BİZNES

Ağsu sahibkarlarına 18 milyon manatdan çox güzəştli kredit verilib
08 NOYABR
142

Ağsu sahibkarlarına 18 milyon manatdan çox güzəştli kredit verilib

2017-11-08 15:09:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağsu rayonunda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilməsi, Ağsuda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə işgüzar forum keçirilib.

Nazirlikdən Fins.az-a verilən məlumata görə, 90-a yaxın sahibkarın iştirak etdiyi forumda Ağsu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, taxılçılıq, soya əkini, intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, süd emalı və meyvəqurutma müəssisələrinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 900-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 69,6 mln. manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 516 min manat güzəştli kredit verilib. Verilən kreditlər taxılçılıq, heyvandarlıq, bağçılıq, arıçılıq, tütün emalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 60-dan çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Ağsu rayonundan olan 658 sahibkara 18,2 mln. manat güzəştli kredit verilib.

Forum çərçivəsində Ağsuda güzəştli kredit ayrılmış iri taxılçılıq və müasir istixana təsərrüfatlarının fəaliyyətinə baxış keçirilib.

Qeyd edək ki, indiyədək regionlarda və Bakı şəhərinin qəsəbələrində 58 müasir istixana komplekslərinin yaradılmasına 188 mln. manat güzəştli kredit verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287