıdırlar.

-Məlum olduğu kimi, xüsusən turizm sahəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün birbaşa aviareys olması zəruridir. Ölkələrimiz arasında mövsümi reys fəaliyyət göstərir, daimi əsasda birbaşa hava reysinin açılması məsələsinə baxılırmı?

-Aviarabitə ikitərəfli münasibətlər yaradılmasına mühüm töhfə verir. Latviyanın “AirBaltic” aviaşirkəti 2006-cı ildən Riqa ilə Bakı arasında birbaşa reyslər yerinə yetirir. 2018-ci ilin yay mövsümündə “AirBaltic” mayın 2-dən oktyabrın 24-dək, yəni 2017-ci ilin yay mövsümündəki ilə müqayisədə 2,5 ay artıq müddətdə reyslər həyata keçirəcək. Bu il həmin reyslər iyunun 2-dən sentyabrın 2-dən yerinə yetirilib.

“AirBaltic” aviaşirkəti bu il yay mövsümündə yeni “Bambardye Si Es-300” təyyarəsində Riqadan Bakıya müntəzəm reysləri kifayət qədər uğurla yerinə yetirib. Bu reysin axşam vaxtı və həftədə iki dəfə (cümə axşamı və şəbə günləri) yerinə yetirilməsinə baxmayaraq, 5818 sərnişin, o cümlədən 40 faiz tranzit sərnişin, həmçinin 13 ton yük daşınıb, reyslərin orta yüklənmə göstəricisi 74 faiz təşkil edib.

Daimi əsasda reyslər məsələsində gəldikdə isə bu qərar iqtisadi baxımdan məqsədəuyğunluq və sərnişinlərin tələbatı əsasında qəbul edilir. Buna görə də istisna olunmur ki, 2018-ci ilin yay mövsümünün yekunlarına əsasən aviaşirkət Bakıya uçuşların ilboyu yerinə yetirilməsi haqqında qərar qəbul edə bilər. Mövsümi reyslərin “AirBaltic” aviaşirkəti tərəfindən yerinə yetirilməsinə baxmayaraq, biz ölkələrimiz arasında tranzit aviasərnişinlərin artım potensialını görürük. “Riqa” aeroportu Riqa ilə Bakı arasında müntəzəm uçuşlara başlamağın mümkünlüyü barədə “Azərbaycan Hava Yolları” ilə danışıqlar aparıb. 2017-2018-ci illərin qış mövsümündə “Riqa “ hava limanından 74 istiqamətdə, 2018-ci ilin yayında isə 89-dan çox istiqamətdə uçuşlar yerinə yetirməyin mümkün olduğunu nəzərə alaraq, hesab edirəm ki, “AirBaltic” aviaşirkəti və “Azərbaycan Hava Yolları” arasında sərnişin daşımaları sahəsində əməkdaşlıq daha da inkişaf edəcək. Üstəlik, “Azərbaycan Hava Yolları” reyslərinin və aşağı büdcəli “Azaljet” brendinin Bakıdan uçan reyslərinin sayı da artır, bu da Riqadan uçan sərnişinlər üçün maraq doğurur.

-Latviya Azərbaycana əməkdaşlığın hansı yeni istiqamətlərini təklif edə bilər?

-Latviya Azərbaycana və “Şimal-Cənub” nəqliyyat dəhlizinin iştirakçısı olan digər ölkələrə Baltik dənizi regionu vasitəsi ilə Avropa İttifaqı bazarına çıxış təmin etməklə, yükdaşımaların artırılması sahəsində əməkdaşlıq üçün böyük potensial görür.

Aviasiya sahəsində biz sərnişin daşımaları ilə bərabər, yüklərin aviasiya ilə daşınmasında da əməkdaşlıq etməyə hazırıq. “Riqa“ hava limanı aviayüklərin Çindən Baltik ölkələrinə daşınmasına tələbi nəzərə alaraq, aviasiya yükdaşımalarının genişlənməsi sahəsində daim iş aparır və 2017-ci ilin on ayı ərzində təxminən 19,7 min ton yükə aid xidmətlər göstərib, bu da proqnozlardan 17 faiz çoxdur. Bu ilin iyul ayında “Turkish Cargo” aviaşirkəti Baltik ölkələrinə ilk dəfə müntəzəm yük reysi açıb. İstanbul ilə Riqa arasında həftədə iki dəfə reys yerinə yetirilir. Biz müşahidə etmişik ki, idxal edilən və ixrac olunan yüklərin coğrafiyası yetərincə genişdir. Biz bu sahədə potensial olduğunu görürük və Azərbaycandan olan tərəfdaşlarımıza Bakıdan keçməklə, Asiyadan Baltik, Skandinaviya və Mərkəzi Avropa ölkələrinə aviayüklərin tranziti üzrə əməkdaşlıq təklif etməyə hazırıq. Bundan əlavə, biz avianəqliyyatdan istifadə edilməklə məhsul və malların idxalı və ixracı məsələlərində həm yerli, həm də azərbaycanlı sahibkarlar tərəfindən bu işə maraq olduğunu görürük.

Bioloji təbabət, farmakologiya, informasiya texnologiyaları və humanitar elmlər sahəsində konkret tədqiqat layihələrinin həyata keçirilməsində maraqlı olduğumuzu da qeyd etməyə bilmərəm.

Maşınqayırma və metal emalı sahəsində dəmir yollarının modernləşdiriılməsi və müxtəlif istehsalat avadanlığının istehsalı layihələri üzrə əməkdaşlıq üçün imkanlar görürük.

Kimya sənayesi, xüsusən, farmakologiya sahəsində istehsalın Azərbaycan ərazisində inkişaf etdirilməsini istəyirik. Gördüyümüz kimi, əməkdaşlıq imkanları çoxdur və bu imkanlardan necə istifadə edəcəyimiz yalnız bizim özümüzdən asılıdır.

-Cənab nazir, Siz bu il yayda Bakıda səfərdə olmusunuz. Xahiş edirəm, ölkəmizin paytaxtı barədə təəssüratlarınızı bildirin.

-İyun ayında Bakıda Hökumətlərarası Komissiyanın 7-ci iclası oldu. Bizi çox yüksək səviyyədə qəbul etdilər.

Bakı gözəl şəhərdir, burada yeni tikililər çoxdur, belə tikililəri hər yerdə görmək mümkün deyil. Vətənpərvərliyin və dövlət rəmzlərinə hörmətli münasibətin rəmzi olan Dövlət Bayrağı Meydanı bizə xüsusilə güclü təsir bağışladı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289