BİZNES

"Made in Azerbaijan" brendinə hansı məhsullar daxil ediləcək? -MÜSAHİBƏ
13 OKTYABR
572

"Made in Azerbaijan" brendinə hansı məhsullar daxil ediləcək? -MÜSAHİBƏ

2016-10-13 14:08:00

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı sualları cavablandırıb. Fins.az həmin müsahibə təqdim edir:

- “Made in Azerbaijan” brendi nədir və yeni təsdiq olunmuş qaydalarla bağlı nə deyə bilərsiniz?

“Made in Azerbaijan” brend olaraq ümumiləşdirici anlayışdır və Azərbaycan daxilində istehsal olunan bütün məhsullara şamil olunur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş Fərman kontekstindən baxsaq, görərik ki, əks olunmuş mexanizmlər və bütünlükdə Qaydalar qeyri-neft məhsullarına şamil olunur. Başqa sözlə desək, “Made in Azerbaijan” anlayışı məhz Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorlarına aid olan və ixrac qabiliyyətli məhsulları özündə cəmləşdirir. Ölkədə istehsal olunan məhsulların bir qismi artıq bir sıra xarici bazarlarda öz yerini tutub. Son illər ərzində qeyri-neft sahəsinin ümumdaxili məhsul həcmində üstün çəkisinin qorunub saxlanması üçün həyata keçirilən işlər ixrac imkanlarımızın əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Daha öncə də qeyd etdiyim kimi, yerli məhsullarımızın müəyyən bir hissəsinin xarici bazarlarda təmsil olunmasına baxmayaraq, Azərbaycanda ixrac olunmayan yüksək keyfiyyətli məhsullar kifayət qədərdir və biz bu “ixraca dəstək” yönümlü əlverişli mühitdən yararlanaraq həmin məhsulların ölkə sərhədlərini aşmasına nail olmaq niyyətindəyik.

- İxrac potensialı yüksək olan məhsullar dedikdə, hansı məhsulları nəzərdə tutursunuz?

- Sənaye sahələrini, xüsusilə də qida və kimya sənayesini qeyd etmək istəyirəm. Bildiyiniz kimi, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı artıq ənənəvi xarakter daşıyır və məhsullarımız MDB məkanına və bir sıra Avropa ölkələrinə ixrac edilir. Son zamanlar sənayeləşmə prosesinin fokus nöqtəsinə çevrilməsi, yeni sənaye müəssisələrinin istifadəyə verilməsi ixrac tələblərinə cavab verən məhsulların istehsalının genişlənməsi ilə nəticələnib. Misal üçün, otlardan hazırlanan çaylar, spirtsiz və spirtli içkilər, müxtəlif kimya məhsulları artıq güclü ixrac potensialı olan məhsullar kimi diqqət mərkəzindədir. Bu məhsulların ölkə hüdudlarını aşması üçün sistematik, mərhələli dəstək prinsiplərinə ehtiyac duyulurdu ki, cənab Prezident tərəfindən imzalanan bu sənəd hər bir sahibkara bu prosesi uğurla keçməyə geniş imkanlar yaradır.

- Bir qədər dəqiqləşdirmə aparsaq, hazırda xarici bazarlarda hansı məhsullarla təmsil olunuruq?

- Hazırda neftlə yanaşı, aqrar məhsullar, kimya, metal və ondan hazırlanan məmulatlar, plastik borular və s. kimi yerli məhsullar dünya bazarına çıxarılır. Kənd təsərrüfatı məhsulları sırasından Azərbaycan narı, pomidor, fındıq qlobal arenada kifayət qədər tanınır. Emal sahəsindən də tanınan məhsullarımız az deyil. Bunlara şərablar, şirələr, kimya məhsulları, plastik məmulatlar, energetika sahəsində istehsal olunan avadanlıqları misal göstərmək olar. Qeyd etmək yerinə düşər ki, ölkəmiz kimya məhsulları və neft avadanlıqlarının istehsalçısı kimi tanınan ölkələr sırasındadır. Sadəcə mövcud olan daha geniş ixrac potensialını tam işə salmaq üçün sahibkarlığa təkan vermək lazımdır və dövlət məhz bu mövqedən çıxış edir.

- Dünya bazarına çıxmaq üçün rəqabətə davamlı məhsullar istehsal olunmalıdır. İxraca hazır olan yeni məhsullar rəqabətə davamlı və keyfiyyətlidirmi?

Rəqabətə davamlı məhsul dedikdə keyfiyyət baxımından bir sıra vacib tələblərə cavab verən məhsullar başa düşülür. Bunun üçün standartlar tətbiq olunur. Qablaşdırma və etiketlənmə şərtləri də mühüm əhəmiyyət kəsb edir. Bütün bunlarla yanaşı, məhsul həm də qiymət baxımından rəqabət qabiliyyətli olmalıdır. Bu kimi amillər hər bir məhsul növü üçün onun rəqabətə davamlılıq gücünün müəyyənləşdirilməsində mühüm rol oynayır.

- Yaxın gələcəkdə daha hansı məhsulların dünya bazarına çıxarılması gözlənilir?

Məsələn, son illər ərzində tikinti materiallarının istehsalı sahəsində istehsal gücümüz kifayət qədər artıb və bu məhsulların ixracı üçün geniş imkanlar mövcuddur. Hazırda bu kimi bir sıra məhsulların ixrac mövqeyini təmin etmək və daha da artırmaq üzrə işlər aparılır. Digər tərəfdən, xidmətlər sahəsində böyük potensial var və biz Azərbaycan daxilində təklif olunan xidmətləri dünya bazarına çıxarmaqda maraqlıyıq. Tikinti, informasiya texnologiyaları, nəqliyyat və turizm sektorlarında təklif olunan xidmətlər üzrə effektiv fəaliyyət göstərən şirkətlər klasteri onu deməyə imkan verir ki, bu təşəbbüslə çıxış etmək üçün bizim imkanlarımız kifayət qədər yaxşıdır.

- “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı təsdiq olunmuş Qaydaların həyata keçirilməyə başlamasından sonra hansı zaman çərçivəsində praktiki nəticələr əldə etmək mümkün olacaq?

Əlbəttə, bir gün ərzində ixracı dəfələrlə qaldırmaq mümkün deyil. Bu mexanizmlərə kompleks tədbirlərin bir hissəsi kimi baxmaq lazımdır. İxrac kifayət qədər mürəkkəb prosesdir. Buraya istehsal, daxili bazarın ehtiyaclarının ödənilməsi, keyfiyyət, kəmiyyət kimi məsələlər daxildir. Eyni zamanda, xarici bazarlarda iqtisadi durum, müştərilərin alıcılıq qabilliyəti, tələbatın dəyişməsi kimi xarici amillər ixraca təsir göstərir. Hesab edirəm ki, təqribən 1-2 il ərzində biz qeyri-neft ixracının mühüm artım templərini görə biləcəyik. Qeyri-neft məhsullarının ixracı eyni zamanda həmin məhsulların istehsalının genişləndirilməsinə daha da stimul verəcək və qeyri-neft sektorunun ümumdaxili məhsulda yeri daha da möhkəmlənəcək.

- Məhsulların xaricdə tanıdılması hansı vasitələrlə həyata keçiriləcək?

Məhsulların xarici bazarlarda tanıdılması üçün müxtəlif tədbirlərin təşkili - ixrac missiyaları, mötəbər beynəlxalq sərgilərdə həm vahid stend adı altında, eyni zamanda fərdi şəkildə iştirak - mexanizmlərdə öz əksini tapır. Eyni zamanda, bu məqsədlə reklam kampaniyalarının təşkili planlaşdırılır. Azərbaycan məhsullarının xarici ölkələrin mağaza şəbəkələrinə, “Duty free” rəflərinə çıxışını təmin etmək də vacib amil kimi göstərilir. Bu kompleks dəstək mexanizmləri Azərbaycan məhsullarının dünya bazarında tanınma arealının genişlənməsi istiqamətində effektiv rol oynayacaq.

 

 

 

Mənbə: Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275