BİZNES

Araq və siqaretə lisenziya ləğv edilir - FƏRMAN
08 NOYABR
1720

Araq və siqaretə lisenziya ləğv edilir - FƏRMAN

2016-11-08 07:46:00

 

Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatı ilə bağlı ciddi yenilik var. Bundan sonra həmin məhsulların istehsalı, satışı və idxalı lisenziyasız həyata keçiriləcək.
Fins.az-ın məlumatına görə bu dəyişiklik prezident İlham Əliyevin noyabrın 7-də imzaladığı fərmanlarda nəzərdə tutulub.

Dövlət başçısının bir fərmanına görə, «Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Prezidentinin 1999-cu il 5 fevral tarixli 90 nömrəli Fərmanında dəyişikliklər edilib.
Həmin fərmanın 3-cü hissəsinin birinci, ikinci və beşinci bəndləri, 4-cü, 5-ci və 11-ci hissələri ləğv edilib.

Qeyd edək ki, fərmanın 3-cü hissəsinin ləğv olunan bəndləri bunlar idi:
1) ölkədə istehlak olunan alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının keyfiyyətini yaxşılaşdırmaq və uçotdan yayınmanın qarşısını almaq məqsədi ilə bu məhsulların istehsalı və idxalı üçün lisenziyaların verilməsi qaydalarına bir ay müddətində yenidən baxsın və onların şərtlərini müəyyənləşdirsin;
4) etil (yeyinti) spirti və alkoqollu içkilər istehsal edən müəssisələrdə gündəlik dövlət nəzarətinin aparılması qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin;
5) aksiz markalarının hazırlanmasına dair sifariş verilməsi, onların satışı və uçotunun aparılması qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin;

Fərmanın ləğv edilən 4-cü, 5-ci və 11-ci bəndləri isə belə idi:
«4. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, rayon və şəhər icra hakimiyyəti orqanları alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalına, idxalına və satışına verilən lisenziyalarda nəzərdə tutulan tələblərə riayət olunmasına nəzarəti gücləndirsinlər.
5. Müəyyən edilsin ki, bütün növ etil (yeyinti) spirtin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı və idxalı üzərində dövlət nəzarətinin aparılması üçün şərait yaratmayan, habelə lisenziyalarda göstərilən istehsal və idxal həcmlərini tam yerinə yetirməyənlərə verilən lisenziyalar ləğv edilir.
11. Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin satışının lisenziyalaşdırılması 1999-cu il aprelin 1-dən tətbiq edilsin».

Prezidentin digər fərmanı ilə «Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları»na dəyişiklik edilib. Fərmana əsasən, adı çəkilən qaydaların 3.1.1-ci yarımbəndi ləğv edilib. Həmin yarımbəndə əsasən, aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi ilə bağlı tələblərdən biri də həmin malların istehsalı, idxalı və ya satışı üçün lisenziyanın tələb olunması idi.
Başqa sözlə, adı çəkilən dəyişikliklər nəticəsində qanunvericilikdə alkoqollu içkilərin və tütün məmulatlarının istehsalı, satışı və idxalı ilə bağlı lisenziya tələbi tamamilə aradan qaldırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272