BİZNES

Dövlət bizneslə hansı dildə danışmalıdır? – MƏQALƏ
10 OKTYABR
224

Dövlət bizneslə hansı dildə danışmalıdır? – MƏQALƏ

2016-10-10 10:36:00

İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri dövlətin özəl sektorla dialoqu üçün variantlar təklif edir.

Son illər dünya bazarında neftin qiymətinin kəskin düşməsi, qlobal böhranın təsirlərinin güclənməsi dövlət idarəetməsinə ictimaiyyətin, o cümlədən sahibkarlar təşkilatlarının müxtəlif formalarda iştirakının əhəmiyyətini daha da artırıb. Ölkəmiz üçün bir nömrəli prioritetin – qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin münbitləşdirilməsi və qeyri-neft məhsulları ixracının təşviqi dövlət qurumları ilə biznes strukturları arasındakı əlaqələrin səmərəliliyindən birbaşa asılıdır. İnkişaf etmiş ölkələrin uğurlu təcrübəsi sübut edir ki, dövlət biznesin problemlərini məhz onun özündən eşitməlidir. Bu, biznesin real durumu ilə bağlı toplanan informasiyanın mötəbərliyi və dövlətin sahibkarlıq siyasətinə korrektələr etməsi, fəaliyyətləri əlaqələndirməsi baxımından çox vacibdir. 

Bu gün ölkəmizdə dövlətin sahibkarları tamhüquqlu tərəf kimi tanıdığı dialoq prosesindən danışmaq mümkün olmasa da, ayrı-ayrı sahibkarlıq qurumlarının timsalında özəl sektorun rəylərinin dinlənilməsi, onlardan təkliflərin toplanılması kimi fəaliyyətlər həyata keçirilir. Bu porsesdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Caspian European Club, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Banklar Assosiasiyası, Mikromaliyyələşdirmə Assosiasiyası və digər qurumlar qismən də olsa, iştirak edirlər.

Sahibkarların, təmsilçilik baxımından ən böyük birliyi olan Konfederasiyada hesab edirlər ki, ölkəmizdə dövlət-özəl sektor dialoqu mövcuddur: “Bunun ən bariz nümunəsi iki ildənbir Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında Baş Kollektiv Sazişin bağlanmasıdır”. Konfederasiyada hesab edirlər ki, Sazişin məqsədi sosialyönümlü, dünya təsərrüfat sisteminə inteqrasiya olunan milli iqtisadiyyatın formalaşması, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və sosial ədalətə əsaslanan uğurlu sosial iqtisadi siyasətin reallaşdırılmasıdır. Konfedarsiyadan müvafiq dövlət qurumları ilə əlaqələrin və əməkdaşlığın davam etdirilidiyini və müntəzəm görüşlərin keçirildiyini də bildiriblər.

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək”  layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ekspertləri Azərbaycanda dövlət-özəl sektor dilaqunun mövcud vəziyyətini araşdırıb, dialoq üçün real imkanların qiymətləndirilməsini həyata keçiriblər. Tədqiqat qrupunun rəhbəri Qalib Toğrul bildirir ki, araşdırma çərçivəsində mövcud qanunvericiliyin dövlətlə özəl sektorun dialoquna nə dərəcədə hüquqi imkan yaratması, assosiasiyaların bu prosedə rolu, oxşar ölkələrin təcrübəsi, vəkillik və lobbiçilik kimi vacib məsələlər öyrənilib. 

Ekspertin fikrincə, hazırda ölkəmizdə dövlətlə özəl sektor arasında açıq və şəffaf dialoqun getdiyini söyləmək doğru olmazdı: “2002-ci ildə yradılmış Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurası dövlət-özəl sektor dialoqu üçün platforma kimi düşünülmüşdü. Ancaq çox təəssüf ki, Şura bu vəzifənin öhdəsindən gələ bimədi, yalnız yaradıldığı il Şuranın xəttilə müəyyən tədbirlər, görüşlər keçirilsə də, sonradan tamailə fəaliyyətsiz bir quruma çevrildi”. 

Qalib Toğrul hesab edir ki, 14 il əvvəllə müqayisədə indi dövlət qurumlarının biznes liderlərlə dialoqu üçün daha geniş imkanlar və şərait var: “Sahibkarlar Şurasının işinin bərpası dialoqa böyük təkan verərdi. Amma yeni dövrün yaratdığı alternativ imkanlardan da faydalanmaq lazımdır. Nəzərə alsaq ki, sahibkarlıq qurumları da vətəndaş cəmiyyətinin bir parçasıdır, bugün ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsində iştirakına imkan verən çox mühüm sənədlər qəbul olunub. Onların içərisində “İctimai iştirakçılıq haqqında” qanunu və "Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası"nı xüsusilə qeyd etmək istəyirəm. Bu iki sənədin verdiyi imkanlardan bəhrələnmək üçün dövlət qurumları ilə görüşlərin müntəzəmliliyi artırılmalı, ictimai xidmətlər göstərən hər bir dövlət qurumunun nəzdində ictimai şuraların yaradılması prosesi sürətləndirilməlidir”.

Tədqiqat qrupunun rəhbəri bildirir ki, özəl sektoru dövlətlə dialoqda təmsil edəcək biznes liderlərin, assosiasiya rəhbərlərinin müəyyənləşdirilməsi prosedurlarının da cəmiyyət üçün açıq olması, sahibkar qurumlarının idarə olunmasında hesabatlılıq və şəffaflıq kimi prinsiplərin önə çəkilməsi vacibdir.

Ümumiyyətlə, sahibkarların dialoqa necə hazılanmasından tutmuş dialoq prosesinin gedişi, onun nəticələri və qəbul olunmuş qərarların monitorinqinə qədər hər bir proses açıq həyata keçirilməlidir. Əks halda, bağlı qapılar arxasında keçirilən görüşlərdən hansısa uğurlu nəticə gözləmək yersizdir. Uğurlu dialoqu şərtləndirən çox amillər olsa da, onun başında bütün prosedurların açıqlığı prinsipi durur: “Təbii ki, dialoq prosesi aşağıdan yuxarı getməlidir. Özəl sektor dövlət qurumları ilə dilaloqda onları kimlərin təmsil etmələrini özləri müəyyənləşdirməlidirlər. Dialoq prosesində müzakirə olunmalı məsələr də biznes qurumları tərəfindən qoyulmalı və dövlət qurumları ilə razılaşdırılmalıdır. Dialoqun nəticəsi kimi qəbul olunmuş qərarların ictimaiyyətə açıqlanması və onların icrasının müstəqil monitorinq yolu ilə qiymətləndirilməsi də vacib məsələlərdəndir”. 

Tədqiqiat qrupu ölkəmizdə dövlət-özəl sektor dialoqunun canlandırılması ilə bağlı tövsiyələr də hazırlayıb. Tövsiyələrdə Sahibkarlar Şurasının fəaliyyəti bərpa edilməsi, Şuranın fəaliyyətinin aktivləşdirilməsi üçün onun Əsasnaməsində müvafiq dəyişikliklərin (toplantıların ildə iki dəfə əvəzinə 4 dəfə keçirilməsi, Suranın tərkibinə yenidən baxılması, katibliyin fəaliyyətinin təşviq olunması, Şuranın regional təmsilçiliklərinin yaradılması və sair) olunması, dövlət  qurumları yanında yaradılması nəzərdə tutulan İctimai şuraların formalaşdırılması işlərinin sürətləndirilməsi, dövlət-biznes dialoqunun təşviq olunması, sahibkarların təşkilatlanması işinin təkmilləşdirilməsi məqsədi ilə sahəvi və regional sahibkarlar birlik və assosiasiyalarının yaradılması istiqamətində İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dəstək Şurasının xəttilə maarifləndirici tədbirlər həyata keçirilməsi təklif olunur. 

Sənəddə mərkəzi icra hakimiyyəti orqanları və Milli Məclis tərəfindən normativ hüquqi aktların ictimai müzakirələrinin keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tələblərə əməl olunmasına nəzarətin gücləndirilməsi, parlamentdə müzakirə olunan bütün iqtisadi təmayüllü qanun layihələrinə, qanunvericiliyə edilən dəyişikliklərə, Nazirlər Kabinetinin normativ hüquqi aktlarına  müvafiq biznes assosiasiyalarından rəylərin alınması və bu prosesin mümkün qədər şəffaf keçirilməsi, nəticələr barədə (neçə qanunvericilik aktı layihəsi rəy üçün təqdim edilib, neçə təklif verilib, neçəsi nəzərə alınıb və sair) ictimaiyyətin mütəmadi məlumatlandırılması məsələləri də yer alıb.

Rəcəb İmanov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275