BİZNES

Biznesin strateji idarə edilməsinin müasir konsepsiyaları - I yazı
28 OKTYABR
668

Biznesin strateji idarə edilməsinin müasir konsepsiyaları - I yazı

2017-10-28 11:00:00
Biznesin strateji idarə edilməsinin müasir konsepsiyalarının hazırlanması və tətbiqi daxili və xarici mühitdə, bazar münasibətlərində, rəqabət sahəsində baş verən iri miqyaslı və dərin dəyişikliklərlə bağlıdır. Müasir dövrdə BSİ - nin bir mənalı konsepsiyası yoxdur və onun uğurlu tətbiqi çox tərəfli baxışlara əsaslanan konsepsiyaların təhlili, seçimi və uyğun konsepsiyanın realizasiyası ilə mümkündür. Isveç alimi T. Yennerin fikrinə görə bunu onunla izah etmək olar ki, strategiya və strateji idarəetmə müxtəlif sahələrdə müxtəlif cür ifadə edilir və istifadə edlir, eyni zamanda çoxsaylı konseptual yanaşmalar bir-birini tamamlamır.
Bütün bunlara baxmayaraq strateji idarəetmə konsepsiyasız müasir kompaniyanı təsəvvür etmək olmaz və o, fəaliyyətdə olan müasir idarəetmə sisteminin ayrılmaz tərkib hissəsidir. Bazel universitetinin professoru M.Braun bu mövqeyi əsaslandıraraq hesab edir ki, “firma menecmentinin təkamülünü bir neçə etapa bölmək olar ki, hansıkı hər etapda diqqət mərkəzində müəyyən problemlər dairəsi dururdu. 50-ci illərdə istehsal problemləri, 60-cı illərdə satış problemləri, 70-ci illərdə bazar problemləri, 80-cı illərdə rəqabət üstünlükləri problemləri, 90-cı illərdə ətraf mühit (artmaqda olan ekoloji amillərin təsirləri, siyasi inkişaf, texnoloji inkişaf, sosial inkişaf) problemləri dominantlıq edirdi.” 80-90-cı illər xüsusilə strateji idarəetmə konsepsiyalarının öz təsdiqini tapması dövrü kimi dəyərləndirmək olar. Müasir biznesin strateji idarəetmə konsepsiylarının formlaşmasına əsas töhfəni amerika iqtisadçıları İqor Ansof, D. Norton, P. Kaplan, A. Tompson və A. Strikland, Maykl Porter, Meskon vermişdir. Mintçberq, Qoldşteyn, David Xassi, Piter Doyl, F. Analoui, Qreminger və başqaları isə bu konsepsiyaları inkişaf etdirmişdir.

İqor Ansof və BSİ-nin ilk müasir konsepsiyası.

Ansofun fikrinə əsasən firma menecmentində iki əsas idarəetmə rejimi fəaliyyət göstərir: operativ və strateji. Gələcəkdə təşkilati məqsədlərə nail olmağa xidmət edəcək potensial biznesin strateji idarə edilməsinin son məhsullarından biridir. Firma üçün bu potensial iki tərəflidir:
a) maliyyə, xammal, insan və informasiya resursları;
b) istehsal edilmiş məhsul və xidmətlər.
BSİ-nin digər son məhsullarından biri struktur və ətraf mühitə cavab taktikası olan dəyişikliklərdir. Ansofa əsasən strateji dəyişikliklər edən firmanın imkanları arxitektonika ilə uzlaşmalıdır:
Istehsal gücü, imkanları və texnologiyası;
Ayrı-ayrı şəxslərin və qrupların dəqiq vəzifələri;
Düzgün və çevik motivasiya sistemi;
Struktur və hakimiyyət dinamizmi;
Təşkilati mədəniyyət, normalar, dəyərlər və davranış modelləri;
Sistem və prosedurlar.
Göründüyü kimi, Ansof iki mühüm aspekti diqqət mərkəzinə qoyur: birincisi, güclü daxili arxitektonika-resurs, struktur, sistem və texnologiya imkanları; ikincisi, bu imkanları və resursları strateji məqsədlərə səfərbər edəcək formalaşmış biznes komanda. Ansof konsepsiyasına istinadalanan müasir kompaniyalar öz idarəçiliyində əsas nəzər yetirəcəyi məsəslələr: daxili arxitektonikanın optimallaşdırılması, ətraf mühit dəyişikliklərinə qarşı hazır olan sistem, biznes personalın formalaşması, kadr hazırlığı və fasiləsiz təlim sisteminin təşkili. Ansof, Lokxid kompaniyasının vitse-prezidenti, korporativ strategiyanın hazırlanmasını və tətbiqini biznes həyatının əsas mərkəzi nöqtəsi kimi qəbul edir. Biznesin strateji idarəedilməsini idarəetməyə sistemli yanaşma kimi dəyərləndirən Ansof firmanın ayrı-ayrı elementləri arasında umumi bir nöqtəyə cəmlənəcək koordinasiyanı mühim hesab edir.
 
Hazırladı: Vüqar Bagğırov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287