BİZNES

0,99 qəpiklərin büdcəmizə təsiri nədir?
31 OKTYABR
1746

0,99 qəpiklərin büdcəmizə təsiri nədir?

2016-10-31 18:30:00

Son illərdə girdiyiniz hər dükan, hər marketdə, ümumiyyətlə etdiyiniz hər alış-verişdə 90, 95, 99 kimi rəqəmlərlə, yəqin ki, siz də qarşılaşmısınız. Artıq bütün mağaza və dükanlar üçün adi hal sayılan bu rəqəmlərə nəinki hər dükanda, artıq hər ölkədə də rast gəlinir. Çox zaman 1 və ya 10 qəpik deyə gülüb keçdiyimiz, hətta almağa belə utandığımız bu xırda pulların necə bir  mahiyyət daşıdığını öyrənmə ehtiyacı belə duymamışıq. “1 və ya 10 qəpiyin söhbətinimi edəcəm” deyə düşünmüşük. Əslində, kiçik rəqəmlərdə 3, 5 və ya 10 qəpiyin əhəmiyyəti tez nəzərə çarpsa da, daha böyük rəqəmlərdə onlar heç bir əhəmiyyət daşımırlar. Çox vaxt da ya siz pulun qalığını almırsınız, ya da satıcı xırda pulun olmaması səbəbiylə qalığı qaytarmır. Ancaq sizin satıcıya 5-10 qəpiklik əskiyiniz olduqda (təbii ki istisnalar xaric) heç də güzəştə gedilmir. Hətta bəzən 5-10 qəpik üçün 1 və ya 5 manatınızı xırdalamağa məcbur qalırsınız.

 “Məhsul əslində ucuzmuş” təəssüratı yaradılır

Təbii ki, ən yaxşısı satıcının məhsulu etiketdəki qiymətlə satması, alıcının isə o qiymətlə almasıdır. Lakin bu qiymətlərin də yuvarlaq olması işimizi daha asan etmiş olardı. Ən çətini isə sonu 99-la bitən qiymətlərdir. Gözümüzə çox bəsit və dəyərsiz görünən 1 qəpiklər əslində özlüyündə çox böyük rəqəmləri gizlədir. Bununla insanların şüuraltına təsir edir, mövcud məhsulun sadəcə 1 qəpiklə fərqlənən daha əvvəlki sayını göstərməklə “məhsul əslində ucuzmuş” təəssüratı yaradırlar. Yəni, 1,99 AZN göstərildiyi halda məhsul əslində 2 AZN-ə, 2,99 göstərilib 3-ə, 3,99 göstərilib 4-ə, 9,99 göstərilib 10-a və s. qiymətlərlə satılır. Bu, eyni zamanda, sonu 24, 53, 68, 72 və 95 kimi rəqəmlərlə bitən qiymətlərə də aiddir.

Hər iki halda istehlakçı uduzur

Biz etiketə baxdıqda ilk olaraq başdakı tam rəqəmi görürük. Aradakı 1, 5, ya 10 qəpik isə əsil qiyməti görməyimizi çətinləşdirir. Daha böyük rəqəmlərdə də eynilə 1 manatla yüz, bəzən də minlik məbləğlərdən söhbət gedir. Məsələn, hər hansı televizorun qiyməti 5,99 AZN olaraq qeyd edildiyində bizdə avtomatik olaraq onun 600 deyil də 500-lə satıldığı təəssüratı yaranır, əslində isə arada sadəcə 1 manat fərqi var.

Bu cür qiymətlər istehlakçını məhsulun ucuz olması ilə bağlı aldatdığı kimi, həm də tədavüldə bəzən yetəri qədər xırda pul olmadığı da qeyd olunaraq onların hüquqları pozulur.

Vergidən yayındırılan məbləğlər

Əslində sirkulyasiyası böyük olan supermarketlərdə qaytarılmayan qalıq qəpiklərə nəzər yetirdikdə qeydə alınmayan  və vergidən yayındırılan ciddi bir məbləğlə qarşılaşırıq. Təbii ki, insanlar istəsə bəlkə də dükan və mağazalarda pulun qalığı qaytarılar, lakin istehlakçılar da bu məsələdə məsuliyyətsiz və laqeyddirlər.

Nəzərə alsaq ki, bir gündə mağazaya kifayət qədər insan daxil olur, üst-üstə yığılan həmin qəpiklərin heç də az olmadığını görərik.

Təsəvvür edin ki, 5 insan gündə 10 qəpiyini almasa, bu sonda 50 qəpik edir, aya 15 manat, ilə isə 180 manat. Maraqlı cəhət budur ki, bəzən qəpiyin qalığını istədikdə oradakı işçilərin təəccüblü, hətta kinayəli baxışları ilə də rastlaşırıq. Bu da bir növ istehlakçı hüquqlarının pozulması deməkdir. Lakin qəpiklərlə bağlı problemi yalnız alıcılar deyil, həm də satıcılar da yaşayırlar, səbəb isə hər müştəriyə qaytarılacaq o qədər xırda pulun olmamasıdır.

Nağdsız ödənişlər itkini azaldır

Alış-verişlərdə kartla ödəniş aparılsa, itki də olmaz. Çünki alış-veriş etdikdə kassada məbləğ də konkret olaraq çıxılır və heç bir itkiyə yol verilmir.

Bir ailənin il boyunca etdiyi alış-verişdə qalıq olaraq almadığı qəpiklər yığıldıqda  boşa gedən pulun ümumi miqdarı təxminən 100 AZN-i keçir. 
Çünki qaytarılmayan və ya götürməyə çəkindiyimiz qəpiklər 1, 2, 3, 4, 5 və s. ola bilir. Aylıq 1000 manatlıq alış-veriş edən bir ailə ayda 10-15 manatını almır ki, bu da nəticədə qeyd etdiyimiz rəqəmə gəlib çıxır. Burada xüsusi olaraq kartla ödənişi vurğulamaq lazımdır. Çünki yalnız bununla həmin itkilərdən yaxa qurtarmaq mümkündür.

Çıxış yolu isə…

Maraqlı cəhətlərdən bir də, istehlakçıya qaytarılmalı olan həmin pulların tədavüldə olmasına baxmayaraq, bazarda, həqiqətən, bu qiymətə hansısa məhsul və ya xidmətin olmamasıdır. Beləliklə istehlakçı, demək olar ki, iki dəfə zərər çəkir.

Alış-verişlərin çox olduğu yerlərdə sahibkarların lehinə, istehlakçıların isə əleyhinə olan bu cür rəqəmlərlə ən əlverişli mübarizə vasitəsi pulun tam istənilməsi və ödənilməsidir. Eyni zamanda, istehlakçıların bu cür rəqəmlərə aldanıb alış-veriş “dəlisinə” çevrilmələri də bəzən çoxlu sayda lazımsız malların alınması ilə  nəticələnir. İstehlakçılar bu rəqəmlərə aldanmayaraq, hətta mümkünsə rəqəmi daha yuxarı rəqəmə yuvarlayaraq qiyməti nəzərə almalıdırlar. Həmçinin, istehlakçılar pulun qalığında təkidli olmalı, qəpikləri bəyənməzlik etməməlidirlər ki, bu, islami baxımdan da düzgün deyil: “Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!” (İsra surəsi, 29-cu ayə)

Dama-dama göl olar

Əslində bu qəpiklərin yığılaraq xeyriyyəçilik məqsədilə istifadəsi daha məqsəduyğun olardı. Bəzi alış-veriş mərkəzləri və qida sektorunda artıq bu cür xoş hallarla qarşılaşmaq mümkündür. Təbii ki, bu həm istehlakçı, həm də sahibkarın daha halal və dürüts şəkildə fəaliyyət göstərməyinə səbəb olar, eyni zamanda, xeyir iş görməsi ilə də nəticələnər.

Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271