BİZNES

Bunu özümüz etsək! – MİLYONLAR BİZƏ QALAR
20 OKTYABR
1006

Bunu özümüz etsək! – MİLYONLAR BİZƏ QALAR

2016-10-20 14:47:00

Bu günlərdə verilən məlumatdan aydın oldu ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində şüşə lövhələri istehsalı müəssisəsinin yaradılması işinə başlanıb.

Almaniyanın "HORN Glass Industries AG" şirkəti müəssisənin layihələndirilməsini həyata keçirəcək, müasir avadanlıqlar və texnologiyalarla təchiz edəcək. Bununla bağlı yayılan rəsmi məlumatda bildirilir hazırda ölkədə vərəqə şüşələrə olan tələbat əsasən idxal məhsulları hesabına təmin olunur. "AzerFloat" QSC-nin istehsal edəcəyi məhsullar daxili tələbatı ödəməklə yanaşı, "Made in Azerbaijan" brendi ilə xarici ölkələrə də ixrac ediləcək.

Məlumatı oxuyan kimi ilk olaraq fikrimə gələn bu oldu ki, görəsən, bu zavodu niyə Azərbaycanda tikinti bumu vüsət alan illərdə qurmadılar? Təkcə dövlət büdcəsi hesabına aparılan tikinti-təmir işlərinin tələbatını ödəməklə zavod ən qısa müddətə qoyulan investisiyanı doğrulda, yüksək gəlirliliyi təmin edə bilərdi axı? Bircə rəqəmi qeyd edim ki, rəsmi statistikamızın məlumatına görə, 2010-cu ildə ölkəyə 111 milyon 934,4 min dollarlıq şüşə və şüşə məmulatı idxal olunub. 2014-cü ildə idxal az qala ikiqat azalaraq 57 milyon 867,2 min dollara düşüb – çünki tikinti sektoru çöküb. Büdcədən tikinti-təmirə ayrılan pulların artmağa başladığı 2007-ci ildən 2016-ci ilədək ümumilikdə şüşə və şüşə məmulatlarının idxalına 574 milyon 125,9 min dollar sərf olunub. Bu, hələ rəsmi qeydə alınan rəqəmdir.

Büdcədən ayrılan yüz milyonlarla dollar vəsaiti idxala sovurduqdan sonra ayılıblar ki, Azərbaycanda belə bir zavoda ehtiyac var. Daxili tələbat az qala beşqat azaldığı bir şəraitdə, ideya müəllifləri, görəsən, heç olmasa potensial xarici bazarların tələbatını, yəni ixrac imkanlarını hesablayıblarmı? Ümid edirəm ki, işə cəlb olunan alman şirkəti bu kimi nüansları nəzərə alıb. Əks halda, 89 milyon avroya başa gələcək zavod elə daxildəcə ilişib qalacaq...

Məlumat üçün bildirim ki, Azərbaycan şüşə istehsalı üçün lazım olan xammal ehtiyatları ilə zəngindir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, kvars qumları – şüşə istehsalı üçün xammal kimi 5 yatağın (Hacıvəli, Hökməli, Şərqi Zeyid, Yasamal və Zeyid) ehtiyatları dövlət balansında qeydə alınıb. Bundan əlavə, iki çox böyük ehtiyatlara malik dolomit yatağı – Nehrəm və Keçiqaya –da dövlət balansındadır. Şüşə istehsalında mühüm olan daha bir xammal silisiumdur ki, Azərbaycan ərazisi onunla da çox zəngindir.

Beləliklə, xammal problemi olmayan bir sahə nədən indiyədək inkişaf etdirilməyib sualı açıq qalır.

Bu yaxınlarda söhbət etdiyim şərab istehsalçısı maraqlı bir faktı açıqlamışdı. Demişdi ki, öz məhsullarını qablaşdırmaq üçün yerli istehsalçıdan butulka sifariş ediblər. Və düz 3 dəfə onlara verilən malı geri qaytarıblar – butulkaların ağzının ölçüləri heç bir standarta uyğun gəlməyib. 3-cü dəfədən sonra yenidən butulkaları Belarusdan sifariş etməli olublar, halbuki yerli məhsula arxayın olub qiymətləri bir qədər endiriblərmiş. Butulkaların ağız ölçülərinin qeyri-standart olmasının səbəbi isə istehsalda istifadə olunan qəliblərin vaxtında dəyişilməməsidir: müəyyən istehsal sayından sonra ucluqları aşınmaya məruz qaldığı üçün qəliblər yenisi ilə əvəz olunmalıdır. Yerli istehsalçımız isə bir qədər baha olan bu yenilənməyə getməyib, zay məhsul istehsalına üstünlük verib...

Yerli şüşə məhsullarının keyfiyyət problemlərindən birini də bir neçə gün əvvəl Abdolbari Gözəl açıqladı. Bildirdi ki, İnterGlass şirkətindən aldıqları bankaların içində şüşə qırıntıları qalıbmış, uşağın boğazı zədələnib. Bundan əlavə, İnterGlass “Azərsun”dan aldığı sifarişi vaxtında çatdıra bilməyib, xeyli qablaşdırılmalı məhsul zay olub...

Qeyd edim ki, İnterGlass 2008-ci ilin dekabrında Prezidentin iştirakı ilə açılmış zavoddur. Onun fəaliyyətə başlaması ilə Azərbaycandan xaricə şüşə və şüşə məmulatlarının ixracı həcminin sürətlə artdığını görmək olur. Belə ki, 2008-ci ildə bu ixracın həcmi 180,5 min dollar olubsa, 2009-cu ildə 215,8 min dollara, 2013-cü ildə 2,6 milyon dollara yüksəlib. 2015-ci ilin mayında zavodun prezidenti Fariz Muradov “Beynəlxalq Bank işi”nə görə həbs edildikdən sonra müəssisənin işi faktiki olaraq iflic olub. Nəticədə 2014-cü ildə 2 milyon dollardan yuxarı olan şüşə və şüşə məmulatı ixracımız 2015-ci ildə 148,8 min dollara düşüb.

A.Gözəlin verdiyi məlumatdan aydın olur ki, zavod yenidən fəaliyyətini gücləndirmək, istehsalı artırmaq üçün tədbirlər həyata keçirməyə başlayıb...

Çox arzu edirəm ki, yerli xammal hesabına istehsalı mümkün olan digər məhsullar kimi, şüşə və şüşə məmulatlarını da keyfiyyətlə hazırlaya bilək. Əks halda, heç daxili bazarda da alıcı tapmaq mümkün olmayacaq...

Mənbə: Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272