BİZNES

Tekstil istehsalçılarının yeni assosiasiyası yaradıldı
11 İYUL
395

Tekstil istehsalçılarının yeni assosiasiyası yaradıldı

2017-07-11 15:04:00

Ölkədə fəaliyyət göstərən tekstil istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub.

İqtisadiyyat Nazirliyindən Fins.az-a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rəsmi şəxslərlə yanaşı, tekstil istehsalı və ixracı ilə məşğul olan sahibkarlar iştirak edib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılmasının, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsinin, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə apellyasiya şuralarının yaradılmasının, investisiyanın təşviqi sənədinin verilməsinin və digər tədbirlərin özəl sektorun inkişafında xüsusi rolunu vurğulayıb.

Bildirilib ki, tekstil istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək məqsədilə yaradılan assosiasiyanın fəaliyyəti tekstil istehsalının artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olacaq. İqtisadiyyat Nazirliyi assosiasiyanın fəaliyyətinin təşkilinə lazımi dəstək göstərəcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov son illər qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlərin, qabaqcıl beynəlxalq təcrübəyə uyğun müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib, Konfederasiyanın yeni yaradılan assosiasiya ilə yaxından əməkdaşlıq edəcəyini vurğulayıb.

Tekstil sahəsində fəaliyyət göstərən iş adamları çıxış edərək, istehsal etdikləri məhsullar barədə məlumat verib, bu sahənin inkişafı ilə bağlı təkliflərini səsləndiriblər.

Sonra tədbir iştirakçılarının təklifi əsasında assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. Assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlərə dair müzakirələr aparılıb, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. “Gilan Textile Park” MMC-nin rəhbəri Mehriban Axundova “Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın İdarə Heyətinin sədri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285