BİZNES

Hər 5 biznesmendən biri qadındır – İŞGÜZAR XANIMLAR
10 OKTYABR
264

Hər 5 biznesmendən biri qadındır – İŞGÜZAR XANIMLAR

2016-10-10 12:18:00

Müasir iqtisadiyyatda qadın sahibkarlığının inkişafı xüsusi diqqət cəlb edir. Hazırda qadın sahibkarlığı kiçik və orta sahibkarlığın inkişaf edən daha dinamik hissəsini təşkil edir. ABŞ və Kanadada qadın sahibkarlığı iqtisadi artım üçün ehtiyat mənbə kimi nəzərdən keçirilir. Avropa ölkələrində iş yerlərinin yaradılması zərurətinə aksent edilir və müvafiq olaraq, qadınların müstəqil məşğulluğunun stimullaşdırılması işsizliklə mübarizə üzrə daha geniş strategiya çərçivəsində həyata keçirilir. 

Hər 4 şirkətdən birini qadınlar yaradıb

Statistik məlumatlara görə dünyada yeni biznes-strukturların 25 faizdən çoxunu qadınlar yaradıb. Fransa və Böyük Britaniyada bütün firmaların ¼-nə, Almaniyada 1/3-nə qadınlar rəhbərlik edir. Yaponiyada bu rəqəm 23%, ABŞ-da 38%-dir. Ümumi tendensiya inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə qadınların iqtisadi təşəbbüskarlığının artmaqda olduğunu göstərir. 

Azərbaycan qadınları biznes qura bilirmi?

Azərbaycanda da qadınların iqtisadi təşəbbüskarlığının artması, onların kiçik və orta sahibkarlıq sektorunda geniş təmsilçiliyi soaial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, hələ də qadın sahibkarlığı arzuolunan səviyyədə inkişaf etməyib. Fikrimizcə, bunun bir sıra səbəbləri var.

İlk növbədə qeyd edək ki, Azərbaycanda qadın sahibkarlığına münasibətdə hər hansı əlahiddə tənzimləməyə rast gəlinmir. Məsələyə gender bərabərliyi kontekstində yanaşıldığından qadın sahibkarlığının mövcud problemləri bütövlükdə sahibkarlığın problemləri çərçivəsində nəzərdən keçirilir. Digər tərəfdən, qadınların sahibkarlıq təşəbbüslərini dəstəkləməyə imkan verən məqsədli milli proqramların olmaması qadın sahibkarlığının inkişafına öz təsirini göstərir.

Qadın sahibkarlığının inkişafını əngəlləyən bir sıra baryerlər hələ də qalmaqdadır. Bura qadınların rolu ilə bağlı ənənəvi gender stereotipləri, qadınların sahibkarlıq fəaliyyəti və genderlə bağlı kifayət qədər məlumatlı olmaması, sahibkarlıq fəaliyyətinə başlamaq üçün ilkin kapitalın yoxluğu kimi baryerləri aid etmək olar.

Azərbaycanda 100 min işgüzar xanım var

Qadın sahibkarlığı heç də iqtisadiyyatın bütün sahələri üzrə eyni səviyyədə inikişaf etməyib. Yalnız bir sıra spesifik və ənənəvi sahələrdə qadın sahibkarlığının daha çox inkişafını müşahidə edirik. Rəsmi statistik məlumatlar qadın sahibkarlığının mövcud vəziyyətini daha aydın təsəvvür etməyə imkan verir.  Dövlət Statistika Komitəsinin 2015-ci il yanvar ayının 1-i vəziyyətinə fəaliyyət növləri üzrə fərdi sahibkarların gender bölgüsü ilə bağlı statistik məlumatına əsasən, fərdi sahibkar qadınların ümumi sayı 98974 nəfər, fərdi sahibkar kişilərin ümumi sayı isə 420886 nəfərdir. Rəsmi statistikadan da görünür ki, fərdi sahibkarların gender göstəriciləri bir çox istiqamətlər üzrə əhəmiyyətli dərəcədə fərqlənir. Verilmiş təsnifat üzrə göstəricilərə diqqət etdikdə mənzərəni aydın təsəvvür etmək mümkündür. 

Qadınlar hansı sahədə biznes qururlar?

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində fərdi sahibkar qadınların 17,7 faizi, kişilərin isə 15,8 faizi çalışır. Çalışanların bu fəaliyyət sahələrinin müxtəlif istiqamətləri üzrə bölgüsü olmasa da, ehtimal etmək olar ki, qadınlar daha çox kənd təsərrüfatı sahəsində fərdi sahibkarlıqla məşğul olurlar.

Mədənçıxarma sənayesində fərdi sahibkarlıqla məşğul olan qadınların sayı əhəmiyyətli dərəcədə azdır. Bu fəaliyyət növü üzrə 33 fərdi sahibkar qadındırsa, kişilərin sayı 586 nəfərdir. 

Emal sənayesində qadınların 2 faizi, kişilərin isə 3 faizi fərdi sahibkarlıqla məşğuldur. Burda da əsasən yüngül sənayedə (toxuculuq, yeyinti, qənnadı və s.) qadınların çəkisi daha çoxdur.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində hər iki cinsdən olan sahibkarların sayı (5 qadın, 61 kişi) xeyli azdır. Bu da onunla əlaqədardır qeyd olunan sahədə əsas söz sahibi dövlət və iri sahibkarlıq subyektləridir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı üzrə də eyni mənzərəni müşahidə etmək olar (19 qadın, 176 kişi).

Tikinti sahəsində fərdi sahibkarlıqla məşğul olan kişilərin sayı 4369 nəfərdirsə, qadınların sayı cəmi 109 nəfərdir.

Mağaza sahibələri daha çoxdur

Təqdim olunan statistik məlumata görə ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində qadınlar üçün mövcud göstərici fərdi sahibkarlıqla məşğul olan qadınların ümumi sayına münasibətdə  yüksəkdir (39133 nəfər və ya 39,6%). Bu sahədə fərdi sahibkarlıqla məşğul olan kişilərin sayı qadınlara münasibətdə çoxdursa (152477 nəfər), kişi sahibkarların ümumi sayına nisbətdə qadınların faiz göstəricisindən azdır (36,2%). Qeyd olunan istiqamətdə qadınların daha çox ticarət sahəsində sahibkarlıqla məşğul olduğunu söyləmək mümkündür. Ənənəvi olaraq nəqliyyat vasitələrinin təmiri sahəsində daha çox kişilər məşğuldur və bu onların sahibkar qismində təşəbbüskarlıq göstəricilərində də özünü göstərir.

Nəqliyyat və anbar təsərrüfatı sahəsində də daha çox kişi sahibkarlığı üstünlük təşkil edir. Bu sahədə fərdi sahibkarlıqla məşğul olan qadınların sayı 930 nəfər (qadın sahibkarların ümumi sayının 0,9%-i), kişilərin sayı isə 69098 nəfərdir (kişi sahibkarların ümumi sayının 16,4%-i).

Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində qadın və kişi sahibkarların nisbətində də kişilərin xeyrinə müəyyən fərq var. Bu sahədə kişi sahibkarların sayı (25984 nəfər) qadınların sayından (4233 nəfər) xeyli çox olsa da, kişi və qadın sahibkarların ümumi sayına münasibətdə faiz göstəriciləri mütənasib olaraq 4,3% (qadınlar) və 6,2% (kişilər) təşkil edir. 

İnformasiya və rabitə sahəsində fərdi sahibkarlıqla məşğul olan qadın və kişilərin faiz göstəriciləri arasında kəskin fərq yoxdur. Belə ki, bu sahədə fəaliyyət göstərən qadın sahibkarların sayı 931 nəfər, kişi sahibkarların sayı isə 4691 nəfər olsa da hər iki cins üzrə fərdi sahibkarlıqla məşğul olanların ümumi sayına münasibətdə faiz göstəriciləri mütənasib olaraq 0,9% və 1,1% təşkil edir.

Bankir xanımlar da var

Maliyyə və sığorta fəaliyyəti sahəsində 321 qadın və 1063 kişi fərdi sahibkarlıqla məşğuldur. Faiz göstəriciləri isə hər iki cins üçün 0,3% təşkil edir.

Daşınmaz əmlakla əlaqədar əməliyyatlarla məşğul olan sahibkar qadınların sayı 2941 nəfər, kişilərin sayı isə 7024 nəfər olsa da faiz göstəricilərində sahibkar qadınların üstünlüyü var: qadınlar - 3%, kişilər – 1,7%.

Peşə, elmi və texniki fəaliyyət sahəsində də eyni mənzərəni müşahidə etmək olar. Bu sahədə fərdi sahibkarlıqla 3460 qadın, 6964 kişi məşğul olur. Faiz göstəriciləri isə müvafiq olaraq 3,5% (qadınlar) və 1,7%-dir.

İnzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində də qadınların sayı az olsa da, faiz göstəriciləri yüksəkdir. Bu sahədə 663 qadın (0,7%) və 1873 kişi (0,5%) fərdi sahibkarlıqla məşğuldur.

Təhsil sahəsində qadınla həm say, həm də faiz göstəricilərində kişiləri üstələyir. Təhsil sahəsində fərdi sahibkarlıqla 1989 qadın (2%) və 1094 kişi (0,3%) məşğuldur.

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində sahibkar qadınlar sayca az (762 nəfər) olsalar da onların faiz göstəriciləri (0,8%) kişilərdən nisbətən yüksəkdir. Bu sahədə fərdi kişi sahibkarların sayı 1620 nəfər təşkil edir. Bu rəqəm isə fərdi sahibkalıqla məşğul olan kişilərin ümumi sayına nisbətdə 0,4% deməkdir.

İstirahət, əyləmcə və incəsənət sahəsində kişi sahibkarlar daha çox təmsil olunurlar. Bu sahəyə daxil olan istiqamətlər üzrə ayrıca göstəricilər olmadığından qadınların məhz hansı alt sahədə daha təşəbbüskar olduğunu söyləmək çətindir. Bu sahədə qadın sahibkarlar 788 nəfər (0,8%), kişi sahibkarlar isə 5920 nəfərdir.

Digər sahələrdə xidmətlərin göstərilməsində qadınlar 20,2% (20006 nəfər), kişilər isə 11,7% (49224 nəfər) göstəriciyə malikdirlər.

Rəsmi statistik məlumatların əks olunduğu cədvədəki son təsnifat üzrə göstəricilərdə də  qadınlar faiz göstəricilərində kişiləri qabaqlayırlar. Belə ki, ev təsərrüfatlarının fəaliyyəti: fərdi istehlak üçün ev təsərrüfatlarının istehsal etdiyi mal və xidmətlərə dair fəaliyyət sahəsində sahibkar qadınlar 3,2% (3157 nəfər) kişilər isə 2,2% (9370 nəfər) təşkil edrlər.

Xanım sahibkarlara vergi güzəştləri edilməlidir

Göründüyü kimi, qadın sahibkarlığı heç də iqtisadiyyatın bütün sahələri üzrə eyni səviyyədə inikişaf etməyib. Yalnız yuxarıda qeyd etdiyimiz spesifik və ənənəvi sahələrdə qadın sahibkarlığının daha çox inkişafını müşahidə edirik. Halbuki digər sahələrdə də qadın sahibkarlığının inkişafı üçün yetərli imkanlar mövcuddur.

Hesab edirik ki, Azərbaycanda qadın sahibkarlığının inkişafını təmin etmək üçün bəzi tədbirlərə ehtiyac var.

İlk növbədə qadın sahibkarlığının inkişafı üzrə məqsədli dövlət proqramının qəbul edilməsi məqsədəuyğun olardı. Qadın sahibkarlar üçün kreditləşmə, vergiqoyma və s. ilə bağlı güzəştləri nəzərdə tutan belə bir proqramın qəbulu qadınların iqtisadi təşəbbüskarlığının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər.

İkinci mühüm addım kiçik və ortaq sahibkarlıq strategiyasının qəbul edilməsi ola bilər. Hazırda kiçik və orta sahibkarlıqla bağlı siyasətin həyata keçirilməsində vahid strategiya mövcud deyildir. Bu isə qadın sahibkarlığının da inkişafına öz mənfi təsirini göstərir.

Qadınlar üçün biznes inkubatoru

Üçüncüsü, qadın sahibkarlığına informasiya dəstəyinin inkişaf etdirilməsi zəruridir. İnformasiya dəstəyi qadınların sahibkarlıqla bağlı zəruri olan məlumatlara əlçatamlığının təmin olunması, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı bütün zəruri informasiyaların pulsuz verilməsi funksiyasını yerinə yetirən informasiya mərkəzinin yaradılması və s. göstərilə bilər.

Dördüncüsü, qadın biznes-inkubatorlarını daha geniş yaymaq olar. Onların yaradılması və inkişafı qadın sahibkarlığı sahəsinə investisiyaların cəlb olunması və maliyyələşmə üçün əlavə imkanlar verə bilər.

Nəhayət, hesab edirik ki, qadın sahibkarların assosiasiyaların və peşə təşkilatlarının yaradılması işinə daha geniş cəlb olunması vacibdir. Bu qurumlar qadınlar üçün sahibkarlıq mühitinin yaxşılaşdırılması məsələləri ilə bağlı hokumətlə konstruktiv dialoq apara, qadınların imkanlarını məhdudlaşdıran gender stereotiplərini aradan qaldırmağa yönəlik geniş məlumatlandırma kampaniyaları təşkil edə bilərlər. 

Müəllif: Abil Bayramov, Hüquqşünas-ekspert

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272