BİZNES

Pambıqdan gələn pullar necə bölünməılidir? - MƏQALƏ
19 SENTYABR
270

Pambıqdan gələn pullar necə bölünməılidir? - MƏQALƏ

2016-09-19 18:12:00

Pambıqdan qazanclar onu istehsal edən və emal edənlər arasında necə bölünür?

Hazırda kəndlilər tarladan yığdıqları xam pambığın hər tonu üçün emal müəssisələrindən orta hesabla 450 manat vəsait alır - 1-ci növ pambıq üçün təxminən 500 manat, sonuncu növ üçün 400 manat.

Emal müəssisələri fermerlərə verdikləri toxuma, zərərvericilərə qarşı mübarizə ilə bağlı dərmanlara, göstərdikləri texniki xidmətə (çiyid səpini, dərmanlama, pambığın kombaynla yığılması, zavoda daşınması) görə hər ton üçün təxminən 200 manat öz gəlirindən emal müəssisəsinə qaytarır. Nəticə etibarı ilə əgər fermer 1 hektar torpaqdan 3 ton xam pambıq yığırsa, qeyd olunan xərcləri çıxandan sonra 700-750 manat qazanc əldə edə bilir. Lakin torpaq sahibi suvarma və texnikanın tarladan götürə blmədiyi pambığın əllə yığılan hissəsini kənar muzdlu işçilərin yardımından istifadə etdikdə, gəlirlər bir qədər də azalır (təxminnə 500 manata enir).

Bəs emal müəssisəsinin qazancı potensial olaraq nə qədər ola bilər? Beynəlxalq təcrübədə (məsələn, Türkiyə) zavoda qəbul edilmiş xam pambığın ilik emalında hər ton pambıqdan təxminən 40% (400 kq) lif, 45-50% (450-500 kq çiyid) alınır. Hazırkı dünya bazar qiymətləri ilə 400 kq pambıq lifinin ixrac qiyməti 720 USD (hazırkı məzənnə ilə 1170 manat) təşkil edir. Xam pambığın hər tonunun maya dəyəri (450 -500 manat) çıxıldıqdan sonra yerdə qalan təxminən 650-700 manat emalçıya yalnız ixracdan gələn ümumi gəlirdir. Bu məbləğdən pambıqayırma zavodunun xərcləri (işçi qüvvəsi, ödənilən vergilər, emalın təşkili üçün kommunal xərclər, amortizasiya ayırmaları və s.) çıxıldıqdan sonra yerdə qalan məbləğ emalçıların xalis qazancını təşkil edir.

Əgər emal müəssisənin dəyər zəncirini davam edtirmək üçün istehsal infrastrukturu varsa, 1 ton xam pambıqdan gəlirləri lif ixracı ilə məhdudlaşmayacaq. Məsələn, beynəlxalq təcrübədə (məsələn, Türkiyə) çiyidin yağ çıxımı 14-17%-dir. Hər ton xam pambıqdan əldə olunan 450-500 kq çiyiddən də 70-80 kq xam yağ alınır. Əlavə olaraq, 300 kq-a yaxın heyvan yemi yaranır. Hətta emal müəssisəsi özü yağ istehsalı imkanına malik olmasa belə, çiyidi xammal kimi bu sahədə ixtisaslaşmış müəssisəyə sata bilir. Məsələn, Azərbaycanda Şirvan şəhərində belə zavod mövcuddur. Başqa sözlə, emal müəssisəsinin hər ton xam pambıqdan qazancının üzərinə emal məhsullarından (çiyid, yağ və ya heyvan yemi) əldə olunan qazancları da əlavə etmək lazımdır.

Bir maraqlı məqamı da deyim: əgər pambıq lifi toxuculuq sənayesi üçün xammal bazası rolunu oynaya bilsə, ölkənin iqtisadi qazancları əhəmiyyətli dərəcədə artır. Məsələn, Türkiyədə ən son məlumata görə, toxuculuq sənayesi 2 milyard dollar dəyərində pambıq lifini xammal kimi qəbul edir, bunun bazasında təxminən 15 milyard dollar əlavə dəyər yaradır. Bu sektor isə bütövlükdə 2 milyon nəfərə yaxın insan üçün məşğulluq imkanı yaradır.
Yeri gəlmişkən, pambıqçılığın indiki alış qiyməti ilə fermerlər üçün normal gəlir gətirən bir sahə olması üçün hər hektarın məhsuldarlığının 3.5-4 tondan aşağı olmaması lazımdır.

Başqa bir vacib məqam: pambıq emalı sektorunda indiki kimi 2 deyil, daha çox sayda bir-birilə rəqabət aparan şirkətin çalışmaq imkanı olmalıdır.

Müəllif: Rövşən Ağayev, iqtisadçı ekspert

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275