BİZNES

Hacı İbrahim Nehrəmli: 2 milyard manatlıq sərvətim var
28 SENTYABR
615

Hacı İbrahim Nehrəmli: 2 milyard manatlıq sərvətim var

2016-09-28 17:34:00
Hacı İbrahim Nehrəmli bankrot olması barədə yayılan informasiyaları təkzib edib. O, “Yeni Müsavat”a müsahibəsində sərvətindən, layihələrindən, borclarından, ölkədə baş verən iqtisadi böhrandan danışıb. Fins.az müsahibədən bəzi məqamları sizə çatdırır:

– Bankrot olmamısız?

 (Gülür) Əsla... Mən niyə bankrot olum ki? Bu gün Maliyyə Nazirliyinin hesabatlarına görə, mənim 2 milyard dəyərində əmlakım var. Əslində mən milyarderəm, amma tam rəsmiləşdirməmişik. Azərbaycanda iş adamı olaraq rüşvətsiz, öz ağlımla, zəhmətimlə özümə o sərvəti toplaya bilmişəm. Təkcə Xəzər adalarının 1 milyard 251 milyon 35 min 500 manat dəyəri var.

– Amma Xəzər adalarını sata bilmirsiz də..

 Niyə satıram ki? Xəzər adaları üçün oktyabr ayında investorların hamısı gələcək. 6 investor gələcək, görüşəcəyik, noyabr ayında işə başlayacağıq.

- Hazırda Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin məhkəməsi gedir. Sizin də o banka 400 milyon manat borcunuz vardı...

– Artıq yoxdur. Aqrokredit Banka keçmişəm, ilbəil ödəmələrimi edirəm. Mənim kreditlərim 2019-2020-ci ilə qədərdir. Onları da yavaş-yavaş ödəyəcəm. Yəni mənim heç bir bank ödəməsində gecikməm yoxdur, heç bir banka da ödənməmiş borcum yoxdur.

– Yəni sizi Cahangir Hacıyevin məhkəməsinə şahid, zərərçəkmiş qismində çağırmayacaqlar?

 Xeyr. Mənim cinayət işim olmadı axı. Mənim kreditlərimin vaxtı keçməmişdi. Mənim cəmi 1 milyon 350 min manat vaxtı keçmiş kreditim vardı. Gedib 1 milyon 500 min manat ödədim.

– Cahangir Hacıyevin məhkəməsini izləyə bilirsiz?

İzləyirəm. Bircə onu deyə bilərəm ki, Beynəlxalq Bank hamımızı “vurdu”. Təkcə Beynəlxalq Bankın yox, bütün bank sisteminin bir problemi var: Azərbaycanda bank sistemi öz öhdəliklərini yerinə yetirmir. Azərbaycanlı iş adamlarının bu gün yaşadığı bütün problemlərin başında banklar dayanır. Əlbəttə ki, burda maliyyə naziri də məsuliyyət daşıyır, başqaları da. Çünki onlar nəzarət etməlidirlər ki, banklar öz öhdəliklərini yerinə yetirsinlər. Onlara bunu söyləyən yoxdur. Məsələn, bank gəlib səndən 100 milyonluq obyekti girov götürür. Deyir ki, 80 milyon verməliyəm bunun əvəzində. Amma gətirib 8 milyon verir, sonra da pul vermir. Sən də gəlib deyirsən ki, qardaş, mən beton tökdürmüşəm, işim yarımçıq qalıb, nə edim? Deyir, gəl borcunu ödə. Ödəyə bilmirsən. O da ilin axırında gəlib sənə deyir ki, 2 milyon borcun yaranıb, gəl sənə kredit ayırım. Sonra da yazır ki, Hacı İbrahim 2 milyon ödədi. Bununla da sənin 10 milyon borcun oldu. O biri il yenə 2 milyon ayırır. Belə-belə sənin borcun artan silsilə şəklində gedir. Amma bu, iş adamını bankrot etdirmək, evini yıxmaq deməkdir. Axırda da aparıb onu cinayətkar gününə salır, üstünə maddə qoyurlar ki, sən dələduzluq etmisən, qanunu pozmusan.

– Sizcə, indiki mərhələdə bu problem həll olunubmu?

– Xeyr, Azərbaycanda bank sistemi düzəlməyib, düzəlməyəcək də. İnanmıram ki, hansısa bank gəlib deyə ki, mən öz öhdəliyimi yerinə yetirəcəm. Hələ bizdə o mədəniyyət inkişaf etməyib. Ona görə də banklarımız pis vəziyyətdədir. Onların iş adamına yanaşma tərzi düz deyil. Məmura yanaşma tərzi belədir ki, əgər o, rüşvət alırsa, banditdirsə, oğrudursa, çox ağıllı adamdır. Amma iş adamıdırsa, banditdir, oğrudur, quldurdur. Bu cür baxışla iş adamı ölkədə heç cür inkişaf edə bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274