BİZNES

SKMF Bakının qəsəbələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kredit verib
02 NOYABR
134

SKMF Bakının qəsəbələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kredit verib

2017-11-02 15:26:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Bakının Pirallahı qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Fins.az nazirliyə istinadən xəbər verir ki, forum çərçivəsində Pirallahı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, zeytunçuluq təsərrüfatının, badam bağının salınması, corab istehsalı, plastik və polietilen qabların təkrar emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev rəhbərlik etdiyi qurumun özəl bölmənin inkişafında, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, bildirib ki, 2017-ci ilin ötən dövrü ərzində 1 360-a qədər sahibkarlıq subyektinin ümumi dəyəri 346 mln. manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 101,3 mln. manat güzəştli kredit verilib. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində sahibkarlıq subyektlərinin 1 373 investisiya layihəsinin maliyyələşdirilməsinə 397,8 mln. manat vəsait ayırlıb.

İşgüzar forumda Bakının qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 6,2 mln. manat güzəştli kredit verilib. Güzəştli kreditlər müasir istixana kompleksinin yaradılması, bağçılıq, dəri emalı, şpris istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 110-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Pirallahı Sənaye Parkında güzəştli kredit ayrılmış şpris istehsalı müəssisəsinin tikintisi işlərinə baxış keçirilib. Azərbaycanda ilk dəfə yaradılacaq bu zavodda ildə 100 mln. ədəd şpris istehsal etmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287