BİZNES

Qarabağ atları İtaliya qlstuklarının üzərində
03 AVQUST
192

Qarabağ atları İtaliya qlstuklarının üzərində

2017-08-03 13:00:00

İş adamı Yavər Məmmədovun şəxsi ideya müəllifliyi və təşəbbüsü ilə İtaliyanın “Andrew’s Ties” ticarət markası “Qarabağ atı” adlanan qalstuk ərsəyə gətirmişlər.

Qarabağ atlarına həsr olunan qalstuk yüksək keyfiyyətli ipəkdən hazırlanmış və əl işidir. Qalstukun əsas rəngi olan mavi rəng onu gündəlik və iş həyatında asanlıqla istifadə etməyə imkan verir. Qalstuk üzərində nallar əsasən iki rəngdədir: qəhvəyi və tünd göy. Qəhvəyi rəng həm atların rəngini, həm dağ, torpaq rəngini xarakterizə etməklə qalstukun istifadə əhatəsini də genişləndirir.

Qalstukun qutusu üçün İtaliyadan xüsusi «at dərisi» adlanan süni dəri gətirilmiş, həmin dəridən qutular hazırlanmış, qutunun üzərindəki elementlər isə atların damğalanmasını xatırladan isti basqı ilə edilmişdir. Qutunun qapağının ağzında olan kiçik damğa Qarabağın sonuncu xanı Mehdiqulu xanın atına vurulmuş damğasıdır. Qutunun içərisində məlumat kitabçası vardır ki, orada da Qarabağ atları barədə Azərbaycan və ingilis dillərində geniş məlumat verilmişdir.

Müəllif bu ideyanın Qarabağ atlarına olan sevgisindən yarandığını bildirmişdir. O, həmçinin bildirmişdir ki, bu qalstuklardan təbliğat vasitəsi kimi də istifadə etmək olar. Azərbaycanın milli at cinsi olan Qarabağ atlarına dövlət qayğısı vardır və bu sahə ölkə Prezidentinin şəxsi nəzarətindədir.

Müəllif eyni zamanda bu ideyanın yaranmasını qəlbində olan bir nisgillə də əlaqələndirmişdir:

“Uşaqlıq illərində hər il yay tətilini Qarabağda babamgildə keçirirdim. Babamı daha çox sevdiyimdən onlarda qalırdım. Ancaq atlara olan böyük sevgim məni günün böyük bir hissəsini qohumlarımın həyətində atlarla məşğul olmağa vadar edirdi. At minir və onlara qulluq edirdim. Bu işdən mənəvi zövq alırdım. Bu isə babamın ürəyincə deyildi, çünki məni gün ərzində çox az görürdü. Tətilin son günü babam məni yanına çağırıb dedi: “ İndi gedirsən, ancaq gələn yay bura gələndə sənin hamının atından gözəl öz kəhər atın olacaq.Özü də Qarabağ atı...” Sevincimin həddi -hüdudu yox idi. Lakin, təəssüf ki, bu sevincim uzun sürmədi və elə həmin ilin qış aylarında babamı itirdik...O illərdən babamla bağlı qəlbimdə qalmış nisgili bugün də yaşadıram. Buna görə Qarabağ atlarına həsr etdiyim bu layihəni də babamın əziz xatirəsinə ithaf etmişəm.”

Qarabağ atları 

Bu gün bəşəriyyət tarixini atlarsız təsəvvür etmək qeyri-mümkündür. Minilliklər boyunca atlar insanın istər döyüşdə , istər idmanda, istərsə də gündəlik həyatda ən sədaqətli dostu və köməkçisi olub. Bu da tarixi həqiqətdir ki, atı Azərbaycanlıların ulu babaları olan qədim türklər əhəliləşdirib ev heyvanına çevirib.Türk inancına görə “At igidin qardaşıdır”...

Azərbaycanda atçılığın zirvəsi Qarabağ at cinsi sayılır Azərbaycanın milli at cinsidir. Qarabağ cinsi ən qədim minik atlarındandır. Bu cins öz adını yaranma və inkişaf ərazisi olan Kür - Araz ovalığında yerləşən Azərbaycanın qədim və əzəli torpağı olan Qarabağın adından götürmüşdür. Qarabağ cins atları uzun zaman təmiz iqlimi olan dağlıq ərazilərdə saxlanılıb, buna görə də gözəl xarici görünüşü və sağlamlığı ilə fərqlənib. Qarabağ at cinsinin ümumi xarakteristikası belədir: dağ tipik minik atıdır, dağlıq mənşəli atlara хas olan bədənin bütün hissələrinin harmonik olması, başın boyuna nisbətən mütənasib olması ilə yanaşı peysər hissəsinin güclü olması, dırnaqların möhkəmliyi, belin düz olması və yəhər yerinin hiss olunması, boyun kiçik olması, hərəkətlərində ağırlıq mərkəzini çevik saхlamaq qabiliyyətinin olması və bununla ən sürətli qaçış zamanı belə ani olaraq korpusun vəziyyətini dəyişərək dayanmaq qabiliyyətinin olması, dərisinin nazik və quru, tüklərin zərif və göz qamaşdırıcı parlaq rəngi, atın saf qanlı olması və sahibinə itaət səviyyəsində bağlılığı, baхışlarının mənalı, davranışında mehribançılıq hissinin biruzə verilməsi və s. Qarabağ atlarının rəngləri: kürən, kəhər, qızılı və gümüşü çalarlı sarı, boz. Ən yaxşı atlar “Narınc” adlanan qızılı çalarlı sarı atlar hesab edilirdi. Köhnə mənbələrdə Qarabağ atlarının rəngləri kimi bunlar göstərilirdi: Sarı kürən, Sarı kəhər, Sarı qara kürən, Sarı açıq.

Qarabağ atlarının sol budunda yandırılmış möhürü (damğası) var idi. Bu damğalar Ərəb əlifbası ilə atın yiyəsinin adını göstərirdi. Məsələn, Mehdiqulu xanın atları daim bütün zavodlar üçün nümunə göstərilirdi. Mehdiqulu xanın adını göstərən “Mehdi” damğası onun ölümündən sonra da törəmələri üçün də dəyişilməz idi. Qalstukun qutusunun qapağının maqnitli hissəsində olan damğa Qarabağ xanı Mehdiqulu xana məxsusdur.

Qarabağ atlarının adları: Əlyetməz, Maymun, Sürməli, Ceyran, Cavat, Pəhləvan, İbrahim, Aristokrat, Şən, Məğrur, Şərbət, Zarafatcıl, Şeytan, Can, Dost.

Qarabağ atlarına bədii ədəbiyyatda da tez-tez rast gəlmək olar. Buna misal kimi böyük rus şairi M.Y.Lermontovun “İblis” əsərindəki şeirini göstərmək olar:

Yəhərində ipək saplardan naxış,

Qantarğası ondan geri qalmamış,

Altında köhləni cilov gəmirir,

Qızıl xallarının varmı bahası,

Bu at Qarabağın bəslənmişidir,

Köpüklərə batmış,yalı qaşqası.

Görkəmli rus yazıçısı L.N.Tolstoyun “Hacı Murad”, “Hərb və sülh” romanlarında Qarabağ atı xüsusi olaraq təsvir edilir. “Hərb və sülh” romanının qəhrəmanı Petya Rostovun atının adı Qarabağdır. İmeretiya çarı 2-ci Solomon haqqında olan Daniil Mordovtsevin “Səltənətsiz çar” əsərində yazıçı yazir ki, “Qarabağ atları dünyada ən yaxşı atlardır”. 

Böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyasının motivləri əsasında lentə alınmış “Dərviş Parisi partladır” bədii filmində də Qarabağın İldırım atının adı çəkilir.

"Qarabağ atı ilə oynanılan çövkən oyunu" 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə 2016-cı ildə Belçikanın Ham şəhərində Qarabağ atı abidəsi ucaldılıb və rəsmi açılışı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296