BİZNES

Azərbaycanda yeni mebel fabriki fəaliyyətə başladı
19 OKTYABR
1180

Azərbaycanda yeni mebel fabriki fəaliyyətə başladı

2016-10-19 14:56:00

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış “Modern” mebel fabrikinin açılışında iştirak edib.

Fins.az-ın verdiyi məlumata əsasən, Azərbaycan Prezidentinə yeni fabrik barədə məlumat verildi. Bildirildi ki, fabrikin inşasına 2015-ci ilin dekabrında başlanılıb. İki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən ibarətdir. Ağac yonqarı lövhələrinin və laminatların kəsilməsi və quraşdırılması, mebellər üçün metal hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça üzlüklərin, döşəklərin, yataq və qonaq otaqları üçün mebel dəstlərinin istehsalı sahələri ən müasir səviyyədə qurulub. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Burada 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub. Müəssisənin texniki imkanları yüksək səviyyəli məhsul istehsal etməyə imkan verir.

Bu cür müəssisənin istifadəyə verilməsi yalnız Ağstafa rayonu deyil, ümumilikdə, regionun iqtisadi inkişafına mühüm töhfə verir.

Sonra Prezident İlham Əliyevə “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılacaq “Venzana” mebel fabriki barədə məlumat verildi. Bu mebel fabriki 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçə ixracı nəzərdə tutulub. İşçilərin istirahəti, onların məişət şəraitinin yaxşılaşdırılması üçün burada körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası nəzərdə tutulub. Bundan başqa, ərazidə mebel mərkəzi ilə yanaşı, “Yaşıl Bazar” satış kompleksi və mehmanxana da tikiləcək. Layihə üzrə inşaat işlərinin 2017-ci ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Layihənin icrası nəticəsində 2500 nəfər daimi işlə təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272