BİZNES

"Qara mühasibatlıq" hökuməti narahat edir –- ƏLİ ƏHMƏDOV
20 İYUN
567

"Qara mühasibatlıq" hökuməti narahat edir –- ƏLİ ƏHMƏDOV

2017-06-20 12:30:00

Bu gün Sumqayıtda "Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası" mövzusunda tədbir keçirilib.

Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd hökumət-sahibkar dialoqunun genişləndirilməsidir: "Azərbaycan iqtisadiyyatı son 12 ildə 3,5 dəfə artıb, yoxsulluq həddi 50%-dən 5-6%-dək azalıb. Bu illər ərzində 1,5 milyon yeni iş yeri açılıb. Kənd və şəhər infrastrukturun yaxşılaşdırılması ilə bağlı xeyli işlər görülüb. Azərbaycan iqtisadiyyatında köklü islahatlar aparılması nəzərdə tutulub. Prezidentin tapşırıqlarına uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı addımlar atılıb. Bu gün Azərbaycan əhalisinin sayı 10 milyon nəfər, məşğul əhalinin sayı isə 4,6 milyon nəfərdir. Məşğul əhalinin 33%-i əmək münasibətləri ilə tənzimlənib. Başqa sözlə, məşğul əhalinin 67%-i əmək münasibətləri ilə tənzimlənmir".

Baş nazirin müavini deyib ki, bu sahədə hökuməti narahat edən əsas problemlərdən biri də "qara mühasibatlığ"ın mövcudluğudur. "2016-cı ildə Dövlət Sosial Müdafiə Fonduna 1 milyard 921 milyon manat vəsait daxil olub ki, bunun da 1 milyon 500 min manatı muzdlu işçilərinin hesabına, 7 milyon 850 min manatı sosial ödənişlərin hesabına formalaşıb", - deyə o qeyd edib.

Komissiya sədrinin sözlərinə görə, ölkədə bir iş yeri bağlandıqda həyəcan təbili çalınmalı, hər yeni iş yeri yaradıldıqda isə bu iş yerini yaradan sahibkara təşəkkür etmək lazımdır.

"Bəzən işəgötürənlər işçilərin hüquqlarını lazımi səviyyədə qoruya bilmirlər. Bu səbəbdən əmək münasibətlərinin tənzimlənməsinə ciddi fikir veririk ki, gələcəkdə pensiya alanların hüquqları pozulmasın. Bu, tamamilə ədalətli yanaşmadır. Bunu aradan qaldırmaq üçün yollar tapmalıyıq. Əks təqdirdə pensiya yaşına çatanda dövlət onları yenidən sahibkarların üstünə göndərəcək və haqlarını tələb etməyi xahiş edəcək. Gələcəkdə onların pensiyalarını ödəməyə hazırsınızmı? Onlar sizləri məhkəməyə verərək öz haqlarını tələb edəcəklər. Vətəndaşın buna tam ixtiyarı var. Bu baxımdan sahibkarlar zəruri addımları indidən atmalıdır. Niyyətimiz sahibkarlığın genişləndirilməsidir", - deyə Ə.Əhmədov qeyd edib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296