BİZNES

“Biznesə başlama” göstəricisində – AZƏRBAYCANIN REYTİNQİ
02 NOYABR
335

“Biznesə başlama” göstəricisində – AZƏRBAYCANIN REYTİNQİ

2016-11-02 16:28:00

Dünya Bankının "Doing Business 2017" hesabatında 190 ölkənin biznes mühiti qiymətləndirilib. Hesabata əsasən, Azərbaycan dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biridir. Hesabatda "Xarici ticarətin aparılması" göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxal və ixrac bəyannamələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, "Vergilərin ödənilməsi" göstəricisi üzrə nəqliyyat vasitələrindən tutulan verginin sadələşdirilməsi və "Elektrik təchizatı şəbəkələrinə qoşulma" meyarı üzrə yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması mühüm islahatlar kimi vurğulanıb.
Azərbaycan "Biznesə başlama" göstəricisi üzrə 5-ci (əvvəlki hesabatda 7-ci), "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 32-ci (əvvəlki hesabatda 36-cı), "Xarici ticarətin aparılması" göstəricisi üzrə 83-cü (əvvəlki hesabatda 94-cü) və "Elektrik təchizatı şəbəkələrinə qoşulma" göstəricisi üzrə 105-ci (əvvəlki hesabatda 110-cu) pilləyə yüksəlib. "Əmlakın qeydiyyatı" (22-ci yer), "Kiçik investorların maraqlarının qorunması" (32-ci yer), "Vergilərin ödənişi" (40-cı yer), "Müqavilələrin icrasının təmin edilməsi" (44-cü yer) indikatorları üzrə Azərbaycan öz mövqeyini yaxşılaşdıraraq 190 ölkə arasında ilk 50-likdə qərarlaşıb.

Hesabatdakı indekslərin ikisi birbaşa vergi məsələlərinə aiddir:

  •         “Biznesə başlama” (Starting business);
  •         “Vergilərin ödənilməsi” (Paying taxes).

“Biznesə başlama” reytinqi sahibkarın (sənaye və kommersiya) biznesə başlaması üçün təcrübədə tələb olunan inzibati prosedurların sayı, sərf olunan vaxt və xərclərin dəyəri, həmçinin ödənilmiş minimum kapitalın həcmini ifadə edir. Bu reytinqin müəyyən edilməsi məqsədləri üçün inzibati prosedur – lazımi lisenziya, icazə sənədlərinin müvafiq orqanlardan alınmasından ibarətdir və işıq, qaz, su və s. kommunal xidmətlər istisna olmaqla, xarici tərəflə münasibəti əks etdirir. Bu prosedur yekun sənədin alınması ilə tamamlanır.

Hesabatda göstərilir ki, “Biznesə başlama” göstəricisi üzrə Azərbaycanda kommersiya hüquqi şəxslərin qeydiyyatı üçün yerinə yetirilməli olan prosedurların sayı 2, sərf edilən müddət 3 gün, tələb olunan məbləğ isə 72 manatdır. Burada prosedurlar onlayn qeydiyyat üçün elektron imzanın alınması üzrə 1 gün, onlayn qeydiyyatdan keçmə üzrə isə (VÖEN və ƏDV qeydiyyatı daxil) 2 günə bərabərdir. 

 

“Biznesə başlama” indeksi

 

Azərbaycan

Avropa və Mərkəzi Asiya

OECD

Prosedur

2.0

4.9

4.8

Vaxt (gün)

3.0

10.2

8.3

Xərclər (adambaşına düşən gəlirin faizi)

1.3

4.7

3.1

Ödənilmiş minimum kapiatal (adambaşına düşən gəlirin faizi)

 

0.0

 

4.0

 

9.2

Hesabatın vergi orqanlarının işinə aid daha bir göstəricisi olan “Vergilərin ödənilməsi” reytinqi üzrə ölkəmiz ötənilki hesabatla müqayisədə bir pillə irəliləyərək, 40-cı pillədə qərarlaşıb və vergilərin ödənilməsinin asanlığına görə MDB məkanında ilk yerlərdən birini tutur.

Bu metologiyaya əsasən, orta ölçülü şirkətin il ərzində ödəməli olduğu vergi və digər ödəmələr, həmçinin onların inzibatçılıq yükü müəyyən edilıir. Vergi və ödəmələrə müxtəlif mənbələrdən olan mənfəət və gəlirlərə görə vergilər, o cümlədən əmlak icarəsindən vergilər, dividend və kapital vergiləri, maliyyə köçürmələrindən əldə edilən gəlirdən vergilər, işəgötürənin ödədiyi əmək vergiləri, sosial ayırmalar, əmlak, avtomobil və yol vergiləri və s. aid edilir.

Dövlət büdcəsinə vergilərin ödənilməsi və bəyannamələrin təqdim edilməsi sahəsində vergi sistemində tətbiq edilən yeniliklər əvvəlki illərin reytinq cədvəllərində öz əksini tapıb və “Vergilərin ödəniilməsi” göstəricisinə görə ölkəmizin mövqeyi xeyli yaxşılaşıb.  Hesabatda ölkədə sosial müdafiə ayırmaları üzrə hesabatların və ödənişlərin elektron formada aparılması  və digər sahələrdə əldə edilmiş nailiyyətlər nəzərə alınıb. Artıq Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, bunun da nəticəsində həmin hesabatların hazırlanmasına və ödənişlərin həyata keçirilməsinə sərf olunan vaxt 81 saat qiymətləndirilib. Ümumilikdə isə digər yığımlar - sosial müdafiə ayırmaları, mənfəət və əlavə dəyər vergisi üzrə sərf olunan vaxt 195 saat müəyyənləşdirilib. Ödənişlərin sayı 6, ümumi vergi dərəcəsi isə 39,8% qeyd olunub. 

“Vergilərin ödənilməsi” indeksi

 

Azərbaycan

Avropa və Mərkəzi Asiya

OECD

Ödənişlər (il ərzində sayı)

6.0

17.6

10.9

Ödənişlərə sərfolunanvaxt (illiksaat)

195

221.5

163.4

Ümumi vergi dərəcəsi (faizlə)

39.8

33.8

40.9

Hesabata sərf olunan vaxt

(0-100)

81.0

71.2

58.1

Dünya Bankı qrupunun tərəfdaşı olan «PricewaterhouseCoopers» şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru, vergi eksperti Mövlan Paşayevin sözlərinə görə, son illər ölkəmizin vergi sistemində həyata keçirilən islahatlar - ƏDV depozit hesabının tətbiqi, bəyannamələrin elektron formada təqdim edilməsi, vergilərin elektron formada ödənişi, fiziki və hüquqi şəxslərin qeydiyyatının real vaxt rejimində aparılması və digər yeniliklər yüksək reytinqin əldə olunmasında mühüm rol oynayıb.

Elektron vergi bəyannamələrinin tətbiqinin genişlənməsi və vergi ödənişləri infrastrukturunun inkişafı, vergitutma sahəsində xərc tələb edən prosedurlar, vergi qanunvericiliyinin tələblərinə riayət edilməsinə sərf olunan vaxt və vergi ödənişlərinin sayının azaldılması bu sahədə kompleks islahatlar aparıldığını təsdiqləyir. Hazırda Azərbaycan özünün vergi sistemini əhəmiyyətli dərəcədə təkmilləşdirərək kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli vergi mühitinin, eləcə də xarici investisiyaların cəlb olunması məqsədilə rəqabətədavamlı vergi rejiminin yaradılması istiqamətində islahatları davam etdirir. Bütün bu amillər vergi məsələləri üzrə indekslərin daha da yaxşılaşmasına səbəb olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272