BİZNES

Bizə necə bir iqtisadiyyat lazımdır? – MƏQALƏ
07 OKTYABR
780

Bizə necə bir iqtisadiyyat lazımdır? – MƏQALƏ

2016-10-07 10:04:00

Ölkəyə neft ixracından vəsaitlər daxil olmağa başlayan kimi ölkədə infrastrukturun yenilənməsi, əslində tam yenidən qurulması həyata keçirilib. Xeyli investisiya layihələri, xüsusən strateji investisiyalar həyata keçirilib.  

Bununla belə ötən dövrdə iqtisadiyyatımız, əsasən, neft hasilatına əsaslanan iqtisadiyyat olaraq formalaşib. Hazırda Azərbaycanda iqtisadiyyatının diverisifikasiyası istiqamətində addımlara hazırlıq gedir. 

"Yol xəritələri" hazırlanır

Son illərdə iqtisadi islahatlar yönündə xeyli tədbirlər görülüb; Prezident sərəncam və fərmanlar verib, bu sənədlərdə nəzərdə tutulan işlərin icrası başlanib. Bütövlükdə iqtisadıyyat, eləcə də ayrı-ayrı sahələr üzrə "yol xəritələri" üzərində iş gedir. Lakin məlumdur ki, həyata keçirilən işlərin nəticə verməsi müəyyən müddət tələb edilir.

İqtisadi islahatları üçün ən mühüm məsələlərdən biri strateji istiqamətlərin müəyyən edilməsidir. Başqa sözlə desək, "bizim necə bir iqtisadiyyata malik olmamız lazımdır" məsələsini həll etmək lazımdır. 

Biz nəyə malikik və nəyə ehtiyacımız var

Bugündən baxsaq, bizim (1) valyutaya ehtiyacımız vardır. Hələ investisiya üçün deyil, eləcə valyuta bazarının sabit tutulması üçün. (2) investisiyalara ehtiyacımız vardır. İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı üçün. (3) məşğulluq səviyyəsinin artırılmasına ehtiyacımız vardır. (4) daxili istehlakımız vardır və bunun üçün xeyli idxalımız vardır. Bu idxalın bəlli bir hissəsinin əvəzlənməsinə ehtiyacımız vardır.

Amma imkanlarımız və resurslarımız da vardır; xammal olaraq, neft, qaz, dəmir filizi və digər təbii ehtiyatlar, həm işçi qüvvəsi, həm də istehlakçı olaraq 10 milyona yaxın əhali, hazırda əsasən neft sektorundan daxil olan valyuta rezervləri və s.

Hədəfimiz 3 əsas məqsəd olmalıdır

Bizim necə bir iqtisadiyyata ehtiyacımız vardır və bu iqtisadiyyat nələrə cavab verməlidir? 

Bizim iqtisadiyyatın 3 əsas məqsədə hədəflənərək qurulması prioritet ola bilər:

1. İxrac potensialının artırılmasına imkan verən iqtisadiyyat

2. İdxalı əvəzləyəcək məshullar istehsal edən iqtisadiyyat

3. Məşğulluq yaradacaq, işsizliyi minimuma yendirəcək iqtisadiyyat

Bəlkə “Chevrolet” və “Armani” istehsal edək?!

İxrac yönümlü iqtisadiyyat üçün ilk növbədə daxil ola biləcəyimiz satış bazarları önəmlidir. Bizim nəinki, Mərkəzi Avropa bazarlarına, hətta artıq Avropa Birliyinə üzv olan Şərqi Avropa ölkələrinin bazarlarına daxil olmamız üçün ciddi məsələlər ortaya çıxacaqdır. Bu ölkələr öz daxili bazarlarında standartlar tətbiq edirlər. Bu bazarlara çıxmaq istəyiriksə, istehsalımız bu standardlara cavab verəcəkdir. Ona görə də diqqət edilməsi lazım olan məsələlərdən biri tələb olunan standartlara uyğun məhsulların istehsalı və markalaşma məsələsidir. Biz dəqiq məqsədlərimizi, hədəflərimizi müəyyən etməliyik ki, bizə indiki durumda daxili istehsalın diversifikasiyası önəmlidir, yoxsa milli markalar yaratmaq daha vacibdir. Bəlkə indiki mərhələdə biz ilk növbədə iqtisadiyyatı diversifikasiya etməyə konsentrasiya olsaq daha effektiv olar. Belə olarsa, vacib deyildir ki, istehsal edəcəyimiz məhsulun üzərində, hələ ixracda tanınmamış bir marka yazılsın. Ola bilər ki, bu Avropa, Yaxış Şərq, Amerika bazarlarında tanınmış bir marka olsun, amma Azərbaycanda istehsal edilsin. Məsələn, ABŞ istehsalı olan Chevrolet avtomobilinin bəzi modelləri Macarıstanda, Ford avtomobilinin bəzi modelləri İspaniyada istehsal olunur. Cənubi Koreya avtomobil markazı olan Daewoo Özbəkistanda istehsal olunur. Yaxud, Türkiyənin Boyner Qrupuna aid olan Altınyıldız fabriki istehsal gücünün 25%-ni öz markasının istehsalına sərf edir. Eyni zamanda bu fabrikdə Tommy Hilfiger, Massimo Dutti, Armani, Valentino, Cinque, Marks&Spencer, Zara, Ann Taylor, S. Oliver kimi dünya markalarını da istehsal edir. Yeni bir marka yaradılmasındansa, tanınmış markanı həmin ad altında istehsalını həyata keçirmək daha asandır. Bu zaman istehsal ölkəsi kimi Azərbaycan qeyd olunacaqdır ki, bu da yuxarıda bəhs etdiyimiz bazarlara girmək üçün ilkin addım olacaqdır. 

Bu bazarlara daxil olmaq üçün artıq orada işləyən, tanınan adda məhsul istehsal edən müəssisələri Azərbaycana dəvət etməklə qurmaq prosesin daha sürətlə getməsinə imkan verər. Təbii ki, paralel olaraq yerli markaların da yaradılması davam etdirilə bilər.

Xarici şirkətlər Azərbaycana gələcəkmi?

Burada başqa bir məsələ də ondan ibarətdir ki, belə markaları istehsal edən müəssisələr Azərbaycana gələrmi? Bizim daxili bazarımız iri bazar deyildir. Təxminən 10 milyonluq əhalisi olan ölkə, tanınmış markalar üçün böyük bazar hesab edilməz. Amma bununla yanaşı üstünlüklərimiz vardır. Bizim ucuz və işlək işçi qüvvəmiz, xammalımız, resurslarımız, yaxınlıqda yerləşən bazarlar vardır.

Strateji ixrac məhsulu qrupu kimi neft-kimya sənayesinin istehsalı olan məhsullarını önə çıxarmaq bəlkə də daha əhəmiyyətli olardı. Çünki bu sənaye seqmenti üçün bizim möhkəm xammal bazamız, mütəxəssislərimiz vardır. Təbii ki, istehsalında üstünlüyümüz olan digər məhsulların da ixrac ediləsi həcmdə və keyfiyyətdə istehsalı olsa daha yaxşı olar. Tutaq ki, süd və süd məhsulları, meyvə-tərəvəz, meyvə şirələri və mineral sular, alkoqollu işçilər, balıq və balıq məhsulları, pambıq məhsulları, yun, gön-dəri və s bu kimi məhsullar.

Azərbaycan, bazarlarına rahat çıxış əldə edə biləcəyi ölkələri (Türkiyə, Rumıniya, Macarıstan, Polşa, Qazaxstan, Özbəkistan, Gürcüstan, Rusiya, İran və digər) müəyyən edərək, onların sənayə və iqtisadiyyatının növbəti on ildəki inkişaf istiqamətlərini, onların bu inkişafda hansı idxal pozisiyalarına ehtiyacı olacağını da öyrənərək iqtisadi siyasətində bu ehtiyaca ünvanlanan istehsalı qura bilr. 

Bizdə beynəlxalq şirkətlərdə idarəetmə təcrübəsi olan xarici peşəkar menecerləri idarəetməyə dəvət etmək təcrübəsi yayılmışdır. Eyni zamanda tanınmış markaları istehsal edən şirkətləri də idarəetməyə dəvət etmək təcrübəsindən də istifadə etmək mümkündür. Tanınmış şirkətlər dedikdə artıq xarici bazarlarda tanınmış sənaye markalarını istehsal edən, tutaq ki, neft-kimya sektorunda hazır məhsullar istehsal edən tanınmış şirkətləri nəzərdə tuturam. Yaratmaq istədiyimiz istehsal müəssisələrini dünyada bu sahədə tanınmış markalar istehsal edən müəssisələrin idarəedilməsinə vermək, onların məhsullarının istehsalını ölkəyə gətirmək ixrac bazarları məsələsində də üstünlük təmin edər.

Hazırda, iri sənayə parkları təşkil edilir. Bu parkların idarə edilməsini bütövlükdə bu sahədə ixtisaslaşmış xarici şirkətlərin idarəedilməsinə verilməsi variantını da gösdən keçirmək olar. Belə olan təqdirdə ölçüləbilən hədəflər qoymaqla belə istehsal və bazara çıxış məsələlərini daha operativ həll etmək mümkündür. 

Vergidən tamamilə azad etmək lazımdır

İxrac yönümlü sənayenin, xüsusilə strateji ixrac məhsullarının istehsalı sənayesinin inkişafı üçün dövlətin investisiya dəstəyinə ehtiyac yaranacaqdır. 

Əsas məsələ, investisiya mühitindən asılı olacaqdır. Yalnız ixrac üçün məhsul istehsal edəcək şirkətlərə ya ixrac, ya da mənfəət vergisindən tam güzəşt tətbiq edilə bilər. Onsuz da bu gün o şirkət burada yoxdur. Tutaq ki, belə bir şirkəti ixrac yönümlü istehsal qurarsa, ixrac vergisini tam, mənfəət vergisini də 5 illik azad etmişik. Hətta bu halda belə müəssisələrin qurulmasının qazancları vardır. Çünki, bu şirkətin daxili bazardan alacağı xammal və yarimfabrikatlar var, işlədəcəyi işçi qüvvəsinin əmək haqqı var, ödəyəcəyi sosial vergilər var, gətirəcəyi valyuta var, əmək haqqı alacaq o işçilərin istehlak üçün xərcləyəcəyi para var, bu paranın yönələcəyi qida, geyim, turizm kimi sahələrin inkişafı və digər müsbət təsirləri var.

Diqqət ərzaq və yüngül sənayeyə yönəldilməlidir

Bizim müəyyən qrup məshullar üzrə idxaldan asılılığımızı əvəz edəcək istehsal qurmaq üçün imkan və resurslarımız vardır. Lakin məncə biz məhz o məhsulların istehsalına konsentrasiya olmalıyıq ki, bu məhsullar digər ölkələrdə istehsal edilən analoji məhsullarla açıq bazarda rəqbətə davam gətirsin. Başqa sözlə desək, bu məhsulların istehsalında müqayisəli üstünlüyümüz olsun. Həm də yalnız süd və süd məhsulları, meyvə-tərəvəz, şirə və mineral sular, balıq və balıq məhsulları bu kimi ənənəvi qida məhsulları deyil, digər qeyri-qida sektorunda da idxalı əvəzləyəcək məhsullar istehsalına və bu mövqelərdə idxalın əvəzlənməsinə nail olmalıyıq. Məsələn, bu gün ölkədə heyvandarlıq və quşçuluq sənayesinin ehtiyacları üçün yem-qida tələbatı əsasən idxal hesabına təmin edilir. Eynilə, mineral və gübrələr, pambıq iplik, gön-dəri, istehlakda böyük payı olan olan trikotaj və qənnadı məhsullarının bazar payının əsas hissəsini idxal məhsulları tutur. Bu gün idxal portfelinin tərkibinə baxdıqda görürük ki, elə məhsullar var ki, onların istehsalı üçün çox uzun zaman lazımdır. Azərbaycanın qısa müddətdə mobil telefonlar, məişət avadanlıqları, reaktiv təyyarələr istehsal edə bilməsi asan məsələ deyildir. Etsə belə idxal olunan məhsullarla rəqabətə tab gətirməz. Amma ərzaq məhsulları, yüngül sənaye (xüsusilə tekstil) məhsullarına tələbatı ödəmək üçün idxalı minimum səviyyəyə gətirmək olar. 

Kəndə təsərrüfatı yenidən qurulacaq

Əhalini işlə təmin edəcək iqtisadiyyat üçün Azərbaycan konteksində kənd təsərrüfatı çox önəmlidir.

İxrac yönümlü iqtisadiyyat ölkənin işləyə bilən əhalisi üçün böyük ölçüdə məşğulluq yarada bilməyəcəkdir. Bizim insan resursumuzun böyük bir hissəsi kənd təsərrüfatı fəaliyyətlərinə hazırdırlar. Ona görə də kənd təsərrüfatı məhsulları istehsalı və emalı, təbii ki, təşviq edilməli və stimullaşdırılmalıdır.

Kənd təsərrüfatının inkişafında iki istiqamətdə strukturlaşma mümkündür. Bunlardan biri fərdi və iri kənd təsərrüfatı məhsulları istehsal edən təsərrüfatların qurulmasıdır. Bu fərdi və iri kapitalı olan şəxslər və müəssisələrin kənd təsərrüfatı sektoruna investisiya edərək və muzdlu əməkdən istifadə edərək həyata keçirilə bilər. Bu proses artıq ölkəmizdə həyata keçirilir və iri fərdi təsərrüfatlar formalaşib. Belə müəssisələrin bir çox üstünlükləri vardır. İlk növbədə onu qeyd etmək istərdim ki, belə  müəssisələrin qurulmasına xarici investisiyaları cəlb etmək daha rahatdır. İkincisi, belə müəssisələrin idarəedilməyə professional menecerləri dəvət etmək imkanları, elmi-tədqiqatların, yeniliklərin tətbiqi imkanları, bazarlara çıxış, logistika imkanları daha çoxdur. Digər təsərrüfat forması torpaq islahatı nəticəsində pay torpaqlarına malik olan ailə kəndli təsərrüfatlarının kooperativlər formasında birləşməsidir. Bu təsərrüfat forması Azərbaycanda yayılmaib. Bu təsərrüfat formasının təşviqi üçün dövlət dəstəyinə xüsusi ehtiyac vardır. Bu dəstək mütləq formada birbaşa dostasiya formasında olmaya bilər. Tutaq ki, dövlət kooperativlərə güzəştli kreditlər təklif edə, məhsulların tədarükündə, logistika məsələlərində dəstək verərək ailə kəndli təsərrüfatlarını kooperasiyaya motivləşdirə bilər.

Yeni iş yerlərinin açılmasının təmin edəcək

Dəfələrlə qeyd edilib ki, kənd təsərrüfatının inkişafı ölkəmiz üçün strateji məsələdir və bir sıra problemlərin həllinə imkan verəcəkdir. Qeyd edildiyi kimi, ixrac məshullarının istehsalına, idxal məhsullarının əvəzlənməsi və daxili bazarı yerli istehsal məhsulları ilə təmin edilməsinə imkan verəcəkdir. Bu prosesdə istehsal olunacaq məhsulların bir hissəsi həm idxalın əvəzlənməsinə xidmət edəcəkdir, həm də ixraca yönələcəkdir. Lakin ən vacib məsələ ondan ibarətdir ki, bu sahənin dəstəklənməsi və inkişafı ilk növbədə əhalinin məşğulluğunda mühüm rol oynayacaqdır. 

Lakin bu məqsədlərə çatmaq üçün atacağımız addımlarda müqayisəli üstünlüklərimizi və zəifliklərimizi unutmamalıyıq. Çünki biz qloballaşan bazarın bir hissəsinə çevrilməkdəyik və istehsal etdiyimiz məhsullar hətta daxili bazarda belə idxal olunan analoji məhsullarla rəqabətə davamlı olmalıdır.

Cəlal Əliyev

Azərbaycan Mikromaliyyə Assosiasiyasının sədr müavini

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275