BİZNES

«Qurbağa əti ideyası ağlıma Fransada gəldi» - AZƏRBAYCANLI İŞ ADAMI
17 OKTYABR
11888

«Qurbağa əti ideyası ağlıma Fransada gəldi» - AZƏRBAYCANLI İŞ ADAMI

2016-10-17 13:27:00

Azərbaycanda yetişdirilən qurbağaların əti dünyanın bir neçə ölkəsinə – Fransa, Kanada, İspaniya, Çin və Norveçə ixrac edilməsi nəzərdə tutulur. Bu barədə fins.az-a qurbağa əti istehsalı ilə məşğul olan «Azerifrog» şirkətinin sahibi Rauf Hüseynov bildirib. Salyan rayonunun Şorsulu kəndinin sakini olan R.Hüseynov bildirir ki, qurbağa əti fermasının yaradılması ideyası onda Fransada təhsil alanda yaranıb.

Qeyd edək ki, R.Hüseynov Azərbaycanda Neft-Kimya Universitetini bitirdikdən sonra Fransanın Nant şəhərində 4 il təhsil alaraq fransız dili fakultəsini və MBA-nı bitirib. Fransada yaşayarkən, qurbağa ətinə olan tələbatı görərək bu sahədə biznes qurmağı qərara alıb: «Restoranlarda bunu gördükdən sonra ideya mənə maraqlı gəldi və onu reallaşdırmağa başladım».

Amma heç də bütün qurbağaların əti yeyilmir və bütün növlərə tələbat yoxdur. Ona görə də R.Hüseynov bu sahəni araşdıraraq tələb olunan qurbağa növünü Braziliyadan gətirməyi qərara alıb: «İstehsal üçün lazım olan qurbağa növü Braziliyada idi. Bu növ «Rana eskuranta» adlanır».

Lazım olan növü tapdıqdan sonra bununla bağlı şirkət təsis edilib və Salyan rayonunun Şorsulu kəndində istehsal sahəsi qurulub. R.Hüseynov bildirir ki, istehsalın qurulması, o cümlədən qurbağa əti istehsalında tələb olunan xüsusi avadanlıqların alınması üçün 100 min dollara yaxın investisiya yatırıb. Yaradılan istehsal sahəsi ildə 10 ton qurbağa əti yetişdirib ixrac etməyə imkan verir ki, bu da gəlirlə işləmək üçün tam kifayətdir.

Artıq şirkətin məhsullarına xarici tələbat da var. Şirkət rəhbəri bildirir ki, «Azərifrog»dan qurbağa ətinin alınması üçün 5 ölkədən sifariş var. Bunlar Norveç, Fransa, İspaniya, Kanada və Çindir: «Əvvəlcə məhsullarımızı ilkin olaraq göndərdik, onların dadı və keyfiyyətini yoxladılar, qane etdi və sifariş edildi».

Hazırda R.Hüseynov qurbağa ətinin ixracı üçün tələb olunan rəsmi prosedurları həyata keçirməklə məşğuldur. Bunun üçün Standartlaşdırma Komitəsi, Baytarlıq xidməti və digər qurumlardan sertifikat və arayışlar toplanır. Şirkət rəhbəri bu məsələdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) lazımi dəstək aldığını bildirib. Həftənin sonunadək sənədlərin toplanması başa çatacaq və şirkət ixraca başlaya biləcək.

Eləcə də bax: Azərbaycan xaricə qurbağa əti ixrac edir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275